Ermənistanda arxa cəbhə komandirinin müavini və hərbi hissənin ərzaq xidmətinin rəisi həbs edilib
Paylaşmaq
Paylaşmaq
Ermənistanın İstintaq Komitəsi arxa cəbhə komandirinin müavininə və N saylı hərbi hissənin ərzaq xidmətinin rəisinə qarşı tamahkar məqsədlərlə xidməti səlahiyyətlərdən sui-istifadə etmək və dövlətə maddi ziyan vurmaqla bağlı ittiham irəli sürüb.
İbtidai istintaq nəticəsində müəyyən olunub ki, N saylı hərbi hissəyə hesab-fakturalarda göstərildiyindən daha az çörək gətirilib.
Müəyyən olunub ki, N saylı hərbi hissənin komandir müavini podpolkovnik V.Petrosyan çörək tədarükünə cavabdeh olan QSC əməkdaşları ilə əlbir olub. Aralarındakı razılaşmaya görə, sənədlərdə tədarük olunan çörəyin sayı şəxsi heyət üçün lazım olandan daha çox göstərilib. Hər əlavə partiya üçün əlavə məbləq nəzərdə tutulub.
Vəzifə öhdəliyində çörək tədarükü üzrə aparılan uçot-hesabata nəzarət və təşkil etmə olan V.Petrosyan eyni zamanda elə həmin hissənin ərzaq xidmətinin rəisi E.Aleksanyana QSC-yə çörək tədarükünün saxta miqdarı daxil edilmiş fakturanı göndərməyi tapşırıb.
Beləliklə, yuxarıdakı rəhbərliyə zəruri miqdarı aşan çörək tədarükü haqda sənədlər təqdim olunub ki, nəticədə dövlətə maddi ziyan dəyib. V.Petrosyan və E.Aleksanyan həbs olunub.
Çörək tədarük edən şirkətin əməkdaşına xüsusilə böyük ölçülü fırıldaqla bağlı ittiham irəli sürülüb. Onun barəsində ölkədən kənara çıxmamaq imkan tədbiri seçilib.