Ermənistana qeyri-qanuni olaraq Azərbaycan alması gətirilib. Cinayət işi qaldırılıb
Ermənistan bazarında aşkarlanan Azərbaycan alması qeyri-qanuni yolla idxal edilib və bununla bağlı cinayət işi qaldırılıb. Bu haqda Ermənistanın Dövlət Gəlirləri Komitəsindən xəbər verilib. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Yerevan mağazalarında satışa çıxarılan Azərbaycan aksizli yaşıl almalar ətrafında qızğın müzakirələr gedirdi.
Azərbaycana aid karton qutuların fotoları da dərc olunmuşdu, fotolardan aydın oxumaq olurdu ki, almalar Xəzəryanı bağlarda yetişdirilib və ekoloji təmiz məhsuldur. Amma sakinlər bundan narahat olub, Azərbaycan almalarının zəhərlənmiş ola biləcəyi haqda fikirlər səslənib. Mütəxəssislər əvvəlcə məhsulu qanunsuz olaraq Ermənistana kimin gətirdiyini aydınlaşdırmağı təklif ediblər.
Ermənistanın Qida Məhsullarının Təhlükəsizliyi Dövlət Komitəsi nəhayət, bazarda araşdırma aparıb və satışda Azərbaycan almalarının olduğunu təsdiqləyib. Eyni zamanda xidmət Azərbaycan almalarını idxal edənin məlum olmadığını bildirib və vətəndaşları bu məhsulu almamağa çağırıb. Dövlət Gəlirləri Komitəsi öz növbəsində aşkara çıxarıb ki, bu almaları Ermənistana qeyri-leqal bizneslə məşğul olan şəxslər idxal edib, onlar dəfələrlə ticarət məqsədilə Ermənistan-Gürcüstan sərhədini qanunsuz olaraq keçib. Bundan başqa onlar almanı respublikaya gətirmək üçün Baqrataşen Gömrüyünün bəzi əməkdaşlarını rüşvətlə ələ alıblar.
Məsələnin ətraflı araşdırılması üçün iş Ermənistanın Baş Prokurorluğuna göndərilib.