Ermənistan və Azərbaycan nəyi müzakirə ediblər: Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənədlər dərc olunub
Qarabağ münaqişəsinə dair sənədlər
Ermənistan hökuməti illərlə davam edən danışıqlar prosesində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə olunan sənədləri dərc edib. Hökumətin saytında ABŞ, Fransa və Rusiya rəhbərliyi altında aparılan sülh danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk qrupunun müxtəlif illərə aid təklifləri ilə tanış olmaq mümkündür. Dərc olunan sənədlər arasında Rusiya təkliflər paketi, Kazan sənədi, Madrid prinsipləri adlandırılan sənədlər, həmçinin BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələri yer alır.
Yayımlanan sənədlər arasında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın 2016-cı ilin aprel döyüşlərindən bir neçə ay sonra, avqustun 5-də Rusiya prezidenti Vladimir Putinə yazdığı məktub da var.
Hökumətin saytında bu sənədlər 2020-ci ilin 44 günlük müharibəsinədək danışıqlar prosesinin məzmunu barədə “təsəvvür yaradan” “əsas” materiallar kimi xarakterizə olunur.
Münaqişə tarixini araşdırmış və onun tənzimlənməsi ilə bağlı təkliflərlə tanış olan erməni ekspertlər bildirirlər ki, bu sənədlərin böyük hissəsi illər əvvəl dərc olunub. Buna görə də onların indi “məxfilikdən çıxarıldığı” ifadəsini düzgün hesab etmirlər.
Bəzi analitiklər iddia edirlər ki, təqdim olunan sənədlər paketi əsasında danışıqlar prosesinin “etibarlı mənzərəsini” yaratmaq mümkün deyil, çünki paket tam deyil.
“Əgər məqsəd təkliflərin tam mənzərəsini formalaşdırmaq idisə, onda bütün sənədlər dərc olunmalı idi, seçmə şəkildə yox. Əgər məqsəd hər şeydə “keçmiş hakimiyyəti” günahkar göstərməkdirsə, bunun qısamüddətli effekti olacaq”, — deyə Qarabağ münaqişəsi üzrə ekspert, jurnalist Tatul Akopyan hesab edir.
JAMnews həm Ermənistan hökumətinin mövqeyi, həm də yerli analitiklərin şərhləri ilə tanış olmağı təklif edir.
Bütün yayımlanan sənədlərlə burada tanış olmaq mümkündür.
- “Dəmir pərdəni dağıtmaq cəhdi”: erməni ekspertlər Bakıya səfər haqqında
- ABŞ səfirliyinin əməkdaşları Bakıda ermənilərlə bağlı məhkəmə proseslərini izləyirlər
- Paşinyanın paylaşımı Qarabağ müharibəsinin ikinci ildönümündə cəmiyyəti hiddətləndirib
Hökumət: “Danışıqlar heç vaxt Qarabağın müstəqilliyi və ya onun Ermənistanla birləşdirilməsi barədə aparılmayıb”
Hökumətin saytında “Qarabağ üzrə danışıqlar paketi nəyi üzə çıxarır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi göstərilməyib. Lakin nəticə kimi baş nazir Nikol Paşinyanın dəfələrlə səsləndirdiyi fikirlər təqdim olunur.
- “Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar heç vaxt Qarabağın müstəqilliyi və ya Ermənistanla birləşdirilməsi barədə aparılmayıb.
- Danışıqların əsas mövzusu Qarabağa bitişik yeddi rayonun paket və ya mərhələli şəkildə Azərbaycana qaytarılması olub.
- Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqların mövzusu olmalı idi.
- Beynəlxalq ictimaiyyətin təsəvvüründə Dağlıq Qarabağ üçün özünüidarə hüququ Azərbaycanın tərkibində “özünüidarəetmə” demək idi.
- Ara status 1990-cı illərdən mövcud olan de-fakto statusun və idarəçiliyin ləğvini, yeni erməni-azərbaycanlı idarəçiliyinin yaradılmasını nəzərdə tuturdu.
- Gələcək referendum ideyasının müzakirəsi 1991-ci il 10 dekabrda Dağlıq Qarabağda keçirilmiş müstəqillik referendumunun legitimliyinin aradan qaldırılması demək idi.
- Bu danışıqlar prosesi nəticəsində Dağlıq Qarabağ münaqişəsi mahiyyət etibarilə 1991-ci ildə olduğu sıfır nöqtəsinə qayıdıb”, — deyə məqalədə bildirilir.
Məqalədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Putinə yazdığı məktubun aşağıdakıları göstərdiyi vurğulanır:
- “Sarkisyanın qiymətləndirməsinə görə, hərbi və ya döyüş əməliyyatlarının bərpa olunması ehtimalı yüksək idi,
- Ermənistan və Azərbaycan arasında silah balansı pozulmuşdu”.
Məqalənin müəllifi həmçinin 2018-ci il inqilabından sonra, Paşinyan və komandasının hakimiyyətə gəlişindən sonra fəal şəkildə yayılan iddiaları da şərh edir:
“Serj Sarkisyanın bütün komandası dərhal Nikol Paşinyanı “torpaqları təhvil verməyə gəlməkdə” ittiham etməyə başladı. Sənədlərin və Serj Sarkisyanın Vladimir Putinə ünvanladığı məktubun dərc edilməsi bu suala cavab verir. Serj Sarkisyan yaxşı bilirdi ki, müharibə qaçılmazdır və onun nəticəsi kifayət qədər proqnozlaşdırılandır. Bu bəyanatlar isə ona sonra öz siyasi qayıdışı üçün lazım idi”.
Şərhlər
“Ermənistan ciddi güzəştlərə getməli idi, qarşılığında isə yalnız qeyri-müəyyən ümidlər alırdı”
Politoloq Lilit Dallakyanın fikrincə, dərc olunan sənədlərdə ən əsas və mühüm məsələ Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi üçün müəyyənləşdirilən müddətlər və çərçivələrdir:
“Əslində, əvvəlki bütün təkliflərdə yer alan bir müddəa 2016 və 2019-cu illərə aid təkliflərdə yoxdur. Söhbət həmin referendumda kimin iştirak edə biləcəyindən gedir, yəni 1988-ci ilədək Dağlıq Qarabağda yaşamış əhalidən. Bundan əlavə, Azərbaycan referendumu dövri olaraq təxirə sala bilərdi. Məsələ həll olunmamış qalardı ki, bu da Rusiya üçün əlverişli idi. Təəccüblü deyil ki, bunun əsasında Lavrovun təklifləri dayanırdı.
Beləliklə, Ermənistan gələcəkdə referendum ümidi və ya təxirə salınmış müharibə qarşılığında ciddi güzəştlərə getməli idi. Faktiki olaraq, Sarkisyan və Artsax rəhbərliyi hələ 2016-cı ildə Paşinyana qəbul etməyi məsləhət gördüyü təklifləri rədd etmişdi”, — deyə o, Facebook səhifəsində yazıb.
“Serj Sarkisyan Putinə hər şeyi güzəştə getməyə hazır idi”
Politoloq Robert Gevondyanı isə ən çox Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Putinə ünvanladığı məktub hiddətləndirib. O, bu məktubu “yalvarış” kimi xarakterizə edir.
“2016-cı ilin payızında Serj Sarkisyan artıq Ermənistanı və Ermənistan ordusunu hansı fəlakətli vəziyyətə gətirdiyini tam anlayırdı. Başa düşürdü ki, onun və komandasının idarəçilik səriştəsizliyi bu vəziyyətdən çıxış yolu tapmağa imkan verməyəcək. Buna görə də “regionun hakimi”ndən Əliyevin iştahını azaltmağı xahiş etmək qalırdı. Bunun isə müqabilində isə Putinə hər şeyi güzəştə getmək mümkün idi: ləyaqətdən tutmuş (bu məktubdan sonra onu sıfra bərabər hesab etmək olar), dövlətin enerji, iqtisadiyyat və hərbi sistemlərinə qədər”, — deyə analitik yazır.
“Ki-Uest təklifi XİN-də saxlanılmayıb?”
Qarabağ münaqişəsi üzrə ekspert Tatul Akopyan iddia edir ki, hökumət bütün sənədləri təqdim etməyib.
Akopyan sual qaldırır ki, hökumət niyə tərəflərə “rəsmi şəkildə təqdim edilmiş” Ki-Uest təklifini dərc etməyib:
“Bunun əvəzinə [Meğri ilə Dağlıq Qarabağın] ərazilərin mübadiləsi versiyasını dərc ediblər ki, bu da heç vaxt rəsmi sənədə çevrilməyib”.
Analitik Ki-Uest təklifinin mövcud olduğunu bildirir. Üstəlik, deyir ki, o və britaniyalı ekspert Tomas de Vaal 2005-ci ildə sənədin ingilis dilində versiyası ilə XİN-də tanış olublar.
“Hökumət niyə Ki-Uesti dərc etmədi? Bu sənədin Ermənistan XİN-də qorunub saxlanılmaması mümkündürmü? İstisna etmirəm. Bəs elə bir hal mümkündürmü ki, hökumətin sərəncamında bu təklif var, lakin dərc olunmayıb? Bu da mümkündür”.
Material dərc olunan vaxta qədər baş nazir Nikol Paşinyan məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, “hökumətin sərəncamında Ki-Uest paketi yoxdur”.
“Danışıqlar irsi rədd edildi”
Politoloq Suren Surenyants dərc olunan sənədlər paketini “yarımçıq və natamam” adlandırıb. Onun sözlərinə görə, danışıqlar prosesinin əsas elementləri sənədlərdə yoxdur. O, xüsusilə 1994-cü il atəşkəs haqqında üçtərəfli sənədi, 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatını, Ki-Uest təklifini, Praqa prosesi üzrə protokolları qeyd edir.
“2019-cu il tənzimləmə layihəsi dərc olunsa da, Ermənistan tərəfinin rəsmi cavabı yoxdur. Halbuki bu, Ermənistanın mövqeyini və danışıqlar niyyətini əks etdirən əsas sənəddir”, – deyə Surenyants bildirib.
Onun fikrincə, bu boşluq təqdim olunan sənədin siyasi dəyərini düzgün qiymətləndirməyə imkan vermir.
Lakin onun qiymətləndirməsinə görə, hətta sənədlərin natamam dərc olunması belə Paşinyanın hakimiyyəti dövründə
- “danışıqlar irsinin rədd edildiyini,
- vasitəçilik təkliflərinin uğursuzluğa düçar edildiyini və ya görməməzlikdən gəlindiyini,
- danışıqlar prosesini heçə endirməyə cəhd göstərildiyini,
- Artsaxın subyektliyinin faktiki olaraq danışıqlar meydanından sıxışdırıldığını” göstərir.
“Bütün bu addımlar beynəlxalq çəkindirmə mexanizmlərini zəiflətdi və genişmiqyaslı müharibə üçün zəmin yaratdı”, — deyə politoloq bildirir.
Nəticədə, Surenyants belə qənaətə gəlir ki, 2020-ci il Qarabağ müharibəsinin ilkin şərtlərini danışıqlar prosesinin məntiqi deyil, “onun ardıcıl şəkildə pozulması və dövlət düşüncəsindən məhrum avantürist siyasət” formalaşdırıb.
“Müharibənin siyasi məsuliyyəti və onun nəticələri tam şəkildə Nikol Paşinyan və hazırkı hakimiyyətin üzərindədir”, — deyə o yekunlaşdırır.
Qarabağ münaqişəsinə dair sənədlər