Ermənistan qaçqınlar üçün təhlükəsiz ərazi hesab olunur
ABŞ Konqresinin Ermənistan-Amerika dostluq qrupu və Amerikanın “Ay Data” komissiyası Ermənistana qaçqınlar üçün təhlükəsiz ərazi statusu verilməsi təşəbbüsü ilə çıxış edib.
Vaşinqton “Ay Data” Komissiyasının icraçı direktoru Aram Ambaryan əmindir ki, Ermənistan qaçqınlar üçün təhlükəsiz ərazi xüsusi statusunun standartlarına tam uyğundur.
“Ermənistan genosid yaşayıb, erməni xalqı öz tarixi boyunca dəfələrlə kütləvi deportasiyaya məruz qalıb. Bu gün isə Ermənistan Yaxın Şərq ölkələrindən gələn qaçqınlara qapılarını açıb”, – “Amerikanın Səsi”nə müsahibəsində Ambaryan bildirib.
Bu ideya Amerika konqresmenləri ilə müzakirə olunub, onlar hesab edirlər ki, ölkənin maliyyə və iqtisadi çətinliklərini nəzərə alaraq maliyyə yardımı etmək vacibdir.
Konqresmenlər Təxsisat Komitəsini qaçqınlara yardım məqsədilə Ermənistan hökumətinə 40 milyon dollar ayırmağa çağırırlar.
Ermənistan qaçqınların təhlükəsizliyini təmin etməklə yanaşı onların cəmiyyətə və ölkənin iqtisadi həyatına inteqrasiyası üzrə real proqramlar hazırladığı üçün bəyənilib.
Suriya müharibəsi başlanandan Ermənistana 20 minə yaxın suriyalı erməni gəlib. Qafqaz İnstitutunun elmi işçisi, politoloq Qrant Mikaelyanın sözlərinə görə, Ermənistana sığınmış qaçqınların demək olar ki, yarısı sosial-iqtisadi problemlər üçündə artıq ölkəni tərk edib.
Onun fikrincə, onların adaptasiyası üçün Ermənistanın vəsaiti çatışmır. Təhlükəsiz ölkə statusunun verilməsi və qaçqınlara dəstək məqsədilə vəsaitin ayrılması situasiyanı dəyişə bilər. “40 milyon dolların ayrılması onların adaptasiyasına böyük kömək göstərə bilər, ən azından yaşayış yeri probleminin həllində. Əlbəttə ki, vəsaitin sərfiyyatının səmərəlilik dərəcəsi vacibdir”.