Ermənistan Parlamenti yanvarın 21-də “dinləmə haqda qanun” qəbul edib. İndi vətəndaşların danışıqlarını təkcə Milli Təhlükəsizlik Xidməti deyil, polis də dinləyə biləcək. Mahiyyət ondan ibarətdir ki, indi polis əməliyyat-axtarış işlərinin görülməsi üçün texniki dəstək almaqdan ötrü MTX-ə müraciət etməyərək, zaman qənaət edə biləcək.
Üstəlik, qanunu qəbul edən deputatlar hökumətin rəyini nəzərə almayıblar. Bundan bir gün əvvəl ədliyyə nazirinin müavini Srbui Qalyan hökumət adından parlamenti “dinləmə” layihəsinin əleyhinə səs verməyə çağırıb, baxmayaraq ki, qanun layihəsi elə “özününkülər”, yəni “Mənim addımım” iqtidar fraksiyasının üzvləri tərəfindən hazırlanıb. Nazir müavini izah edib ki, qanunun qəbul edilməsi polis üçün texniki avadanlıqların alınmasına böyük məbləğdə əlavə xərclər nəzərdə tutur.
Bundan əlavə, hökumətdə özəl bir şirkətə “dinləmə” hüququ verilməsi ilə bağlı ideya da vardı. Və onlar əmin etməyə çalışırdılar ki, bu şirkətin fəaliyyəti sərt nəzarət altında olacaq. Ancaq parlament bu hüququ polisə verməyi üstün tutub.