Ermənistan parlamentinin yeni spikeri və onun müavinləri bəlli olub
Aprelin 2-də baş tutan parlament seçkilərindən sonra yeni parlament rəhbərliyi formalaşdırılır: Ermənistan Respublikaçılar Partiyası artıq Milli Məclisin spikeri vəzifəsinə Ara Babloyanın namizədliyini irəli sürmək qərarına gəlib. Bu haqda Ermənistan KİV-nə iqtidar partiyasının spikeri Eduard Şarmazanov məlumat verib.
Spiker postuna A.Babloyanın namizədliyi bu gün 6-cı çağırış yeni parlamentin ilk iclasında təsdiqlənib. Respublikaçılar Partiyası Milli Məclisdə çoxluğu təmsil etdiyi üçün onun bu vəzifəyə seçiləcəyinə heç bir şübhə yoxdur.
Üç vitse-spikerdən ikisi ERP təmsilçisi olacaq: keçmiş ədliyyə naziri Arpine Ovannisyan və partiyanın mətbuat katibi Eduard Şarmazanov. Üçüncü vitse-spiker isə Konstitusiyaya uyğu olaraq müxalifət nümayəndəsi olmalıdır. Spiker müavinliyinə namizəd irəli sürmək haqqını parlamentin ikinci ən böyük fraksiyası olan “Tsarukyan” partiyalar bloku qazanıb. Blok bu vəzifəyə iqtisadçı Mikael Melkumyanın namizədliyini təklif edib.
Qanunla müəyyən edilmiş qaydaya əsasən, Milli Məclisin ilk iclasından sonra hökumət də istefaya gedəcək.
Prezident Serj Sarqsyan bildirib ki, baş nazir postuna yenə də Karen Karapetyanın namizədliyini təklif edəcək, sonuncu da kabinetə rəhbərliyə davam edəcəyini artıq təsdiqləyib.
Yeni Konstitusiyaya əsasən, 2018-ci ildə hazırkı prezidentin səlahiyyət müddəti bitəndə hökumət yenidən istefa verəcək və yeni Konstitusiyanın müddəalarına uyğun olaraq yeni hökumət formalaşdırılacaq. İndi isə hələ də köhnə konstitusiyaya əsasən prezident parlament çoxluğunun razılığı ilə baş naziri, baş nazir isə nazirləri təyin edəcək. İyirmi gün ərzində yeni hökumət öz proqramını təqdim edəcək.