Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılıb – yeni davranış qaydaları ilə, amma məhdudiyyətlər tətbiq edilmədən
Ermənistan hökuməti mayın 14-də fövqəladə vəziyyət rejimini bir ay – iyunun 13-ə qədər uzatmaq qərarına gəlib.
Bu, koronavirusa yoluxanların sayının artmaqda davam etməsi, sutka ərzində 100-dən çox yeni yoluxma halının qeyd olunması ilə əlaqədardır.
Ermənistanda ilkin olaraq fövqəladə vəziyyət martın 16-da bir aylıq elan edilib. Aprelin 14-dən hökumət məhdudiyyətlər rejimini daha bir ay uzatmaq qərarına gəlib.
Amma hələ müddət başa çatana qədər mayın 4-də insanların azad hərəkətinə icazə verilib, müəssisələrin böyük hissəsi işə düşüb.
Bundan sonra ölkədə yoluxma hallarının sayı kəskin artmağa başlayıb.
Bununla yanaşı, fövqəladə vəziyyət rejimi indi də məhdudiyyətlərin tətbiqini nəzərdə tutmur. Üstəlik, əvvəlki qadağalar da aradan qaldırılır. Amma komendantlıq yeni davranış qaydaları tətbiq edir, onların pozulmasına görə böyük cərimələr nəzərdə tutulub.
Bütün təfərrüatlar – daha hansı sahələrdə fəaliyyət bərpa olunur, nəyə görə cərimə tətbiq edilir və sərhədlər nə zaman açılacaq?
Mayın 15-də Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 184 yoluxma halı qeydə alınıb. Bu, yoluxanların sayı ilə bağlı yeni anti-rekorddur. Ölkədə ümumilikdə yoluxanların sayı 4044 nəfərdir. Onlardan 1666 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb. 52 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ümumilikdə 37476 test həyata keçirilib.
- Siyasətçilər koronavirus haqda. Niyə Ermənistan yoluxanların sayına görə region liderinə çevrilib?
- “Qızdırmam 37,5-dir. Nə edim?” Moskvada koronavirusdan müalicə olunmaq üçün pul və əlaqə lazımdır. Şəxsi hekayə
İndi nəyə icazə veriləcək?
Baş nazir Nikol Paşinyan vurğulayıb ki, hökumət yeni məhdudiyyətlər tətbiq etməyəcək, amma “insanları təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyinə inandırmağa çalışacaq”.
Komendantlıq artıq bütün dəyişikliklərin, daha doğrusu, fövqəladə vəziyyət dövründə aradan qaldırılan növbəti məhdudiyyətlərin siyahısını təqdim edib.
- Mayın 18-dən ictimai nəqliyyatın, o cümlədən də metronun hərəkəti bərpa olunub. Onların dezinfeksiyası üçün xüsusi qaydalar tətbiq edilib. Sərnişinlər isə nəqliyyatda mütləq maska və əlcək taxaraq gedib-gələ biləcəklər.
- Ticarət mərkəzləri açılacaq.
- Bütün ictimai iaşə obyektləri işə başlaya bilər. Əvvəllər yalnız müştərilərə açıq havada xidmət göstərə bilən kafe və restoranlar işləyə bilirdi.
- İdman zallarının fəaliyyətinə icazə verilib. Əvvəllər bu obyektlər yalnız peşəkar idmançılar üçün açıq idi.
- Açıq səma altında yerləşən tarix və mədəniyyət nümunələrini ziyarət etmək mümkün olacaq.
- Uşaq bağçaları işə düşəcək.
Bağçalar açılsa da, məktəblər və universitetlər hələ də tədrisə başlamayacaq. Komendant bunu belə izah edib: “Sadəcə işləyən valideynlər üçün balaca uşaqlarının baxımını təmin etmək problemdir”.
Bütün fəaliyyət sahələri üçün xüsusi təhlükəsizlik qaydaları müəyyən edilib.
Yeni davranış qaydaları
Mayın 18-dən bütün Ermənistan sakinləri qapalı məkanlarda müdafiəsi maskası taxmağa borcludur. Mayın 25-dən isə hər yanda, hətta küçədə də maskada gəzməyə məcbur olacaqlar.
Bu qaydaların pozulmasına görə minimum həcmi 100 min dram (200 dollar) olan cərimələr nəzərdə tutulub.
“Hesab edirəm ki, bu məsələdə mümkün qədər ciddi olmaq lazımdır”, – baş nazirin müavini və fövqəladə vəziyyət komendantı bildirib.
Tiqran Avinyanın sözlərinə görə, vətəndaşlar özlərinin tikdikləri maskalardan istifadə edə, hətta şərflə də örtünə bilərlər.
Yeni qaydalara əsasən, “ictimai tədbirlərdə” yalnız 5 nəfərə qədər insan iştirak edə biləcək. Amma “ictimai tədbirlərə” nələrin aid edildiyini komendantlıq hələlik aydınlaşdırmayıb.
Aviareyslər bərpa olunacaq
Mayın 15-də Rusiyadan Ermənistana mütəmadi reyslər bərpa olunacaq.
“Mayın 15-dən Rusiyada Ermənistana iki gündən bir mütəmadi aviareyslər işə düşəcək və bu da vətəndaşlarımıza evə qayıtmağa imkan verəcək. Bütün qayıdanlar ciddi özünütəcrid rejiminə əməl etməli olacaqıar”, – komendant bildirib.
Ermənistandan Avropa ölkələrinə uçuşlar da bərpa olunacaq. WizzAir loukosteri uçuşları iyunun ortasından bərpa etmək niyyətindədir.
Amma quru sərhədlərinin nə zaman açılacağına dair qərar hələlik yoxdur.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentində istifadəçilər komendantlığın tətbiq etdiyi yeni qaydaları fəal şəkildə müzakirə edirlər.
Bəzi şərhlər:
“Nəzarəti gücləndirmək lazımdır! Hər yanda yazılıb ki, maskasız və əlcəksiz giriş qadağandır, amma işçilərin özləri də bu qaydalara riayət etmirlər, gələnlərə nə deyəsən?! Heç yanda heç kim heç nəyə nəzarət eləmir!”
“Mən təklif edirəm ki, ictimai nəqliyyatda poliklinikalarda olduğu kimi sərnişinlərin temperaturunu ölçən bir nəfər olsun. Temperaturu normadan yüksək olanlara ictimai nəqliyyatdan istifadə qadağan edilməlidir”.
“Hansı maskalar: nə sosial məsafə? İctimai nəqliyyatda adətən durmağa yer olmur, nəfəs almaq da mümkün deyil! Necə təsəvvür edirsiz, insanlar hələ maska da taxsınlar?”
“Uzun müddət maska taxmaq qanda oksigen çatışmazlığına səbəb olur və bu, sağlamlıq üçün hədsiz təhlükə yaradır!”