Ermənistan İsrailin Aeronautics Defence System şirkətinin pilotsuz təyyarələrinin Ermənistan mövqeləri istiqamətində sınaqdan keçirildiyinin fərqindədir
Ermənistanda İsrailin pilotsuz təyyarələrinin Ermənistan mövqeləri istiqamətində sınaqdan keçirildiyi haqda xəbərləri diqqətlə izləyirlər, bu haqda məlumatı az əvvəl İsrail mətbuatı yaymışdı. Ermənistanın XİN mətbuat katibi Tiqran Balayan deyib ki, qurum hadisələrin inkişafını izləyir. Təqribən bir ay əvvəl bu şirkətin əməkdaşları Orbiter 1K pilotsuz təyyarələrinin çatdırılması ilə bağlı müqaviləni imzalamaq üçün Azərbaycanda olublar və alıcı onlardan sifarişi təhvil almazdan əvvəl sınaq məqsədilə partlayıcı ilə təchiz edilmiş qurğuları Ermənistan mövqelərinin hərbi hədəfləri istiqamətində hərəkətə gətirməyi xahiş ediblər.
Aeronautics Defense Systems şirkətindən bildiriblər ki, sınağı alan tərəf həyata keçirib.
“Aeronautics öz məhsulunu təxminən 50 müxtəlif ölkəyə satır və yalnız Müdafiə İxracına Nəzarət üzrə Agentliyin təsdiqləməsi ilə. Qurğunu alıcı özü sınaqdan keçirib, həm də öz şəxsi məsuliyyəti əsasında. Aeronautics heç vaxt canlı hədəflər üzrə nümayiş həyata keçirməyib, bu dəfə də hər şey belə olub”, – mətbuat şirkətin yaydığı bəyanatdan sitat gətirir.
İsrail mətbuatı insident haqda növbəti təfərrüatları da xəbər verir: şirkətin mütəxəssisləri hətta öz ünvanlarına aldıqları təhdiddən sonra da qurğunu işə salmaqdan imtina ediblər, çünki bu, qurbanlarla nəticələnə bilərdi. Amma şirkətin iki yüksək vəzifəli nümayəndəsi öz istehsalları olan qurğuları işə salmağa cəhd göstərib. Ola bilər ki, yalnız təcrübə yetməzliyindən onlların işə saldıqları pilotsuz təyyarələr hədəfə gedib çatmayıb və Ermənistan tərəfi heç bir itkiyə məruz qalmayıb. Qurğulardan biri Ermənistan mövqelərinin yüz metrliyinə zərbə endirib.
İsrail mətbuatı yazır ki, bu iki əməkdaşdan biri artıq şirkətdəki vəzifəsindən istefa verib, digəri də işdən getmək niyyətindədir.
İsrail Müdafiə Nazirliyi silah ixracı ilə məsələni şərh etməkdən imtina edir, buna görə də bu insidentə də aydınlıq gətirilməyib.