Ermənistanda artıq evdən çıxmaq və hətta kafedə oturmaq olar – fövqəladə vəziyyət məhdudiyyətlərinin böyük hissəsi ləğv edilib
Komendantlığın qərarı ilə mayın 4-dən Ermənistanda insanların azad hərəkət qoyulan məhdudiyyət aradan qaldırılıb, biznes sahələrinin böyük hissəsinin işinə icazə verilib.
Bununla əlaqədar olaraq, ölkənin bütün sakinlərini sanitar normalara, insanların yoluxmasının və başqalarını yoluxdurmalarının qarşısını alacaq qaydalara əməl etməyə çağırıblar.
Baş nazirin müavini və fövqəladə vəziyyət komendantı Tiqran Avinyan Facebook səhifəsində yazıb ki, indi işə getmək, hətta kafedə oturmaq da olar, amma vəziyyət pisləşərsə, yenidən sərt məhdudiyyətlər tətəbiq ediləcək.
Ermənistanda martın 16-dan fövqəladə vəziyyət elan olunub və mayın 16-a qədər davam edəcək. Yəni məhdudiyyətlərin böyük hissəsi karantinin sonunda bitəcək.
Bununla yanaşı, ölkədə koronavirusa yoluxanların sayı artır. Artıq bir neçə gündür ki, Ermənistanda sutka ərzində yüzdən çox yeni yoluxma halı qeydə alınır.
Səhiyyə Nazirliyinin 4 may səhər saatlarına olan məlumatına əsasən, yoluxanların sayı 121 nəfər artaraq 2507 nəfərə çatıb. Hazırda ümumilikdə 1071 nəfər sağalıb, 1393 nəfərin müalicəsi davam edir. Daha dörd xəstənin həyatını xilas etmək mümkün olmayıb. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 39 nəfərə çatıb. Başqa xroniki xəstəlikləri də olan daha 4 xəstə ölüb.
Artıq nələrə icazə verilir, nələr qadağa altında qalır?
Azad hərəkətə tətbiq olunan məhdudiyyət aradan qaldırılır. Bu o deməkdir ki, artıq vətəndaşlar evdən çıxarkən “hərəkət anketi” doldurmaqdan azad ediliblər. Həmin anketdə insanlar haradan gəldiklərini, hara getdiklərini, küçəyə nə zaman çıxdıqlarını və nə zaman geri qayıdacaqlarını qeyd edirdilər.
Biznesin fəaliyyətinə gəlincə, mayın 4-dən pərakəndə və topdan satış qadağası ləğv edilib. Əgər əvvəl yalnız ərzaq mağazaları işləyirdisə, indi böyük ticarət mərkəzləri və univermaqlardan başqa bütün mağazalar açıla bilər.
Emal sənayesinə, tekstil, mebel, ayaqqabı istehsalına aid bütün müəssisələr fəaliyyətini bərpa edir.
Kafe və restoranların açıq məkanları işləməyə başlayır. Amma hələlik qapalı məkanlarda müştərilərə xidmət göstərmək qadağandır.
İdman zalları da açılır, amma hələlik yalnız peşəkar idmançılar üçün.
Kimyəvi təmizləmə xidməti, gözəllik salonları, bərbərxanalar və avtomobil yuyulması məntəqələri işləməyə başlayıb.
İnformasiya və rabitə sahəsinə aid bütün işlərə icazə verilib.
Hələlik ictimai nəqliyyat işləməyəcək. Bu qadağa qüvvəsində qalacaq, çünki epidemioloqların fikrincə, “virusun yayılması ilə bağlı müəyyən risklər var”.
Mayın 4-dən ölkə sakinlərinin böyük hissəsinin işə qayıdacağını nəzərə alsaq, nəqliyyatın olmaması ciddi problem yarada bilər. Faktiki olaraq, insanlar işə ya şəxsi avtomobilləri ilə, maşını olmayanlar isə taksi ilə gedib-gəlməli olacaqlar.
Fəaliyyətini bərpa edən bütün müəssisələr komendantlığın hazırladığı təşkilati normalara mütləq əməl etməlidir. Bu normaların pozulması halında onlara qarşı sərt sanksiyalar tətbiq olunacaq.
Komendantın sözlərinə görə, qaydalara əməl olunmasına nəzarət də gücləndiriləcək:
“Məhdudiyyətlərin yumşaldılması o demək deyil ki, pandemiya təhlükəsi keçib. Bu, yeni həmmövcudluq qaydalarına adaptasiya olmaq cəhdidir. Buna görə də hazırkı mərhələdə hər birimizin fərdi, sosial və korporativ məsuliyyəti çox önəmlidir. Bu, bizim nə dərəcədə intizamlı və şüurlu olduğumuğu yoxlamaq üçün unikal testdir”.
Tiqran Avinyan vurğulayıb ki, vəziyyətin pisləşməsi halında ən sərt məhdudiyyətlər rejiminə geri qayıtmaq haqda qərar qəbul ediləcək.
Hökumət COVID-19 virusu ilə desentralizasiyalı mübarizəyə keçir
Mayın 3-də Ermənistanın baş naziri Nikol Paşinyan, səhiyyə naziri Arsen Torosyan və baş nazirin müavini, fövqəladə vəziyyət komendantı Tiqran Avinyan “qalstuksuz görüş” zamanı koronavirusun yayılması ilə mübarizə məsələsini və bundan sonra atılacaq addımları müzakirə ediblər .
Canlı efirdə yayılan bu söhbətin gedişatında baş nazirin əsas bəyanatı səslənib:
“Biz COVID-19 ilə desentralizasiyalı mübarizəyə başlayırıq”.
Onun sözlərinə görə, komendantlıq öz işini davam etdirəcək, amma indi bütün məsuliyyət ölkə vətəndaşlarının öz üzərində olacaq.
“Qədəm qoyduğumuz yeni mərhələ vətəndaşların və bizneslərin məsuliyyəti ilə şərtlənib. Bizim həmçinin cəza tədbirlərimiz də var və məsuliyyətsizlik nümayiş etdirilən zaman tətbiq olunacaq”, – komendant bəyan edib.
Səhiyyə naziri isə son günlərdə koronavirusa yoluxma hallarının artması məsələsinə toxunub. Onun sözlərinə görə, bu, insanların mobilliyinin artması və konkret ocaqlar üzrə infeksiyanın yayılması ilə bağlıdır. Bununla yanaşı ağır halların da sayı artıb.
“Bugünə olan məlumata görə, 65 koronaviruslu xəstə ağır vəziyyətdə, 35 nəfər isə hədsiz ağır vəziyyətdədir, onlardan 9 nəfəri ağciyərlərin cüni ventilyasiyası aparatına qoşulub və bu hələlik səhiyyə sistemi üçün böyük yüklənmə deyil”, – Arsen Torosyan deyib.
Ekspert rəyi
Ermənistanın baş patoloqu, Patoloqlar Assosiasiyasının prezidenti Armen Mxitaryan komendantlığın qərarını əsassız hesab edir , çünki yoluxmanın daha çox yayılması riski var. Onun fikrincə, rejimin yumşaldılması haqda qərar yalnız o zaman əsaslı olardı ki, əgər virus piki keçilmiş olsaydı. Bu haqda isə hələ informasiya yoxdur.
“Yalnız kollektiv immun sistem yaranandan, insan orqanizmində virusa qarşı antitel formalaşandan sonra virusun öhdəsindən 100 faiz gəlinmiş olacaq… Biz deyə bilmərik ki, Ermənistan əhalisinin neçə faizi immunitetə sahibdir, çünki bunun üçün əhalinin testdən keçirilməsi lazımdır, bundan ötrü də bizim resursumuz yoxdur”, – ekspert hesab edir.
Mxitaryanın sözlərinə görə, karantinin effektivliyi onda idi ki, yoluxma hallarının çoxalması qəfil yox, tədricən baş verirdi. Və bu, səhiyyə sisteminə ciddi halların öhdəsindən gəlmək imkanı yaradırdı.
Sosial şəbəkələrdə nə yazırlar?
Hökumətin məhdudiyyətlərin aradan qaldırılması haqda qərarı sosial şəbəkələrdə də müzakirə olunur.
Bəzi şərhlər:
“Bu, unikal test imiş… Bəs siz anlamadız ki, sizin bu testinizin müəyyən dövrü sadəcə uğursuz olub? İndən belə nəyisə sərtləşdirməyin nə mənası olacaq – növbəti uğursuzluqdan sonra?”
“Məni polis bircə dəfə də küçədə saxlamayıb və anketimin olub-olmadığını yoxlamayıb. Bütün bu müddət ərzində hamı küçəyə çıxırdı, qələbəlik qruplarla gəzirdi, toplaşırdı və fitbol, nərd oynayırdılar, kabab çəkməyə gedirdilər. Bir sözlə, sizin fəaliyyətiniz son bir ay ərzində qətiyyən heç bir nəticə verməyib. Çox təəsüüf, amma siz çox zəifsiz”.
“Tələsin. Hələ bir-iki həftə də gözləmək lazım idi. Həkimlərə adamın yazığı gəlir”.
“İctimai nəqliyyatın hərəkətini bərpa etmək daha doğru olardı – məhz işləməyə başlayan müəssisələrin işçiləri üçün. Axı bu insanlar nə cürsə işə gedib çıxmalıdırlar. Nəqliyyat işləmir, ancaq taksi. Məntiq hanı?”
“Yəni siz gözləyirdiz ki, yoluxanların gündəlik sayı sürətlə artsın, siz də rejimi yiumşaldasız? Möhtəşəm məntiqdir! 30 gündən sonra bizi fəlakət gözləyir. Son günlərdə yoluxanların sayının sürətlə artması yalnız təşkil etdiyiniz karantinin keyfiyyətini göstərir”.