Ermənistanda casus tutulub və hərbi vəziyyət qaydaları sərtləşdirilib
Ermənistanda qalmaqal. Casus saxlanılıb, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən məhrum olub.
Hər şey baş nazir Nikol Paşinyanın Yerevanda Ermənistan rəhbərliyini əraziləri təhvil vermək üçün Azərbaycanla sövdələşməyə getməkdə günahlandıran Stepanakert sakininin saxlanıldığını bildirməsi ilə başlayıb. Üstəlik həmin şəxs ölkə hakimiyyəti əraziləri artıq təhvil verdiyi üçün hərbçiləri Qarabağ cəbhəsindəki mövqelərdən geri çəkilməyə təhrik edib.
Baş nazirin bu siqnalından sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti araşdırmaya başlayıb, hərbi vəziyyət şərtləri də sərtləşdirilib.
Qalmaqalın bütün təfərrüatları və nəticələri, hərbi vəziyyət rejimində əməl etmək lazım olan əlavə qaydalar.
▪ Atəş altında insanlar necə yaşayır? Stepanakertdən hekayə və fotolar
▪ Qarabağda yaralanan rusiyalı jurnalist ağır vəziyyətdə Yerevana çatdırılıb
Baş nazir nə deyib?
Baş nazir bu məlumatı oktyabrın 8-də səhər Facebook səhifəsində paylaşıb. O yazıb ki, Ermənistana qarşı xəyanətkar fəaliyyət haqda bir neçə gün öncə xəbər tutub. Onun sözlərinə görə, hansısa insanlar ön cəbhəyə gəlib və döyüşən əsgərləri təhrik etməyə çalışıb:
“Nikol torpaqları satıb, bu, əslində razılaşdırılmış müharibədir, onlar sizi bura gətiriblər və “ət maşınının” qabağına veriblər ki, qırsınlar və razılaşmanı ört-basdır etsinlər. Mövqeləri saxlamağın mənası yoxdur”.
Paşinyan bildirib ki, bəzi məlumatlara əsasən, əsgərləri dilə tutaraq, hətta əmr verərək döyüş mövqelərini tərk edib, düşmənə təhvil verməyə məcbur ediblər:
“Mənim göstərişimlə MTX araşdırmaya başlayıb və əsas iştirakçı şəxslərdən biri Yerevanda aşkarlanıb və həbs edilib. O, Stepanakert sakinidir. Qaldırılmış cinayət işi çərçivəsində istintaq aparılır”.
Baş nazir belə bir məlumatı olan hər kəsi Milli Təhlükəsizlik Xidmətinə müraciət etməyə çağırıb.
MTX-dan təfərrüatlar
Baş nazirin casusla bağlı bəyanatından dərhal sonra MTX direktoru Arqişti Kyaramyan vəzifəsindən azad edilib. Üstəlik o bu vəzifəyə cəmi 4 ay əvvəl gəlmişdi.
Daha sonra xüsusi xidmət orqanının yaydığı məlumatda sərhəddə baş verən xəyanətkar fəaliyyət haqda təfərrüatlar əks olunub. Əsas iştirakçı şəxslər olaraq “döyüş mövqelərindən birinin rabitə tağımının komandir müavini və çavuşu” göstərilib. Onlar hərbçilər arasında siyasi rəhbərliyin “torpaqları verməklə” bağlı razılaşması haqda şayiə yayıblar.
Məlumatda o da deyilir ki, bu əməllər hərbçilərin mənəvi-psixoloji vəziyyətinə təsir edib, bəziləri təxribata uyaraq xidmət yerini tərk edib və xidməti vəzifəsini yerinə yetirməkdən imtina ediblər.
MTX istintaq departamentində cinayət işi qaldırılıb.
Şərh
Siyasi şərhçi Hakop Badalyan MTX direktorunun işdən azad olunmasını şərh edib:
“Arqişti Kyaramyanın sıçrayışı [karyera pilləsi ilə yüksəlişi] qəfil oldu, yıxılmağı da qəfil oldu. Əsas məsələ ondadır ki, onun yıxılması ilə birlikdə Ermənistanın təhlükəsizliyinin mühüm amillərinin və tərkibinin səviyyəsi enməsin… Maraqlı paralelə fikir verin: arxa cəbhədəki bu qəfil dəyişiklik Ermənistan ordusunun cəbhədəki nailiyyətlərinin fonunda baş verir.
Cəbhədəki uğurlar arxa cəbhədə mühüm addımlar atmağa imkan verir… Amma sual qalır: keçmiş MTX rəhbəri şübhə doğurub, yoxsa aydın olub ki, o, işin öhdəsindən gələ bilmir?”
Hərbi vəziyyət qaydalarının sərtləşdirilməsi
Oktyabrın 8-i axşama doğru məlum olub ki, Ermənistan hökuməti sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayandan sonra elan olunan hərbi vəziyyət qaydalarını sərtləşdirib.
İndi hərbi vəziyyət haqda qərara edilən əlavələrə əsasən
1. Dövlət orqanlarının tənqidi ilə bağlı əməllər, paylaşımlar və çıxışlar qadağandır.
2. Ölkənin müdafiə qabiliyyəti əleyhinə təbliğat qadağandır.
Hərbi vəziyyət çərçivəsində məhdudiyyətlərin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. Yeni qaydalara əməl olunmasına polis nəzarət edəcək.
Qanunvericilik dəyişiklikləri
Oktyabrın 9-da parlamentdə inzibati hüquq pozuntuları haqda məcəlləyə və cinayət məsəlləsinə dəyişikliklər təqdim olunub. Dəyişikliklərə əsasən, hərbi vəziyyət dövründə Ermənistanın təhlükəsizliyinə ziyan gətirə biləcək informasiya yayanlar cinayət məsuliyyəti daşıyacaqlar.
Söhbət bu hallardan gedir:
– xüsusi təhlükəli əməllər, pozuntular ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda;
– informasiyanın dərci və yayılması ilə bağlı mövcud qaydaların pozulması dövlətin təhlükəsizlik maraqlarına ziyan vurduqda.
Həmçinin aşağıdakı qaydaların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub
– azad hərəkətin məhdudlaşdırılması,
– iqtisadi fəaliyyətin və mal dövriyyəsinin məhdudlaşdırılması,
– təxirəsalınmaz işlərə cəlb olunmaqdan imtina,
– nəqliyyat vasitələrinin təqdim olunmasından imtina.
Bundan başqa, müəssisələrin işinin dayanmasına səbəb olan tətil, mitinq və digər aksiyaların təşkil edilməsi və bu aksiyalarda iştirak etməyə görə inzibati cəza nəzərdə tutulub.