Ermənistan hökuməti “sıfırdan” biznes başlatmağa kömək edəcək – koronavirusun fəsadlarının aradan qaldırılması üçün daha bir addım
Ermənistan hökuməti maraqlı və perspektivli ideyaları olan yeni başlayan biznesmenlərə kreditlərin verilməsi üçün banklara zəmanət təqdim edəcək.
Bu, koronavirus epidemiyasının sosial və iqtisadi fəsadları ilə mübarizə üzrə artıq 19-cu böhran əleyhinə proqramdır.
- Şərh: Ermənistanı bir həftə sonra yoluxanların kəskin artması üzündən fəlakət gözləyir
- Ermənistan: “dəyərlər” uğrunda mübarizə aparanlar uşaqların müdafiəsinə mane olmayacaqlar
Kim və nə alacaq?
Yeni başlayan biznesmenlər üçün kreditin maksimum məbləği 10 milyon dram (20 min dollar) olacaq.
“Artıq mövcud olan biznesini innovativ yol üzrə inkişaf etdirmək istəyən şirkətlər isə 20 milyon dram (40 min dollar) həcmində kreditdən yararlana biləcəklər”, – iqtisadiyyat naziri Tiqran Xaçatryan deyib.
Nazirin sözlərinə görə, bu proqramın özəlliyi işləri ilə uğurlarını və layihələrinin dayanıqlılığını sübut edəcək yeni başlayan biznesmenlər növbəti inkişaf mərhələsində dövlətdən daha böyük maliyyə dəstəyi alacaqlar.
Proqramın potensial iştirakçıları qarşısında qoyulan şərtlərdən biri yaxşı kredit və vergi tarixçəsidir.
Kreditin faizi 7-10 faiz arası olacaq. Amma yeni başlayan biznesmenlərə ilk 6 ay ərzində ancaq əsas məbləği – faizsiz ödəmək imkanı yaradıla bilər.
Bu dövlət dəstəyi proqramı ilə ilk növbədə xidmət və ya emal sənayesi sahəsində çalışan təşkilatlar faydalana biləcək.
“Bizim dəstəyimiz əsasən Yerevandan kənarda göstərilən fəaliyyətə yönəldiləcək. Bu, bir qayda olaraq, maddi vəsaitlərin məhz Yerevandan kənarda yeni biznesə başlayanlar üçün əlçatmaz olması ilə bağlıdır”, – iqtisadiyyat naziri deyib.
O, hökumətin bu proqram çərçivəsində yardım etmək niyyətində olmadığı sahələri də açıqlayıb. Bunlar maliyyə və oyun sahəsində xidmət, o cümlədən də pərakəndə satış sahəsidir.
Başqa hansı böhrana qarşı proqramlar var?
Daha əvvəl 18 başqa proqram hazırlanmışdı. Onlardan yeddisinin iqtisadi istiqaməti var və kənd təsərrüfatı, turizm, xırda və orta biznes, mikrobiznes, informasiya texnologiyaları kimi sahələrə yardımı nəzərdə tutur.
11 proqram ən həssas qruplara daxil olan insanlara, azyaşlıların valideynlərinə, fövqəladə vəziyyət dövründə işini itirənlərə sosial yardım nəzərdə tutur.
Ekspertlər iqtisadi proqramların bir hissəsini tənqid edir. Onlar hesab edirlər ki, hökumət bu və ya digər tədbirin ÜDM-nin formalaşmasına hansı fayda verəcəyini hesablamalı və yalnız bundan sonra yardım göstəriləcək iqtisadi sahələri seçməli idi. İndi isə proqramlar ona görə kifayət qədər səmərəli deyil ki, məhz sona qədər düşünülməyib.
Baş nazirin özü ümumilikdə böhrana əleyhinə proqramlardan razıdır. Sonuncu mətbuat konfransında Nikol Paşinyan bildirib:
“Bu proqramlar çərçivəsində mayın 16-a qədər 84,4 milyard dram [təxminən 175 mln. dollar] paylaşdırılıb, bundan 48,4 min hüquqi və 1,1 milyon nəfərə qədər fiziki şəxs yararlanıb”.