Ermənistan baş nazirinin istefasının təfərrüatları bir il sonra bəlli olub
Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyan Ermənistan hakimiyyəti ilə bir il əvvəl baş tutan danışıqlar haqda söz açıb. Facebook sosial şəbəkəsindəki səhifəsində o, Serj Sarqsyanın istefa verdiyi həmin günün təfərrüatlarını təqdim edib.
Buna inanmaq çətin idi, çünki o, cəmi bir həftə əvvəl parlament çoxluğu tərəfindən baş nazir seçilmişdi. Üstəlik iki prezidentlik müddətini geridə buraxmışdı.
• Ermənistanın baş naziri istefa verib
Keçmişlə bağlı bir qədər də təfərrüat
Bundan başqa 2015-ci ildə Ermənistanda Serj Sarqsyanın təşəbbüsü ilə konstitusiya dəyişikliyi üzrə referendum keçirilmişdi. Referendum nəticələrinə əsasən qəbul olunan dəyişikliklərə görə Ermənistan yarıprezident idarə üsulundan parlament idarə üsuluna keçmişdi. Digər dəyişikliklərdən başqa, bu, indən belə dövlət başçısının baş nazir olduğu demək idi. Bununla da prezident seçilmək imkanını tükədən Sarqsyan baş nazir seçilmək imkanı əldə etmişdi.
Parlament sədri Ararat Mirzoyan 2019-cu il aprelin 23-də ötən il baş verən danışıqların maraqlı detallarını təqdim edib. O zaman inqilabçılarla danışıqları baş nazirin müavini Karen Karapetyan aparırdı.
İnqilab liderləri Nikol Paşinyan, Ararat Mirzoyanın özü və Sasun Mikaelyan aprelin 22-də saxlanılmışdı. Amma Serj Sarqsyan istefa verən ana qədər danışıqlar məhz onlarla aparılırdı.
Sarqsyanın istefasının müxtəlif tarixləri
Ararat Mirzoyan bir il sonra bildirib ki, saxlanılanlara Serj Sarqsyanın istefası üçün müxtəlif tarixlər təklif olunub. Danışıqlar əvvəlcə saxlanılanların hər biri ilə ayrı-ayrılıqda keçirilib, amma onların heç biri geri addım atmayıb.
“Səhər Karen Karapetyan gəldi. Soruşdu ki, onun da Ermənistanın rifahını istədiyinə inanırammı? Cavab verdim ki, inanıram. Dedi, gedək, hamımız birlikdə danışaq. O, Serj Sarqsyanın frankofoniyadan [Ermənistanda Frankofoniya Sammiti 2018-ci ilin oktyabrına təyin olunmuşdu – JAMnews] sonra istefa verməyə hazır olduğunu bildirdi, biz gülümsəyərək rədd etdik. Getdi danışdı, qayıtdı, düz xatırlayıramsa, may-iyunda istefa verməsini təklif etdi. Cavab verdik ki, mümkün deyil. Getdi danışdı, qayıtdı, aprelin 25-ni təklif etdi. Xahiş etdik ki, bizi tək buraxsınlar. Müzakirə etdik, yekdilliklə qərara gəldik ki, yox”, – Ararat Mirzoyan yazır.
Onun sözlərinə görə, inqilabçılar 2-3 saat ərzində Sarqsyanın istefasını tələb ediblər. Məşvərətdən sonra Karen Karapetyan bildirib ki, baş nazir istefa verməyə hazırdır:
“Karen Karapetyan getdi, danışdı, qayıdıb “danışdıq, 2 saat ərzində istefa olacaq” dedi”.
Ararat Mirzoyan onu da bildirib ki, bundan sonra baş nazir müavini Karen Karapetyan inqilab liderləri ilə birlikdə Respublika meydanına getmək istəyib. Burada onları etiraz hərəkatını dəstəkləyən ölkə sakinləri gözləyirdi. Amma müxalifətçi üçlük buna da etiraz edib, bununla belə həbsxana çıxışında Karapetyanla şəkil çəkdirmək qərarına gəliblər.