Ermənistan Azərbaycanın AAİİ-ə üzv olmasına etiraz etmir, amma bir şərtlə
Azərbaycan Avrasiya İqtisadi İttifaqı haqda Sazişdə təsbit edilmiş tələblərə əməl edərsə, o cümlədən ittifaq üzvlərinə zərər verəcək addımlar atmamaq öhdəliyinə sadiq qalarsa, Ermənistan bu ölkənin qurumda üzvlüyünü dəstəkləyər. Bu haqda jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasının mümkünlüyü haqda fikri bu günlərdə Bakıda olan Rusiya xarici işlər naziri Sergey Lavrov səsləndirib.
“Biz Azərbaycanı da bu strukturda görməyə çox şad olacağıq”, – o bildirib.
Şavraş Koçaryan Azərbaycanın Ermənistanı blokada vəziyyətində saxladığını xarıtladıb və təbii ki, Azərbaycanın AAİİ-ə inteqrasiyasının və ya hətta bu ölkəyə nəzarətçi statusunun verilməsinin dəstəklənəcəyini bildirib, əgər Azərbaycan təşkilatın nəzarətçi və ya üzv ölkələr üçün müəyyən etdiyi öhdəliklərə əməl edərsə.
“Bu isə o deməkdir ki, Azərbaycan blokadaya son qoymalıdır, bu da öz növbəsində Ermənistana qarşı düşmənçilik addımlarının atılmaması, ermənifobiyanın bitirilməsi deməkdir”, – Koçaryan açıqlayıb.
Ermənistan Milli Məclisinin vitse-spikeri, Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib ki, Ermənistan mahiyyət etibarilə Azərbaycanla eyni qurumda təmsil olunmağın əleyhinə deyil – digər beynəlxalq qurumların misalında olduğu kimi. Amma Şarmazanov hesab edir ki, Azərbaycanın ermənilərə qarşı nifrətə son qoyacağı inandırıcı deyil.
“Ermənistan demokratik ölkədir və öz xarici siyasətini hansısa ölkəyə, o cümlədən də Azərbaycana qarşı yürütmür, özünün dövlət maraqları, öz vətəndaşlarının rifahı naminə siyasət aparır.
Ermənistan və Azərbaycanın eyni beynəlxalq qurumlarda təmsil olunmalarına dair çox sayda misallar var. Söhbət Avropa Şurası, MDB və digər təşkilatlardan gedir. Bu o demək deyil ki, Ermənistan Azərbaycanla eyni qurumda təmsil olunduğu üçün öz dövlət maraqlarını qorumamalıdır. Ermənistan regionda stabillik və sülh tərəfdarıdır, Ermənistan regionda münaqişələrə qarşıdır, Ermənistan 21-ci əsr sivilizasiyası dəyərlərinin tərəfdarıdır”, – Eduard Şarmazanov bildirib.
O vurğulayıb: əgər Azərbaycan AAİİ-nin bütün tələblərinə əməl etməyə hazırdırsa, Ermənistanın bu ölkənin ittifaqa daxil olmasına etiraz etmək üçün heç bir səbəbi yoxdur.