Ermənistan-Azərbaycan sərhədi, təhlükəsizlik və jurnalistlər
Erməni jurnalistlər Azərbaycanla sərhəddə
Artıq bir ildən çoxdur ki, erməni jurnalistlər Sünik və Geqarkunik vilayətlərinin bəzi yaşayış məntəqələrində işləmək üçün icazə almalıdırlar.
Məhdudiyyətlər hələ 44 günlük müharibədən əvvəl, 2020-ci ilin avqustunda, dövlət sərhədi haqda qanuna dəyişikliklər qüvvəyə minəndən sonra tətbiq edilib. Dəyişikliklər sərhədyanı ərazilərdə, o cümlədən də “sərhəd zolağında yerləşən mühəndis qurğularında və hasarlanmış sahələrdə, sərhəd qoşunlarının istifadə etdikləri binalarda, tikililərdə, müşahidə qüllələrində, nəqliyyat vasitələrində” video və foto çəkilişləri qadağan edir.
Hakimiyyət dəyişikliklərin vacibliyini əsaslandırıb. Dəyişikliklər ediləndən sonra Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin bəyanatında vurğulanır ki, sərhədyanı ərazilərin sakinlərinin və turistlərin videokamera və dronlar vasitəsilə çəkdikləri kadrlar qonşu dövlətin sərhədçilərinin diqqətindən yayınmır.
Qonşu ölkə dedikdə Azərbaycan nəzərdə tutulur.
MTX-nın fikrincə, belə çəkilişlər sərhədlərin təhlükəsizliyinə mənfi təsir edə bilər, görünür ona görə ki, onların nəticələri sosial şəbəkələrə düşür və burada onları Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları da görə bilir.
- Yox olmuş dəmiryolu və Ermənistan-Azərbaycan münaqişəsi
- “Onlar bilməlidirlər ki, bizim düşmənimiz var” – uşaqlar və Qarabağ münaqişəsi
- Klub stendapı Yerevana qayıdır
Qanuna edilən dəyişikliklərə fikir verilməyə də bilərdi, əgər MTX-nın növbəti bəyanatı olmasaydı – bu dəfə ötən il fevralın 10-da. Bu bəyanatda qeyd olunurdu ki, təhlükəsizlik nöqteyi-nəzərdən Sünikin “müvafiq ərazilərində” işləmək üçün jurnalistlər milli təhlükəsizlik orqanlarından xüsusi icazə almalı olacaqlar.
Bəyanat sərhəddə ciddi gərginlikdən sonra və Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin başlamasının mümkünlüyü haqda şayiələrin yayılması fonunda səsləndirilib.
Amma br çox jurnalistlər və hüquq müdafiəçiləri güman edirlər ki, MTX jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq üçün kifayət qədər hüquqi əsaslar təqdim etməyib.
Sərhədyanı vilayətlərə tez-tez gedən jurnalistlərdən biri civilnet.am populyar media resursundan Gevork Tosunyan deyir ki, müharibədən sonrakı ilk dövrdə jurnalistlərin işinə məhdudiyyət qoyulması qeyri-ixtiyari xarakter daşıyırdı.
Beləliklə, çəkiliş qrupunun müharibədən sonra iki hissəyə ayrılmış Şurnux kəndinə gedə bilməsi üçün MTX-nin sərhəd qoşunlarından icazə almaq lazımdır.
“Əgər əvvəlcədən sorğu verilsə, yəqin ki, yerdə işləmək mümkün olardı, amma başqa problem də var.
Sərhəddə vəziyyət gərginləşəndə jurnalist peşə fəaliyyətini həyata keçirmək üçün dərhal hadisə yerində olmalıdır.
Amma ona sadəcə bunu etməyə icazə vermirlər və xüsusi icazə gərək olduğunu xatırladırlar. İcazə almaq isə adətən bir həftədən çox vaxt alır”, – Tosunyan deyir.
İkinci problem də var. Ermənistanın müxtəlif hissələrində icazəni müxtəlif strukturlardan almaq lazımdır. Sünikdə icazəni MTX, Geqarkunik vilayətində isə Müdafiə Nazirliyi verir.
Məsələn, Tosunyana Geqarkunik vilayətinin kəndlərində çəkiliş aparmağa icazə verilməyib və bunu orada vəziyyətin gərgin olması ilə əsaslandırıblar.
“Bu rayonlarda müharibədən sonra vəziyyət demək olar ki, həmişə gərgindir və bununla belə, orada yaşayan insanların səsi eşidilməlidir”, – jurnalist əmindir.
O həmçinin əmindir ki, dövlət və jurnalistlər arasında əməkdaşlıq daha səmərəli ola bilər. Qaynar nöqtələrə getməyə hazır olan reportyorlar çətin ki, dezinformasiya yaymaq niyyətində olsun, onlara obyektiv informasiya lazımdır.
Amma onun yüzlərlə kilometr məsafədə olan həmkarlarına aldıqları informasiyanın və mənbənin həqiqiliyini yoxlamaq çox çətindir.
Tosunyanın həmkarı David Qalstyan da tez-tez sərhədyanı rayonlara gedir və deyəsən, sərhədin yaxınlığında yerləşən bütün kəndlərə aparan yolları tanıyır.
“Düşünürəm ki, bu kəndlərdə vəziyyətin işıqlandırılması çox mühüm işdir”, – Qalstyan deyir.
O, dəfələrlə sərhədə tərəf gedib və demək olar ki, heç vaxt səfərlər üçün icazə almayıb. Amma heç vaxt bu ezamiyyətlərdə hazırladığı materialların dərcindən sonra da onun problemi yaranmayıb.
“Bundan başqa”, – o vurğulayır, – “məhdudiyyətlərin şamil olunduğu icmalar qeyd olunmayıb, bu da o deməkdir ki, qanunun bu maddəsi MTX və Müdafiə Nazirliyi tərəfindən jurnalistlərin sərhədin yaxınlığında yerləşən istənilən kənddə fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə oluna bilər”.
“Mənim həmişə əməl etdiyim müəyyən daxili məhdudiyyətlərim, qaydalarım var. Mən sərhədin təhlükəsizliyi baxımından nəyin ziyan vura, problem yarada biləcəyini bilirəm. Əlbəttə ki, həmkarlarımın da belə prinsipləri var.
Mənim öz daxili özününizamlama mexanizmim var və mən buna əsaslanıram. Sərhəddən qalmaqallı informasiya məni maraqlandırmır, mənə sərhədyanı kəndlərdə yaşayan insanların problemləri daha vacibdir”.
David Qalstyan bildirir ki, məhdudiyyətlər mənasız və səmərəsizdir, bəzən isə hətta absurda gedib çıxır. Məsələn, hətta təsadüfən belə hərbi obyektin çəkilməsi mümkün olmayan məkanlarda çəkilişlər qadağan olunur.
“Əgər MTX və Müdafiə Nazirliyi jurnalistlərin apardıqları çəkilişlərdə problem görürlərsə, onda əslində əsas informasiya sızıntısı yerli sakinlərin və ya həmin ərazilərdə xidmət edən əsgərlərin çəkdikləri foto və ya videolardan baş verir.
Peşəkar jurnalistlər isə, xüsusən də müharibədən sonra bilirlər nəyi və necə çəkmək lazımdır ki, bunun harada çəkildiyi anlaşılmasın”, – David Qalstyan bildirir.
Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan jurnalistlərin narahatlığını bölüşür və qeyd edir ki, yeni məhdudiyyətlər onların işini çətinləşdirib. Bununla belə Melikyan məsləhət görür ki, onlara anlayışla yanaşılsın.
“Əlbəttə, sərhədyanı yaşayış məntəqələrində yaşamı işıqlandıran jurnalistlərin işi çətinləşib, amma 44 günlük müharibədən sonra yeni reallıqları nəzərə almaq lazımdır.
Jurnalistlər bu məhdudiyyətli ağrılı qarşılayıb, amma müharibədən sonra sərhədlər dəyişdirilib və digər sərhədyanı rayonlara tətbiq edilən bütün məhdudiyyətlər artıq yeni məntəqələrə də tətbiq edilir.
Bəli, qadağalar jurnalistlər üçün çətinliklər yaradır, amma obyektiv reallıqlar var, onları iqnor etmək olmaz”, – Melikyan deyir.
Amma onun sözlərinə görə, bu məhdudiyyətləri yenidən nəzərdən keçirmək, onların yerinə dəqiq nizamlayıcı mexanizm yaratmaq daha faydalı olar. Məsələn, əgər jurnalistlər sərhədyanı ərazilərin gündəlik həyatını işəqlandırmaq istəyirlərsə, MTX əməkdaçları onları dəstəkləməli və müşayiət etməlidirlər, hərbi obyektlərin və ya digər qurğuların çəkilməsini məhdudlaşdırmalıdırlar.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.