«Düşmənləri və “beşinci kolon”u hakim komandada axtarmaq lazımdır», - prezidentin ittihamlarına cavab olaraq Azərbaycan müxalifəti bildirir
Azərbaycan müxalifəti prezident İlham Əliyevin koronavirus pandemiyasından istifadə edərək, ölkədəki sabitliyi pozmaq cəhdində ittihamını rədd edib. Bəzi müxalifətçilərin fikrincə, hakimiyyət özü bu imkandan yararlanmaq istəyir ki, müxalifəti təcrid etsin, əslində isə, “beşinci kolon”u hakimiyyət eşelonlarında axtarmaq lazımdır.
Rəsmi məlumata görə, 20 mart tarixinə Azərbaycanda 44 koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan 10 nəfəri artıq sağalıb, bir nəfər ölüb.
İlham Əliyev guya xalq arasında təşviş yayan və hakimiyyətlə dialoqa getməkdən imtina edən müxalifətçiləri “beşinci kolon”, “satqın” və “düşmən” adlandırıb. Özünün 19 mart tarixli nitqində o bildirib ki, zərurət yaranarsa, ölkədə fövqəladə vəziyyət tətbiq olunacaq və bu insanları cəmiyyətdən təcrid etmək lazım gələcək (doğrudur, bunun hansı yolla ediləcəyini izah etməyıb).
««Beşinci kolon»u müxalifətçilərin sıralarında deyil, hakim komandada axtarmaq lazımdır. Bunlar Azərbaycanda Rusiyanın maraqlarını təmsil edənlərdir. Onlardan bəziləri hətta vəzifələrindən uzaqlaşdırıldıqdan sonra da fəallıqlarını itirmirlər», – müxalif “Müsavat” partiyasının başçısı Arif Hacılı buna belə münasibət bildirib.
Onun sözlərinə əsasən, dünya liderlərinin öz cəmiyyətlərini birləşməyə çağırdıqları bir vaxtda İlham Əliyev, əksinə, təhdid edir və daxili düşmən axtarır.
Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi də bəyan edib ki, müxalifətin ünvanına ittihamlar əsassızdır.
«Sadəcə olaraq, hakimiyyət vəziyyətdən müxalifətçiləri təcrid etmək üçün istifadə etmək istəyir», – Həzi hesab edir.
JAMnews-un siyasi icmalçısı Şahin Rzayev hesab edir ki, prezidentin fövqəladə vəziyyət haqında sözlərinin səbəblərindən biri “günah keçisi” tapmaq arzusu ola bilər ki, gələcək iqtisadi tənəzzülə görə bütün təqsiri onun üstünə yıxsın.
«Məlum olduğu kimi, koronavirus pandemiyası və OPEK+ ölkələri daxilində “neft müharibəsi” üzündən neftin bir barrelinin qiyməti 25-28 dollara düşüb. Azərbaycan bundan milyardlarla dollar itirir. Neftin qiyməti düşməkdə davam edərsə, Azərbaycan öz zərərinə neft ixrac etmək məcburiyyətində alacaq. Sərhədlərin, ilk növbədə Rusiya, İran və Çinlə (əsas ticarət tərəfdarları) sərhədlərin bağlı olması da vəziyyəti ağırlaşdırır. Buna görə də, hökumət xəbərdaredici tədbirlər görmək qərarına gəlib ki, spontan etiraz aksiyalarına yol verilməsin.
Digər tərəfdən, istənilən avtoritar lider hansısa bir məqamda özünü mütləq diktator kimi hiss etmək həvəsindən vaz keçməz, özü də buna həddən artıq üzrlü bir səbəb olduğu zaman», – Rzayev deyir.