Donald Tramp nəinki prezident kürsüsündə qalır, hətta təkrar seçilmək şansına sahibdir
ABŞ tarixində sayca üçüncü prezidenti hakimiyyətdən uzaqlaşdırmaq cəhdi baş tutmayıb: respublikaçıların nəzarətində olan Senat opponentlərinin Donald Trampa qarşı irəli sürdüyü ittihamları yetərsiz sayıb.
Prezidentə müxalif olan Demokratik Partiyanın bütün nümayəndələri impiçmentin lehinə səs verib. Bir nəfər istisna olmaqla respublikaçıların (Trampın partiyası) hamısı isə prezidenti dəstəkləyib – onlar isə Senatda çoxluq təşkil edirlər.
ABŞ sakinləri də prezident Trampa dəstək nümayiş etdirib. “Gallup International” şirkətinin səsvermə ərəfəsində dərc etdiyi tədqiqat nəticələrinə əsasən, Trampın fəaliyyətini dəstəkləyənlərin sayı rekord həddə – 49 faizə çatıb.
1-ci ittiham: Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırıb – onun bərpasının əvəzində Ukrayna prezidenti Vladimir Zelenskidən çox israrla 2020-ci ilin prezident seçkilərində rəqibi ola biləcək keçmiş vitse-prezident Co Baydenin oölunun bu ölkədəki fəaliyyətinin araşdırılmasını tələb edib.
2-ci ittiham: Bunun üzə çıxmasından və işin Konqresdə araşdırılmağa başlamasından sonra Tramp Ağ Evin əməkdaşlarına Konqreslə əməkdaşlığı və onlara təqdim olunmuş bildirişlərə əsasən müzakirələrə qatılmağı qadağan edib.
İttihamın hər iki bəndi üzrə nümayəndələr palatasının üzvlərinin əksəriyyəti Trampı təqsirli biliblər.
Senatorlar necə səs verib və impiçment sistemi necə qurulub?
48 senator Trampın hakimiyyətdən sui-istifadə etdiyinin lehinə səs verib. 52 senator isə ABŞ prezidentini günahsız hesab edib.
İmpiçmentin baş tutması üçün Trampın əleyhdarları səslərin üçdə ikisini toplamalı idilər. Bu maddə ilə impiçmentin lehinə Senatdakı bütün demokratlar və bir nəfər respublikaçı səs verib.
Konqresin işinə mane olmaqla bağlı ikinci ittiham üzrə 47 senator Trampı təqsirli hesab edib, 53 senator isə impiçmentin əleyhinə səs verib.
İlk səsvermə ilə ikinci arasındakı səs fərqi respublikaçı senator Mitt Romninin birinci maddə üzrə impiçmentin lehinə, ikinci maddə üzrə isə əleyhinə səs verməsi ilə izah olunub.
Trampın nüfuzu zədələnib, yoxsa əksinə, möhkəmlənib? Şərhlər
Konqresin spikeri Nenesi Pelosi Senatdakı səsvermənin mümkün nəticəsini şərh edərkən dəfələrlə bildirib ki, bunun heç bir önəmi yoxdur. Onun fikrincə, Donald Tramp istənilən halda tarixə impiçment elan olunmuş üçüncü ABŞ prezidenti kimi daxil olacaq və heç vaxt bundan yaxa qurtara bilməyəcək.
Politoloqlar isə Donald Trampın özünün Senatdakı səsvermənin nəticələrindən növbəti prezident seçkilərində yararlanacağına şübhə etmirlər.
“O, bunu öz qələbəsi kimi elan edəcək, onun tərəfdarları bir daha əmin olacaqlar ki, Vaşinqton isteblişmentinə meydan oxuyan əsl qəhrəmana səs verirlər”, – Stoni Bruq universitetinin professoru, politoloq Conatan Sanders belə hesab edir. – Mən istisna etmirəm ki, impiçment cəhdi ona indiyə qədər seçim etməkdə çətinlik çəkən seçicilərin də səslərini gətirəcək”.
Aşağıdakı bu video baxış rekordlarını qırır. Prezident Trampın impiçment prosesində liderlik edən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezidentin elə indicə Konqresə ünvanladığı müraciətin mətni yazılan kağızları nümayişkaranə şəkildə cırır. Bundan bir neçə dəqiqə əvvəl Tramp onun əlini sıxmaqdan imtina edib.
ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında baş tutacaq
Prezidentin impiçment prosesi ABŞ-da növbəti prezident seçkiləri üzrə seçkiqabağı kampaniya başladığı bir məqamda davam edirdi. Seçkilər noyabrda baş tutacaq.
Qeydiyyatdan keçmiş seçicilərin yarısı hesab edir ki, Tramp təkrar seçilməyə layiqdir. əsas motiv: ötən il ərzində onların maliyyə durumu yaxşılaşıb və onlar bu tendensiyanın növbəti ildə də saxlanacağına ümid edirlər.
Bununla yanaşı sosioloqlar hədsiz qütbləşməni qeyd edirlər.
Respublikaçılar Partiyasının tərəfdarları arasında Trampı dəstəkləyənlərin reytinqi 94 faiz; Demokratik Partiyanın tərəfdarları arasında isə 7 faizdir.