Doğru bal seçimi
Adil Yusubov Kiçik Dəhnə kəndində yaşayır. Bu kənd ipək kəlağayıları, qədim Xan Sarayı və təmtəraqlı otelləri ilə məşhur olan Şəki şəhərindən yarım saatlıq məsafədə yerləşir.
Əslində, Adil Yusubov riyaziyyat müəllimidir və otuz ildən çox məktəbdə işləyib, hazırda direktor müavinidir. Bununla yanaşı da, Adil müəllim gözəl bal mütəxəssisidir. Bu hobbi, arılarla işin sirləri ona atasından keçib. Pətəklər Adil müəllimin həyətində yerləşir. On illiklər ərzində arılarla işləyəndən sonra artıq bu sahədə özünün sirləri və kəşfləri də var.