Azərbaycanda koronavirusdan iki ölüm, yeni yoluxma hallarının artımı qeydə alınıb
Azərbaycanda ikinci gündür ki, COVID-19 koronavirusuna yeni yoluxanların sayı artıb və sağalanların sayını üstələyib. Buna qədər iki həftə ərzində müsbət dinamika müşahidə olunurdu. Ötən sutka ərzində 67 yeni yoluxma halı qeydə alınıb, 28 nəfər sağalıb, 2 nəfər isə ölüb. Ölənlər haqda sadəcə 62 və 51 yaşlarında olduqları məlumdur.
Beləliklə, hazırda yoluxanların ümumi sayı 2127 nəfərə çatıb. 1536 nəfər sağalıb, 28 nəfər ölüb.
563 nəfərin müalicəsi davam edir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan artıq müalicə olunmuş vətəndaşlara donor olmaları xahişi ilə müraciət edib – onların qanlarının plazması ağır xəstələrin müalicəsi üçün istifadə olunacaq.
- Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi – müəmmadırmı? Şərh
- Koronavirusa yoluxmaq nə deməkdir? Artıq xəstələnib-sağalanlar danışır
- İki həftə təcrid şəraitində ən ağır olan nədir? Gürcüstandan mobil telefonla çəkilən video-hekayələr
Yoluxma hallarının artması ölkədə karantin rejiminin yumşaldılması ilə üst-üstə düşüb. İndi hakimiyyət yenidən karantin rejimini sərtləşdirir.
“Karantin rejimi şərtlərinin yumşaldılması vətəndaşlardan sosial məsuliyyət tələb edir. Amma bu gün, təəssüf ki, çoxları bunu anlamır. Rəqəmlər vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyini göstərir”, – “Kavkazskiy uzel” Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Yaqut Qarayevanın sözlərindən sitat gətirib.
Hazırda Azərbaycanda mağazaların, gözəllik salonlarının, fotostudiya və atelyelərin fəaliyyəti bərpa olunub. Əyalətlərdə ictimai iaşə müəssisələri də açılıb və vətəndaşların hərəkət məhdudiyyəti aradan qaldırılıb.