Dağlıq Qarabağda gərgin vəziyyət: Bakıdan və Yerevandan məlumatlar
Dağlıq Qarabağda gərgin vəziyyət
Dağlıq Qarabağda gərginlik artır, kəskinləşmə avqustun 1-də başlamışdı. Hadisələrin üçüncü günü erməni tərəfi Azərbaycan ordusu tərəfindən minaatanlardan və PUA-lardan istifadə barədə məlumat verib. Nəticədə, iki erməni hərbçisi ölüb, yaralılar var.
- “Azərbaycan hökuməti hələ də özünü kövrək hiss edir” – Bakıdan şərh
- ABŞ Dövlət Departamenti: “Korrupsiya Azərbaycanda işləyən şirkətlər üçün ciddi problem olaraq qalır”
- Azərbaycanda “Siyasi partiyalar haqda” yeni qanun hazırlanır. Siyasətçilər nə düşünür?
Avqustun 2-də üzərinə Qarabağın bu hissəsində təhlükəsizliyin mühafizəsi vəzifəsi qoyulmuş Rusiyanın sülhməramlı missiyası bildirib ki, Azərbaycan tərəfi atəşkəs rejimini üç dəfə pozub.
Erməni tərəfinin bildirdiyinə görə, rəsmi Bakı rusiyalı sülhməramlılar vasitəsilə tələb edib ki, Ermənistanla Xankəndi arasında əlaqə laçın dəhlizi vasitəsilə deyil, yeni çəkilmiş yolla təşkil olunsun.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Arnem Qriqoryan bildirib ki, Azərbaycanın bu tələbi “qeyri-qanuni”dir.
Bakıdan məlumat
Avqustun 3-də səhər saatlarında Azərbaycan Xarici İşlər nazirliyi bəyanatla çıxış edib.
Azərbaycan XİN-in bəyanatı
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub”, – Azərbaycan XİN-in bəyanatında deyilir.
XİN-dən əlavə olunub ki, Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib.
“3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.
Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.
Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!”, – bəyanatda qeyd olunub.
Avqustun 3-də axşam isə Azərbaycan Müdafiə Nazirliyi gün ərzində qarabağda həyata keçirilmiş əməliyyatlar barədə məlumat dərc edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatı
“Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub”. Bu barədə Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
“Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”, – məlumatda qeyd olunub.
Bakıdan şərh
“Diqqət etdinizsə, növbəti gərginləşmə xarici işlər nazirlərinin Tiflis görüşündən sonra başladı”. Bunu siyasi icmalçı Şahin Cəfərli Qarabağda son günlərdə baş verənləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistanın öz probemlərini ikitərəfli formatda müzakirə etməsində, hərtərəfli sülh müqaviləsinin hazırlanıb imzalanmasında və beləliklə, problemə nöqtə qoyulmasında maraqlı deyil. Moskva 10 noyabr Bəyanatının çərçivəsi içərisində hərəkət etməyi məsləhət bilir.
“Sülh müqaviləsi Qarabağdakı “sülhməramlı” kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada idarəolunan gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır. Konflikt situasiyasının davam etməsi sülhməramlıların qalmasını da zəruri edir və bir növ legitimləşdirir. Rusiya dünyaya bu mesajı çatdırır ki, azərbaycanlılar və ermənilər hələ də bir-birini didməyə hazırdır və mən olmasam, burada nələr baş verə biləcəyini düşünün. Bu halda Qərb də yerli ermənilərin təhükəsizlik təminatı kimi Qarabağda rus əsgərlərinin qalmasına isti baxmağa başlayır.
Ona görə də tərəflər əgər həqiqətən qəti çözüm istəyirlərsə, təxribatlara mümkün qədər uymamalı, masanı devirməməli və ikitərəfli müstəvidə dialoqu davam etdirməlidir. Lakin vəziyyəti çətinləşdirən əsas amil ondan ibarətdir ki, Qarabağdakı yerli qanunsuz silahlı dəstələr Paşinyan hökumətinə tabe deyil, hətta sabah Ermənistandan gəlmiş hərbi birləşmələr oradan çıxarılsa belə, Rusiya yenə “DQR ordusu”nun əli ilə təxribatlar törədə bilər – necə ki, bunu edir. Digər tərəfdən, Paşinyan hökumətinin dayaqları möhkəm deyil və içəridə kifayət qədər resursa malik, Rusiyaya bağlı müxalifət var. Rusiya hələ də Ermənistan daxilində destabilizasiya və xaos yaratmaq imkanındadır. Bu səbəbdən, Paşinyan hökuməti Azərbaycanla dialoqda özünü çox ehtiyatlı davranmaq zorunda hiss edir.
Uzun sözün qısası, qapalı dairədən hələ ki çıxa bilmirik”, Ş.Cəfərli qeyd edib.
Yerevandan şərhlər
Erməni tərəfinin rəsmi məlumatında Azərbaycan tərəfindən zərbə PUA-larının hansı istiqamətdə istifadə edilməsi haqqında danışılmasa da, siyasi icmalçı Akop Badalyan güman edir ki, söhbət laçın ərazisindən gedir:
“Azərbaycanın diqqətini Laçın istiqamətinə yönəltməsi dağlıq Qarabağla Ermənistanı birləşdirən marşrutun dəyişdirilməsi tələbindən xəbər verir”, – o əlavə edib.
Badalyan bildirib ki, Azərbaycan tərəfi son ayıar ərzində öz tərəfindn alternativ yolu çox intensiv şkildə tikirdi və bununla Bakı laçın üzərində nəzarəti ələ keçirməyə çalışır:
“10 noyabr bəyanatında 3 illik müddət qeyd olunubsa, nəyə görə Bakı indi belə tələb irəli sürür? çünki söhbət heç də yoldan getmir, sadəcə vəziyyəti gərginləşdirmək üçün bəhanədir və Bakı belə bəhanələri başqa məqsədləri üçün də axtarır”.
İcmalçının fikrincə, çox güman, Rusiya və Azərbaycan müdafiə nazirlərinin teıefon söhbəti nəticəsiz bitib və Bakı vəziyyəti ona görə gərginləşdirir:
“Bu söhbətdən sonra Rusiyanın sülhmramlı kontingenti avqustun 1-də baş vermiş təxribatı xatırladı və qeyd etdi ki, Azərbaycan atəşkəs rejimini üç dəfə pozub, rusiyalı sülhməramlılar isə təmas xəttinin dəyişməsinə yol verməyiblər”.
İcmalçını narahat edən suallar qalmaqdadır: əslində təmas xəttində nə baş verir və gərginliyin artmasının motivi nədir. Onun sözlərinə görə, bir şey aydındır: kəskinləşmə diplomatik proseslərin fəallaşması fonunda baş verir. O, bu hadisələrin avqustun 5-də Putinlə Ərdoğanın Soçidə nəzərdə tutulmuş görüşü ərəfəsində baş verməsini də təsadüfi saymır.
Politoloq Tiqran Qriqoryan hesab edir ki, gərginlik yaratmaqla Azərbaycan Ermənistanı ağrılı güzştlərə getməyə məcbur etmək istəyir:
“Azərbaycan bu kəskinləşməyə çoxdan hazırlaşırdı. bakı daim erməni tərəfini müxtəlif istiqamətlərdə atəşkəsi pozmaqda ittiham edirdi. Başqa sözlə, bu əməliyyatlar üçün informasiya fonu yaradılırdı”.
O, kəskinləşmənin tam miqyaslı müharibəyə keçəcəyini güman etmir.
“Lakin aydındır ki, Azərbaycan yaxın saatlarda və günlərdə mövqe uğurlarına nail olmağa çalışacaq”, – politoloq bildirib.