Dağıstanlı güləşçi teatrı tənqid atəşinə tutub
Rusiyanın “Novaya qazeta” və “Kavkazski uzel” nəşrlərinin materialları əsasında
Dağıstanda, Rusiyanın tərkibində olan Şimali Qafqaz respublikasında moskvalı artistlərin dağlı kişilərin hisslərinə toxunması ilə bağlı qalmaqal yaşanıb. Əxlaq polisi funksiyasını Rusiyada məşhur olan idmançı, UFC versiyası ilə qaydasız döyüş üzrə fəaliyyətdə olan dünya çempionu Həbib Nurməhəmmədov yerinə yetirib.
Fevralın 23-də Dağıstanın paytaxtı Maxaçkalada moskvalı rejissor Vladimir Motaşnevin klassik italyan pyesi əsasında quruluş verdiyi “Kişilərin ovu” tamaşası oynanılıb.
•Dağıstanı ərazilərini Çeçenistana verməyə məcbur edirlər?
Tamaşa anşlaqla keçib. Zaldan çəkilən foto və videolarda tamaşaçıların razı qaldığı görünür. İki gün sonra sosial şəbəkələrdə tamaşanın fraqmentindən bir dəqiqəlik videoçarx yerləşdirilib. Burada əynində qara bodi və corab olan aktrisa ilə çılpaq bədəninə şalvar və pencək geyinən aktyor məcazi formada yataq səhnəsini göstərirdilər.
Elə həmin gün özünün İnstagram səhifəsində dağıstanlı güləşçi Həbib Nurməhəmmədov qəzəbli replika ilə çıxış edib. O, tamaşanı “porno” adlandırıb və bildirib ki:
“Dağıstan bizim torpağımızdır və burada bu cür tədbirləri heç kim təşkil edə bilməz. Allaha and olsun ki, nə qədər bizim Dağıstanın kişiləri yuxudan oyanmayacaq və qayda-qanun yaratmayacaq, vəziyyətimiz daha da pisləşəcək”.
Növbəti gün Nurməhəmmədov daha bir qəzəbli çıxış edib:
“Axı bu, bizim üçün təhqirdir… Niyə hamı susur və şəhərin mərkəzində bu pornoya rəvac verirlər? Yoxsa siz insanların küçələrə çıxmasını istəyirsiz? Bizi provokasiyaya çəkmək və alçaltmaq lazım deyil, hər şeyin həddi var”, – deyə o təhdid edib. Həm də idmançı “təşkilatçıların qanun qarşısında cəza çəkməsi və xalq qarşısında üzr istəməsi üçün araşdırma aparılmasını” tələb edib.
Tezliklə sosial şəbəkələrdə sözün hərfi mənasında vakxanaliya başladı. Məşhur güləşçinin çoxminlik pərəstişkar ordusu tamaşa aktyorlarının və guya bu “əxlaqsızlıq”da əli olan respublika məmurlarının təqibinə başladı. Şəbəkələrdə onların təhdidlərlə fotolarını yerləşdirməyə başladılar.
Dağıstan hakimiyyəti tədbirdən yaxasını çəkməyə tələsdi. Sosial şəbəkələrdə onlar “hörmətli Həbibə” izah etməyə başladılar ki, qastrolu özəl teatr agentliyi təşkil edib, məmurlar bundan xəbərsiz olub və məsuliyyət daşımır, amma belə şeylər “bir daha təkrarlanmayacaq”. Aktyorlara təhdid yağdırdılar.
Bütün bunları dolayı yolla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dəstəkləyib: “Rusiya çoxmillətli ölkədir… müxtəlif subyektlərin öz ənənələri var, onları nəzərə almamaq olmaz”, – o, bu qalmaqalı belə şərh edib.
Həbib Nurməhəmmədovun öz üzərinə əxlaq polisi rolunu götürməsi birinci dəfə deyil – yarım il əvvəl o, açıq şəkildə alçaldıb, təhqir etdiyi pop müğənnisi Yeqor Kridin Dağıstanda konsertinin qadağan edilməsini tələb edib.
Bəzi müşahidəçilər hesab edir ki, “əxlaq uğrunda mübarizəsi” ilə Nurməhəmmədov siyasi xal toplayır.
“Axı idmançı karyerası o qədər də uzun deyil, ciddi qurumlarda özünə yer etmək lazımdır”, – dağıstanlı jurnalist Svetlana Anoxina baş verənləri bu cür şərh edib.
Bir qədər sonra məlum oldu ki, təhdidlər tənqid atəşinə tutulan tamaşanı dəstəkləyənlərin də ünvanına səsləndirilir. O cümlədən ailəsinə qarşı təhdidlər barədə bloqer Denis Kosyakov danışıb, bir az əvvəl o, əxlaq təmizliyi uğrunda mübarizə ilə bağlı təəccübünü ifadə edib.