Azərbaycanda COP29-la bağlı yeni təyinatlar
COP29 Azərbaycanda
Bu gün İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri təyin edilib. Sədrin qadın olması düqqət çəkib. Ötən həftə beynəlxalq tənqidlərdən sonra ölkə prezidenti COP29 Təşkilat Komitəsinin yenicə elan edilmiş tərkibinə dəyişiklik etmişdi. İlkin tərkib istisnasız kişilərdən ibarət olduğu halda, yeni tərkibdə 12 qadın da yer alıb.
- “Beynəlxalq hüquqa rəğmən”. Qərb və Azərbaycan münasibətlərinə dair Bakıdan şərh
- Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
- Uçurulmuş evlər, dağıdılmış məzarlıq – 32 il sonra Qaradağlıda
Yanvarın 22-də Nərmin Carçalova COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. O, Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrinin rəhbərdir.
Qeyd edək ki, Nərmin Carçalova Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb və 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramını bitirib. Daha sonra Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramını (Public Leadership Credential), 2021-2022-ci illərdə isə dünyanın nüfüzlu universitetlərindən olan London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını “Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi ilə bitirib.
2013-cü ildən Heydər Əliyev Mərkəzində beynəlxalq əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəqliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub.
Yanvarın 19-da isə ölkə başçısı İlham Əliyev İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Təşkilat Komitəsinin üzvləri sırasında dəyişiklik edib. Ancaq hökumət üzvlərindən formalaşmış, əvvəlki 28 kişidən ibarət təşkilat komitəsinə 12 qadın əlavə olunub.
“Abzas Media”nın məlumatına görə, yeni tərkib beynəlxalq tənqidlərin fonunda müəyyən edilib. Belə ki, yanvarın 13-də təsdiq olunan ilk tərkibdə qadın üzv olmayıb. “She Changes Climate” (“O (qadın), İqlimi Dəyişdirir”) kampaniya qrupu bu qərarı “reqressiv” adlandırıb. Bildirilib ki, bunun əksinə olaraq, keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 iqlim sammitinin təşkilat komitəsinin üzvlərinin 63 faizini qadınlar təşkil edib.
26 il Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) fəaliyyət göstərmiş Muxtar Babayevin COP29-un builki prezidenti seçilməsi, eyni zamanda, təşkilat komitəsində ölkənin qazpaylayıcı şəbəkəsinin rəhbərinin olması da beynəlxalq mediada tənqidlərə səbəb olub.
BBC-nin məlumatına görə, climatechangenews.com saytı Azərbaycanın COP29 komitəsinin tərkibini təsvir edərək yazıb ki, Azərbaycanın hökumət və dövlət təşkilatlarında əsas vəzifələri kişilər tutur.
Sayt həmçinin qeyd edir ki, siyahıdakı bəzi “rəsmilərin ailə üzvləri mübahisəli ofşor maliyyə sxemlərində iştirakda ittiham olunur”.
Böyük Britaniyada fəaliyyət göstərən Qadınların Bərabərliyi Partiyası da komitədə yalnız kişilərin olması qərarına qarşı çıxıb.
“Dünya alov içərisindədir, iqlimimiz böhrandadır, qadınlar qeyri-proporsional seçilib. COP29 komitəsinin planeti xilas etmək üçün inqilabi ideyası nədir? Əlbəttə ki, qadınları qərarların verilməsindən uzaqda tutmaq!”, – partiya X hesabında yazıb.
Euronews Azərbaycanın COP29-un Təşkilat Komitəsində yalnız kişilərin təmsil olunmasını “qadınların qərar qəbuletmə prosesindən kənar qalması” adlandıraraq kampaniya aparanların bunu pislədiyini yazıb.
Yanvarın 16-da ölkə başçısı İlham Əliyev yerli mətbuata müsahibəsində tənqidlərin əhəmiyyətsiz olmasına vurğu edərək demişdi ki, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər zamanı belə əsassız qarayaxmalar olur.
Ötən il dekabrın 7-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinə qərar verilib. Bu haqda Ermənistan Baş Naziri Aparatı və Azərbaycan Prezidenti Administrasiyasının birgə yaydığı ilk bəyanatıda bildirilmişdi. Birgə bəyanatın müvafiq müddəalarında deyilirdi:
“ – Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.
– Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir”.