1986-cı ilə qədər də Çernobıl AES-də qəzalar olub – yeni məxfi sənədlər açıqlanıb
1986-cı ilin aprelinə qədər də Çernobıl AES-də qəzalar baş verib, amma Sovet İttifaqı onları gizlədib. Bu haqda “DTX-nın Çernobıl dosyesi. İnşaatdan qəzaya qədər” ikinci kitabının təqdimatında məlum olub. Təqdimatı Ukraynanın Təhlükəsizlik Xidmətinin Dövlət Sənayesi Arxivi və Ukrayna Milli Anım İnstitutu keçirib.
Bu nəşrdə 229 sənəd toplanıb ki, onlardan da çoxu ilk dəfə dərc olunub. Kitabda faktiki olaraq ilk dəfə Çernobıl fəlakətinin və fəlakətə doğru aparan hadisələrin məxfi saxlanan təfərrüatları haqda bəhs olunur. Kitabın təqdimatı rəmzi olaraq Çernobıl qapalı zonasında keçirilib.
Ukrayna Təhlükəsizlik Xidmətinin Dövlət Sənayesi Arxivinin direktoru və nəşrin tərtibatçılarından biri Andrey Koqut danışıb ki, yeni kitaba daxil olan sənədlər arasında 1986-cı ildə baş verən qəzalar haqda məlumatlar, ÇAES-də aprelin 26-da gecə baş verən telefon danışıqlarının transkripti, qəza haqda ilk məlumatın nüsxəsi, istintaqın başlanması və “Sarkofaqın” tikintisi haqda məlumatlar mövcuddur.

Ukrayna Milli Anım İnstitutunun sədri Anton Droboviç əlavə edib ki, bu kitabdan: fəlakətə doğru aparan hadisələri əks etdirən, ÇAES-də daha əvvəl baş verən və gizlədilən “kiçik” qəzalardan xəbər verən reportlar və materiallardan faciəni anlamaq daha asandır.
Nəşr sənədli kitablar silsiləsinin davamıdır. 210 sənəddən ibarət birinci kitab 2019-cu ilin yazında nəşr olunub.