Çeçenistan prezidenti koronavirus şübhəsilə Moskvada xəstəxanaya yerləşdirilib
Çeçenistan prezidenti Ramzan Kadırov koronavirus şübhəsi ilə əlaqədar olaraq Moskvada həkimlərin nəzarəti altındadır. Bu haqda “Novaya qazeta” “İnterfaks” agentliyinə və “Baza” Telegram kanalına istinadən məlumat yayıb.
“Kadırovun koronavirusa yoluxması şübhəsi yaranıb, o, həkimlərin nəzarəti altındadır”, – “İnterfaks”a Moskvanın tibb çevrəsindən bir nəfər deyib. Bu informasiyanın rəsmi təsdiqi yoxdur.
Eyni zamanda anonim Telegram kanallar Çeçenistan rəhbərinin vəziyyətinin ciddi olduğuna dair təfərrüatlar yayırlar.
“Çeçenistan rəhbərinin ağciyərlərinin 70 faizi zədələnib, həkimlər anonim olaraq bildirirlər. Moskvada ən sanballı koronavirus xəstələrinin yerləşdirildiyi Mərkəzi Kliniki Xəstəxananın xüusi şöbəsində görünməmiş təlaş var. Xəstəxanadan çıxarılması mümkün olan məmurları evə göndərirlər, digərlərini başqa palatalara köçürürlər ki, hansısa super-qonaq üçün böyük “qapalı” məkanı təmizləsinlər. Mühafizə gücləndirilib, hər şey yüksək gizlilik şəraitində həyata keçirilir”, – “FortangaORG” Telegram kanalı yazıb.
- Şimali Qafqazda koronavirus: bütün regionlarda virus yayılıb, İnquşetiya müftisi ölüb
- Ramzan Kadırov “Novaya qazeta”ya qarşı
Bir qədər daha əvvəl “MBX media” nəşri Çeçenistan rəhbəri ilə əlaqələndirilən VQ-BVQ bort nömrəli təyyarənin Moskvaya uçduğunu və gündüz saatlarında “Vnukovo” hava limamına endiyini üzə çıxarıb. “Flighware” saytının məlumatları da bunu təsdiqləyir. Bununla belə Çeçenistan rəhbərinin ölkə paytaxtına səfəri rəsmi şəkildə təsdiqlənməyib.
Rəsmi məlumata əsasən, Çeçenistanda pandemiyanın əvvəlindən 1026 koronavirusa yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Çeçenistan martın sonunda ilk özünütəcrid rejimi tətbiq edən respublikadır, bundan az sonra isə burada sakinlər üçün buraxılış tətbiq edilib və bütün əraziyə giriş və çıxışlar bağlanıb. Mayın 23-dən 26-a qədər Çeçenistanda Ramazan bayramı ilə əlaqədar olaraq küçələrdə piyada və nəqliyyatla gəzmək qadağası qüvvədə olacaq.