Cənubi Osetiyada küçə etirazlarına baxmayaraq, müxalifət nümayəndəsinin qeydiyyat problemi həll olunmur
Bazar ertəsi səhər Sxival sakit görünür ki, bu da şənbə və qismən də bazar günü baş tutan qarşıdurmalardan sonra bir az təəccüb oyadır.
Həmin hadisələri xatırladan yeganə şey “İr” telekanalının efirində Cənubi Osetiyanın prezident administrasiyasının rəhbəri Alan Texanovun çıxışıdır.
“Cənubi Osetiyanın Ali Məkəməsi keçmiş prezident Eduard Kokoytının şikayəti üzrə yeni iclas keçirməyəcək, məhkəmənin qərarı araşdırıla bilməz”, – Texov deyib.
Texovun çıxışı Eduard Kokoytı və onun çoxsaylı tərəfdarlarına qəti və yekun cavab kimi səslənir.
Martın 14-də respublikanın Ali Məhkəməsi MSK-nın Eduard Kokoytının prezidentliyə namizədliyini qeydiyyatdan keçirməməklə bağlı qərarını qüvvədə saxladı, buna əsas o oldu ki, son illər ərzində Kokoytı oturum senzinin tələblərinə cavab vermək üçün respublikada kifayət qədər müddət yaşamayıb. Kokoytı MSK-nın əsaslandırmasını qəti şəkildə rədd edir, o və onun tərəfdarları artıq təkcə keçmiş prezidentin namizəd kimi qeydiyyat keçirilməsini deyil, həm də DTK və DİN rəhbərlərinin sənədləri saxtalaşdırdıqlarına görə istefasını tələb edirlər.
MSK-nın rədd cavabı verməsi Sxinvalda uzun müddət davam edən etiraz aksiyalarının keçirilməsinə səbəb oldu. Eduard Kokoytı hazırda özünü faktiki müxalifət lideri kimi təqdim edir. Ötən istirahət günlərində o, 300-500 nəfərdən ibarət böyük tərəfdarlar qrupu ilə birlikdə Sxinvalda hökumət binası qarşısına gəlmişdi. Əsas tələb dəyişməz qalmışdı – MSK və Ali Məhkəmənin qərarını ləğv etmək və Kokoytını Cənubi Osetiyanın prezidentliyə namizəd kimi qeydiyyatdan keçirmək.
Şənbə günü, martın 18-də şəhərin mərkəzini etirazçılar bağlamışdı. Hökumət binasına girişlər ancaq axşama doğru polis tərəfindən boşaldıldı.
Cənubi Osetiyanın prezident administrasiyasının rəhbəri Alan Texovun sözlərinə görə, respublika hakimiyyətinin nümayəndələri Eduard Kokoytının tərəfdarları ilə dialoqu davam etdirəcəklər. “Leonid Tibilov həmişə dialoqa hazırdır. Biz müzakirələr açığıq və qanunvericiliyimizə zidd olan məsələlərdən başqa, bütün mövzuları müzakirə etməyə həmişə hazırıq… Bir daha əhalini qanuna və sabitliyə riayət etməyə çağırıram”, – Texov deyib.
Leonid Tibilovun özü hazırda Moskvadadır, martın 21-nə onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
“Exo Kavkaza” onlayn media platforması ilə söhbəti zamanı Cənubi Osetiyanın Təhlükəsizlik Şurasının katibi Anatoli Pliyev də təsdiq edib ki, Eduard Kokoytının Leonid Tibilovla görüşününü mümkünlüyü artıq bir neçə gündür ki, müzakirə olunur.
“Demək istəyirəm ki, danışıqlar artıq baş tutub. Hətta birinci axşam (etirazların olduğu axşam) danışıqlar aparılıb, yəni Kokoytının da, Xalq partiyasının da nümayəndələri varıydı. Prezidentlə söhbət baş tutub. Müəyyən məsələlər müzakirə olunub. Gələcək üçün bəli, görüşün keçirilməsi nəzərdə tutulub…
Vəziyyəti gərginləşdirməyə heç bir ehtiyac görmürəm. Bu gərginləşmə heç kimin, o cümlədən də Eduard Cabeyeviçin xeyrinə deyil. Hər şeyi hüquq müstəvisində həll etmək lazımdır… Lazımsız emosiyalar, insanların siyasi avantüralara cəlb edilməsi problemin həllində kömək etməyəcək”.