“Rəqs, şənlik və təmiz havanı sevənlər! Bakılılar və şəhərimizin qonaqları! Sizi Bakıda Birinci Kütləvi Rəqs Open Air-a dəvət edirik. Görüş yeri – Dənizkənarı parkda Kukla teatrının arxasındakı gözəl meydança. Hər şənbə 19:00-da! Musiqi səslərinə tərəf gedin, ürəyiniz sizi aldatmayacaq!
Bu nəsə tamamilə yeni bir şey idi. Adətən Azərbaycanda ancaq üç yerdə rəqs etmək olar: toyda, gecə klubunda ya da rəqs məktəbində. Diskotekalar artıq 90-cı illərin sonlarında yoxa çıxdı. Publikamız kütləvi tədbirlərdə sərbəstliyi ilə heç vaxt seçilməyib, elə indi də seçilmir. Rəqs fleşmobları kimi hadisələr isə əslində əvvəlcədən qurulur, əsaslı surətdə məşq olunur və yuxarı instansiyalarla razılaşdırılırlar.
Təşkilatçı, Badi Kuba rəqs məktəbi “Kütləvi Rəqs Open Air-i hər şənbə keçirməyi planlaşdırır. Müxtəlif rəqs üslubları təklif olunur. İlk şənbə salsa idi.
https://vimeo.com/167882683
Bir neçə cütlük, rəqs məktəbinin tələbələri rəqs edirdi. Bakılıların bulvarda onlara qoşulub, kütləvi şəkildə salsaya başlamağını gözləmək heç dəyməzdi də – bizimkiləri hər halda salsa oynamağı öyrətmək lazımdır. Gələn dəfə daha asan nəsə seçəcəklərini və tədbirin doğrudan da kütləvi şəkil alacağına ümid etmək qalırdı.
Gələn şənbə isə artan ancaq tamaşaçıların sayı oldu. Düzdür, bu dəfə salsadan başqa həm də ləzginka oynadılar, amma bu dəfə də tamaşaçılar milli musiqi altında öz çıxışına başlayan mehriban kollektivə qoşulmağa çəkindilər, düzdür bacarmazdılar da. Publikadakı uşaqlar bir az rəqs etdilər. Bir sözlə, başqaların rəqsini izləmək istəyənlər böyük həcmdə həzz və pozitiv emosiya aldılar.
Gecəyə doğru entuziastların sayı artdı və rəqs məktəblərinin sıx sıralarına bir neçə “sadə vətəndaş da qoşuldu. Amma bu da hələ kütləvi tədbirə bənzəmirdi: az sayda rəqqas və ətraflarına yığışan kütlə – bu, daha çox özfəaliyyət konsertinə oxşayırdı. Düzdür, bu xəbər portallarına hadisəni bütün bulvarı əhatə edən rəqs ekstazı kimi təsvir etməyə mane olmadı.
Təşkilatçılar gələcəkdə master-klaslar keçirməyə və musiqi çeşidini artırmağa söz verirlər. Ümid edək ki, Azərbaycan publikası hip-hopun sədaları altında oynamağa utanmayacaq və rəqs meydançasına çıxacaqlar.