“Böyük Bakı səddi” – 10 metrlik piyada keçidi Azərbaycan paytaxtının sakinlərini qəzəbləndirib
Bakının Xətai rayonunda Ukrayna dairəsinin yaxınlığında Neapol küçəsində yeni yerüstü piyada keçidinin inşası şəhər sakinlərini qəzəbləndirib – əksəriyyət bu keçidi yöndəmsiz və narahat hesab edir. Bu nəhəng əcaib konstruksiyanı artıq “Böyük Bakı səddi” (Böyük Çin səddinə analoji olaraq) adlandırıblar. Məmurlar isə bildirirlər ki, sadəcə piyadaların təhlükəsizliyinin qayğısına qalırlar.
• Qeyb olan dəmiryolu: Gürcüstandan foto-hekayə
Yol səviyyəsindən 10 metr yüksəkdə
Yeni piyada keçidi yoldan demək olar ki, 10 metr yüksəkdə, adi keçidlərdən iki dəfə hündür olacaq – 1news saytı məlumat verir. Keçidin uzunluğu 76 metr, eni 4 metrə yaxın olacaq. Körpü metro və parkı birləşdirəcək.
Yolun bu hissəsində artıq piyada zolaqları var, amma məmurlar hesab edirlər ki, təhlükəsizlik üçün bu azdır.
“Burada mütəmadi olaraq piyadalar vurulur”, – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Anar Nəcəfli izah edir.
O, körpünün ölçülərindən qorxmamağa çağırıb və keçiddə iki avtomatik pandusun və liftlərin quraşdırılacağını vəd edib. Eskalatorlar haqda heç nə deyilməyib.
Mürəkkəbləşdirmək nəyə lazımdır?
Bakılılar məmurun vədlərinə inanmırlar, yeni körpünü yöndəmsiz adlandırır və bütün parametrlər üzrə tənqid edirlər:
“Pandusları orada hara quraşdıracaqlar? Lap quraşdırsalar da, onlar neçə gün işləyəcək?”;
“Nə bir gözəlliyi, nə də rahatlığı var! Bədheybət tırtıl!”;
“Bu keçid israfçılıq və korrupsiya rəmzidir”;
Ağrılı mövzunun kəskinləşməsi
Yerüstü və yeraltı keçidlər bakılılar üçün ağrılı mövzudur. Çoxları hesab edir ki, onlar insanların həyatını asanlaşdırmır, əksinə, cətinləşdirir.
Məsələn, bu keçidlərin və körpülərin əksəriyyətində eskalatorlardan biri işləmir (əgər ümumiyyətlə eskalator varsa).
Üstəlik, bəzən bu keçidlər az hərəkətli dar küçələrdə quraşdırılır və nəyə lazım olduqları aydın deyil.