Bloger Lapşin Azərbaycan prezidentinə əfv ərizəsi ilə müraciət edib
Paylaşmaq
Paylaşmaq
Bir aydan çoxdur ki, Bakıda istintaq təcridxanasında saxlanılan bloger Lapşinin vəkili Eduard Çernin martın 13-də müvəkkili ilə görüşüb. Çerninin sözlərinə görə, Lapşinin kamerada saxlanma şəraitilə bağlı şikayəti yoxdur. Novruz bayramı günlərində o bir daha öz qohumları ilə görüşə biləcək.
Vəkil əlavə edib ki, Aleksandr Lapşin və onun anası Bella Lapşin Azərbaycan prezidenti İlham Əliyevə əfv ərizəsilə müraciət edib, – müsavat.com saytı xəbər verir.
Çernin həmçinin bildirib ki, hazırda Lapşinin işi üzrə istintaq davam edir, amma məhkəmənin vaxtı hələ dəqiq bəlli deyil.
Tanınmış hüquqşünas, dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev bildirir ki, Lapşin prezidentin əfvini gözləyə bilməz, çünki onun haqqında hələ məhkəmə hökmü yoxdur.
“O, amnistiya ilə azad edilə bilər, amma çətin ki, Parlament bir nəfərdən ötrü belə bir qərar qəbul etsin. Ən yaxşı yol prokurorluğun cinayət işinə xitam verməsidir. Bir ay kamerada keçirəndən sonra Lapşin öz səhvini başa düşüb, odur ki, layihənin uğurla başa çatdığını hesab etmək olar”, – Mehdiyev müsavat.com saytına bildirib.
40 yaşlı səyahətçi bloger Aleksandr Lapşin 2016-cı il dekabrın 15-də Azərbaycanın sorğusu əsasında Minskdə saxlanılıb. O, dövlət sərhədini qanunsuz keçməkdə (Dağlıq Qarabağa getdiyi üçün) və internetdə dərc etdiyi məqalələrində Azərbaycan siyasətini tənqid etdiyi üçün dövlətə qarşı fəaliyyətində ittiham olunur.
2017-ci il fevralın 7-də Lapşin Minskdən Bakıya ekstradisiya edilib.
“Diliuzun blogerin” işi haqda daha ətraflı JAMNews-un məqaləsində tanış olmaq mümkündür.