Naməlum şəxs “Exo Moskvı”nın aparıcısı Tatyana Felqenqaueri Rusiya radiostansiyasının redaksiyasında yaralayıb, “Novaya qazeta”ya “Exo Moskvı”nın redaktoru Aleksey Venediktov deyib.
Jurnalisti təcili tibbi yardım maşını ilə aparıblar. Həkimlər onun həyatına təhlükə olmadığını deyir.
Venediktovun sözlərinə görə, hücum edən tək olub. Onu radiostansiyanın mühafizəsi yaxalayıb və polisə təhvil verib.
“Bu gün saat iki radələrində “Exo Moskva”ya naməlum şəxs daxil olaraq, mühafizəçinin gözünə balonla qaz sıxıb (o hələ də görmür və zərərçəkən sayılır). Daha sonra o bizim redaksiyaya soxulub, koridorla qaçıb və jurnalistə hücum edib. O, bilərəkdən Tatyana Felqenqaurə hücum edib və bilərəkdən onu bıçaqla boğazından vurub. Tatyananı təcili tibbi yardım maşını aparıb, huşu üstündə idi. Həkimlərin sözlərinə görə, onun həyatı üçün təhlükə yoxdur. Hücum edəni bizim mühafizə tutub və polisə təhvil verib” – Venediktov deyib.
Hazırda hadisə yerində istintaq hərəkətləri aparılır. Moskva üzrə DİN idarəsinin mətbuat xidmətinin məlumatına görə, “ilkin olaraq cinayətkarın xarici ölkə vətəndaşı olduğu müəyyən olunub”.
“İnterfaks”ın mənbəyə istinadən verdiyi məlumata görə, hücum aparıcının jurnalist fəaliyyəti ilə bağlı deyil, kişi guya Felqenqauerlə tanış imiş və “şəxsi motivləri” var imiş.
Rusiya Baş Prokurorluğu jurnalistə hücum hadisəsini “yolverilməz” adlandırıb və işi öz nəzarətinə götürüb.