Batumidə korrupsiya ittihamı ilə yeddi vəzifəli şəxs həbs olunub
Gürcüstan prokurorluğu Batumidə yüksək ranqlı yeddi nəfər keçmiş və hazırkı məmuru saxlayıb. Onların arasında Acara Muxtar Respublikasının təhsil naziri səlahiyyətlərini yerinə yetirən Baqrat Manvelidze, keçmiş Batumi meri Giorgi Yermakov və şəhərin mer müaviniTengiz Petridze də var.
Onlardan başqa muxtar respublikanın iqtisadiyyat və maliyyə nazirinin müavini Arçil Vanadze, Batumi meriyasının Əmlak və Xidmət İdarəsinin rəisi, Tədarük və İnfrastruktur İdarəsinin rəhbəri də saxlanılıb.
•Gürcüstan – “bir nömrəli islahatçı ölkə” və ya “elitar korrupsiya” yuvası?
“Sosial ev” və yoxa çıxan şirkət
Saxlanılanlara xüsusilə böyük məbləğdə dövlət vəsaitinin talan edilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb. Məsələ 2015-ci ildə “Sosial ev” inşaatı ilə bağlı keçirilən tenderlə bağlıdır.
“Sosial ev” hakimiyyətin muxtar respublikaya çoxdankı vədidir. Layihəyə əsasən, yeni binada mənzillər təbii fəlakət üzündən doğma kəndlərini tərk etməcə məcbur olmuş ekoloji miqrantlara və sosial müdafiə olunmamış ailələrə verilməlidir.
Tenderdə “Konvent Georgia” şirkəti qələbə qazanıb və avans qismində 1,4 milyon lari (500 min dollardan çox) alıb. Amma 250 min dollarlıq iş görüb və “yoxa çıxıb”.
Prokurorluq qeyd edir ki, dövlət pulları geri qaytara bilməyib, çünki şirkətin təqdim etdiyi maliyyə zəmanətinin “saxta, mövcud olmayan” təşkilat tərəfindən verildiyi ortaya çıxıb.