Batumidə "Beşiktaş"ın iştirakı ilə keçirilən futbol matçı Gürcüstanla Türkiyə arasında siyasi gərginliyə səbəb olub
“Beşiktaş”ın Batumidəki matçı
Batumidə Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” (Beer-Şeva) klubları arasında keçirilən Avropa Liqası matçı Gürcüstan ilə Türkiyə arasında siyasi gərginliyə səbəb olub. Türkiyə hakimiyyəti türkiyəli azarkeşlərlə Gürcüstan polisi arasında baş verən qarşıdurmaya sərt reaksiya verib. Tribunalardakı toqquşmalardan cəmi bir neçə saat sonra Türkiyənin üç naziri gürcüstanlı həmkarları ilə əlaqə saxlayıb. Gürcüstan polisinin hərəkətləri Türkiyə Prezident Administrasiyası, idman naziri və hakim partiya tərəfindən pislənilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşları “Beşiktaş” azarkeşləri törədiblər. Nazirlik üç polis əməkdaşının xəsarət aldığını, 16 nəfərin isə saxlanıldığını bildirib.
Nə baş verib?



Gərginlik hələ matç başlamazdan əvvəl, “Beşiktaş” azarkeşlərinin yürüş keçirdiyi şəhər küçələrində yaranıb. InterPressNews-un məlumatına görə, yürüş iştirakçıları polisin tələblərinə əməl etməyərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atmağa başlayıblar. Cavab olaraq polis bibər qazından istifadə edib.
Matç saat 21:45-də “Batumi Arena” stadionunda başlayıb. “Azadlıq Radiosu”nun istinad etdiyi Türkiyənin TRT Spor telekanalının görüntülərində polis əməkdaşlarının tribunalarda Fələstin bayrağı tutan iki azarkeşə yaxınlaşaraq bayrağı onların əlindən aldığı görünür. Bundan sonra qarşıdurma başlayıb.
Azarkeşlər tribunalardakı oturacaqları sındırmağa başlayıblar. Polis yenidən bibər qazından istifadə edib, qarşıdurma isə futbol meydançasına keçib. Birinci hissədə matç təxminən yarım saatlıq dayandırılıb və saat 22:45-də bərpa olunub.
Ankara necə reaksiya verib?
Türkiyə mediasının məlumatına görə, xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefon danışığı aparıb. “Anadolu” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki baş konsulluğunun nümayəndələri stadionda olublar.
Daxili işlər naziri Mustafa Çiftçi gürcüstanlı həmkarı Sulxan Tamazaşvili ilə əlaqə saxlayıb. Türkiyə tərəfinin məlumatına görə, Çiftçi türkiyəli azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq edilməsindən narazılığını bildirib və onların Türkiyəyə təhlükəsiz qayıtmalarının təmin olunmasını tələb edib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Gürcüstanın ədliyyə naziri Paata Saliya ilə söhbətindən sonra saxlanılan Türkiyə vətəndaşlarının dərhal azadlığa buraxılmasını gözlədiyini bildirib. O, həmçinin insidentdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.
Hadisəyə ən sərt reaksiyanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası verib. Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib:
“Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən matç zamanı polisin azarkeşlərimizə qarşı qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm”.
Duranın sözlərinə görə, Fələstin xalqı ilə həmrəyliyin dinc şəkildə ifadə edilməsi zorakılığa və ya güc tətbiqinə haqq qazandıra bilməz.
Gənclər və idman naziri Osman Aşkın Bak təhlükəsizlik qüvvələrinin “qeyri-mütənasib müdaxiləsini” pisləyib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Fələstinə dəstək ifadə edən banner və bayraq nümayiş etdirdiklərinə görə azarkeşlərə qarşı güc tətbiq edilməsinin qəbuledilməz olduğunu bildirib. Çelik İsrail komandasının meydançadakı davranışını “simulyasiya” (özünü zədə almış kimi göstərmək) kimi qiymətləndirib.
“Beşiktaş” klubu yaydığı bəyanatda məsələ ilə bağlı Türkiyənin Batumidəki baş konsulluğuna və UEFA-ya müraciət etdiyini bildirib. Klubun məlumatına görə, prezident Ərdoğan “Beşiktaş”ın prezidenti Serdal Adalıya vəziyyətin inkişafını diqqətlə izlədiyini bildirib. “Anadolu” agentliyinin məlumatına görə, “Fenerbahçe”, “Galatasaray” və “Trabzonspor” da daxil olmaqla, Türkiyənin daha altı klubu “Beşiktaş”a dəstəyini ifadə edib.
Gürcüstan DİN: qarşıdurma bayraqla bağlı insidentdən əvvəl başlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bəzi türkiyəli azarkeşlər hələ Avropa meydanından “Batumi Arena” stadionuna doğru yürüş zamanı aqressiv davranıblar.
Nazirlikdən bildirilib ki, onlar ictimai asayişi pozublar: nalayiq ifadələr səsləndirib, müxtəlif əşyalar atıblar, həmçinin polisin tələblərinə əməl etməkdən imtina edərək hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fiziki qarşıdurmaya giriblər.
Stadionda azarkeşlər oturacaqları sındıraraq polis əməkdaşlarına atıblar. Vəziyyəti nəzarət altına almaq üçün polis xüsusi vasitələrdən istifadə edib.
Nazirlik xarici medianın Fələstinə dəstək ifadə edən bayraq və bannerlərə görə güc tətbiq edildiyi barədə iddialarını təkzib edib.
Qurumun açıqlamasına görə, aqressiv davranışlar və polislə toqquşmalar hələ yürüş zamanı, bu simvolların nümayiş etdirilməsindən xeyli əvvəl başlayıb. Nazirlik həmçinin vurğulayıb ki, Gürcüstan qanunları vətəndaşlığından və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsə şamil edilir.
“Azadlıq Radiosu”nun istinad etdiyi Türkiyənin TRT Spor telekanalının görüntülərində polis əməkdaşlarının tribunalarda Fələstin bayrağı tutan iki azarkeşə yaxınlaşaraq bayrağı onların əlindən aldığı görünür.
Bundan dərhal sonra qarşıdurma başlayır. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Tamazaşvili Çiftçiyə bayraqların Gürcüstanın dövlət qulluqçuları deyil, UEFA nümayəndələri tərəfindən götürüldüyünü bildirib. O, həmçinin müavinini stadiona göndərdiyini qeyd edib. Gürcüstan tərəfi telefon danışığının məzmunu barədə öz açıqlamasını yaymayıb.
Matçın nəticəsi və saxlanılanlar
Birinci hissədə matç təxminən yarım saatlıq dayandırılıb və saat 22:45-də bərpa olunub. “Beşiktaş” 2:1 hesabı ilə qələbə qazanıb.
Türkiyə mediasının məlumatına görə, saxlanılan Türkiyə vətəndaşlarının demək olar ki, hamısı Türkiyənin Tbilisidəki səfirliyinin müdaxiləsindən sonra azadlığa buraxılıb. Həmin mənbələrdə xəstəxanada olan iki azarkeşin konsulluq əməkdaşlarının iştirakı ilə evə buraxıldığı da bildirilir. Gürcüstan tərəfi saxlanılanların azadlığa buraxılması barədə məlumatı hələlik təsdiqləməyib.
Matç niyə Batumidə keçirilib?
Matç İstanbulda keçirilməli idi, lakin Türkiyə hakimiyyəti təhlükəsizlik riskləri səbəbindən bunun mümkün olmadığını UEFA-ya bildirib. Oktyabrın 30-da UEFA matçın Batumidə tamaşaçıların iştirakı ilə keçiriləcəyini açıqlayıb.
Qəzza zolağındakı müharibə səbəbindən Türkiyə ilə İsrail arasında münasibətlər kəskin şəkildə pisləşib. 2024-cü ilin noyabrında “Beşiktaş” və “Makkabi” (Təl-Əviv) arasında keçirilməli olan matç Macarıstana köçürülüb və tamaşaçısız keçirilib.
“Beşiktaş”ın Batumidəki matçı