Baş nazirdən yeni Ermənistan haqda 100 fakt
Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci il mayın 8-də bu vəzifəyə seçilib. Ölkənin ən yüksək kürsüsündə keçirdiyi bir ilin sonunda o, mətbuat konfransı təşkil edib. Baş nazir yeni, “inqilabdan sonrakı” Ermənistanla bağlı yüz fakt açıqlayıb. Onun sözlərinə görə, əlamətdar faktlar daha çoxdur, amma 100 faktla kifayətlənməyə çalışıb.
Paşinyan nədən başlayıb?
Çıxışı zamanı Nikol Paşinyan praktiki olaraq ölkə həyatının və öz fəaliyyətinin bütün sahələrinə toxunub.
Mətbuat konfransı iqtisadi göstəricilərdən başlayıb. Birinci növbədə Ermənistanın baş naziri birinci rübdə büdcə daxilolmalarının 25 faiz plandan artıq olduğunu bəyan edib. Dövlət büdcəsi gəlirləri 62 milyard dram (127 milyon dollar) artıb, az əvvəl isə 40 milyard dram (82 milyon dollar) haqda danışılırdı.
Paşinyanın sözlərinə görə, istehakçılara verilən nəzarət-kassa çekləri 40 faiz çoxalıb. Baş nazirin fikrincə, bu, biznesdə və vergi idarəçiliyində şəffaflıq səviyyəsinin yüksəlməsinin nəticəsidir.
Üstəlik, son bir ildə 51 000 iş yeri “kölgə” sektorundan çıxarılıb. Ehtimal olunur ki, bunların bir qismi yeni iş yerləridir.
Mətbuat konfransı zamanı Nikol Paşinyan həmçinin bildirib ki, qanunvericilik islahatları sayəsində Ermənistanın kommersiya bankları 20 min ölkə sakininin borc və cərimələrini silib. Silinən borcların ümumi məbləği 11,5 milyard dram (23 milyon dollar) təşkil edib.
Kimlərin əməkhaqqı artacaq?
Baş nazir hərbçilərin və müəllimlərin əməkhaqlarının 10 faiz və daha artıq artırıldığını xatırladıb. O qeyd edib ki, əməkhaqlarının qaldırılması artıq tibb işçilərini, Ermənistan AES-in əməkdaşlarını və ali məktəb müəllimlərini də əhatə edib.
Hakimiyyət güc strukturlarında çalışanların əməkhaqlarının qaldırılmasına xüsusi diqqət yetirir. Milli Təhlükəsizlik Xidmətində və polisdə maaşlar 30 faiz artırılıb.
“Ermənistanın eks-prezidentinin həbsi – ən böyük nailiyyət”
Nikol Paşinyan növbəti dəfə vurğulayıb ki, Ermənistanda siyasi məhbus və repressiyaya uğramış şəxslər yoxdur.
Baş nazir kürsüsündə keçirdiyi bir il ərzində ən böyük nailiyyəti kimi konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın eks-prezidentinin həbsini göstərir.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində baş nazirin keçmiş müavini, keçmiş müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəhbəri, keçmiş ekologiya naziri, Məhkəmə Qərarlarının Məcburi İcrası Xidmətinin keçmiş rəisi də cəlb olunub.
“Bundan başqa təqsirləndirilən şəxs qismində iki fəaliyyətdə olan nazir, Dövlət Nəzarət Xidmətinin rəhbəri və digər məmurlar da cəlb olunub. Mən bu haqda statistika kimi danışıram, bu insanların günahsızlıq prezumpsiyasını pozmadan, çünki bu, misilsiz statistik məlumatlardır”, – Paşinyan bildirib.
• Ermənistanda korrupsiya ilə mübarizə artıq baş nazirin komandasına çatıb
“Qanadlarını kəsərəm”: baş nazir ölkə hakimiyyəti daxilində parçalanma mövzusuna toxunub
Jurnalistlərin ilk sualları isə apreldə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryana qarşı qaldırılan cinayət işi ilə bağlı olub.
Paşinyan elə özünün vəzifəyə təyin etdiyi David Sanasaryanın səlahiyyətlərinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib.
Sanasaryanın işi ilə əlaqədar olaraq jurnalistləri əsasən bu gün ölkə hakimiyyəti daxilində parçalanmanın, prosesə müdaxilə edə biləcək hər hansı “qanadın” olub-olmadığı maraqlandırıb.
“Məgər mən elə adama oxşayıram ki, baş nazir olum və mənə rəğmən hakimiyyət daxilində qanadlar olsun və onlar… nə bilim. Hakimiyyətdə, xüsusən də icra hakimiyyətində qanad ola bilməz, çünki hökumət və icra hakimiyyəti vahid orqandır və onlara baş nazir rəhbərlik edir. Əgər qanadlar əmələ gəlsə, onları kəsərəm”, – Paşinyan bildirib.
“Əvvəlki hakimiyyət MTX-da bir sıra sənədi məhv edib”
Mətbuat konfransı zamanı Nikol Paşinyan sensasiyalı bəyanatla çıxış edib. O, bildirib ki, əvvəlki hakimiyyət getməzdən əvvəl Milli Təhlükəsizlik Xidmətinin arxivində bir sıra sənədi məhv edib:
“Bu iş üzrə artıq bir neçə ay strukturda xidməti araşdırma aparılır”.
Paşinyan deyib ki, hələlik bu sənədlərdə nə olduğu bəlli deyil. Amma o, əvvəlki hakimiyyət nümayəndələrinin əməllərini cinayət kimi dəyərləndirib.
Qarabağdakı vəziyyət haqda – “biz yarımüharibə vəziyyətindəyik”
Paşinyan atəşkəsin intensiv pozulması fonunda Qarabağda yenidən hərbi əməliyyatların başlanması ehtimalını şərh edib.
Onun sözlərinə görə, son iki ayda ön cəbhədə müəyyən gərginlik var, amma stabillik qorunur:
“Əgər gündəlik atışma baş verirsə, deməli, biz yarımüharibə şəraitindəyik”, – baş nazir bildirib.
Nikol Paşinyan danışıb ki, Azərbaycan prezidenti ilə yoluna qoyulmuş rabitə kanalı vasitəsilə informasiya mübadiləsi aparırlar.
“Mən ümid edirəm ki, nəyin niyə baş verdiyini anlaya biləcəyik. Mən bizim yaralı hərbçilərimizə tezliklə sağalmağı diləyirəm”, – Paşinyan bildirib.
Rusiya qazı
Rusiya qazının qiyməti ilə bağlı sualın cavabında Nikol Paşinyan bildirib ki, Ermənistan tərəfi Rusiya ilə razılaşmağa ümid edir.
“Müzakirələr, danışıqlar davam edir. Biz öz mövqeyimizi aydın şəkildə qeyd etmişik, ümid edirik ki, rusiyalı həmkarlarımızla razılıq əldə edə biləcəyik”, – Paşinyan deyib.
Apreldə Moskvada hökumətlərarası komissiyanın iclasında Ermənistan tərəfi qazın qiymətinin beşillik planlaşdırılması ilə bağlı təklif irəli sürüb. İyulun 1-ə qədər razılaşma layihəsi təqdim ediləcək və orada sərhəddə qazın qiymətinin formalaşması mexanizmi qeyd olunacaq.
2019-cu il yanvarın 1-dən Rusiya qazının qiyməti hər min kubmetrə görə 150 dollardan 165 dollara qalxıb, əhali üçün isə şirkətin xərclərinin azalması sayəsində qiymət eyni qalıb.