İnqilabın fəal iştirakçılarından biri, Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır " />

Ermənistanda korrupsiya ilə mübarizə artıq baş nazir komandasına da toxunub

İnqilabın fəal iştirakçılarından biri, Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır

Ermənistanda korrupsiya ilə sərt mübarizə baş nazirin komandasına, yəni ötən ilin aprel inqilabından sonra hakimiyyətə gələnlərə də toxunub. Dövlət Nəzarəti Xidmətinin rəhbəri David Sanasaryan vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırır. Onun səlahiyyətləri dayandırılıb.

Sanasaryan konkret nədə günahlandırılır?

Sanasaryanla bağlı məsələ fevraldan başlayıb. O zaman onun rəhbərlik etdiyi xidmətin məmurları: Dövlət Satınalmalarına Nəzarət İdarəsinin rəisi Samvel Adyan və tibbi avadanlıqlar üzrə mütəxəssis Gevorq Xaçatryan cinayət işi çərçivəsində saxlanılmışdı. Cinayət işi hemodializ üçün tibbi avadanlıqların çatdırılması üzrə tenderə müdaxilə ehtimalı ilə bağlı qaldırılıb.

Dövlət Nəzarət Xidmətinin hər iki əməkdaşına qarşı aşağıdakı ittihamlar irəli sürülüb:

  • dövlət satınalmaları prosesinə qanunsuz müdaxilə,
  • vəzifə səlahiyyətlərindən sui-istifadə,
  • qanuni sahibkarlıq fəaliyyətinə mane olmaq.

İstintaqın məlumatına əsasən, 2018-ci ildə onlar tibbi avadanlıqların alınması prosesinə qanunsuz müdaxilə edib və konkret ticarət təşkilatının tenderdə qələbəsini təmin ediblər.

Xidmət məmurlarının saxlanılması haqda məlum olanda Sanasaryan jurnalistlərə bəyan etmişdi ki, onları şəxsən işə qəbul edib:

“Samvel Adyan və Gevorq Xaçatryan Dövlət Nəzarət Xidmətinin ən təhsilli və ən yaxşı əməkdaşlarındandır”.

Ermənistan Dövlər Nəzarət Xidmətinin rəhbərinə qarşı isə ittiham aprelin 18-də irəli sürülüb. Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, cinayət işi çərçivəsində Sanasaryanın təqsirinə dair sübutlar aşkarlanıb. O, nəinki öz öhdəliklərini yerinə yetirməməkdə, həmçinin faktiki olaraq öz əməkdaşları tərəfindən idarə olunan şirkətlərin sahibkarlıq fəaliyyətini dəstəkləmək üçün öz vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

Bununla əlaqədar olaraq David Sanasaryanın səlahiyyətlərinin müvəqqəti olaraq dayandırılması haqda qərar qəbul olunub.

Ermənistanın baş naziri Dövlər Nəzarət Xidmətinin rəhbəri və öz inqilab silahdaşı David Sanasryana MTX-nın istintaq departamentinin qərarına əməl etməyi tapşırıb. Amma baş nazirin mətbuat katibinin sözlərinə görə, Nikol Paşinyan “Sanasaryanı vəzifədən uzaqlaşdırmaq niyyətində deyil, çünki günahsızlıq prezumsiyasına hörmətlə yanaşır”.

Sanasaryanın özü irəli sürülmüş ittiham haqda nə deyir?

David Sanasaryan irəli sürülən ittihamı qəbul etmir. O bildirib ki, heç kim və heç vaxt onun adını korrupsiya ilə əlaqələndirə bilməyəcək. Facebook səhifəsində Sanasaryan yazıb:

“Yeni Ermənistan uğrunda mübarizə davam edir. Mənə qarşı ittihamlar saxtadır və bunun sübuta ehtiyacı yoxdur… Məni korrupsiya ilə əlaqəmin olmasındansa Kennedinin qətlində şübhəli bilmək daha əsaslı olardı”.

 “Siyasi təqib istisnadır”

Milli Məclisin vitse-spikeri Lena Nazaryan Dövlət Nəzarət Xidmətinin rəhbərinə qarşı siyasi təqibi istisna edib.

“Həmçinin təqsirli olduğu təqdirdə kiminsə cəzasız qalacağı da istisnadır” – Nazaryan vurğulayıb.

Onun sözlərinə görə, korrupsiya ilə mübarizədə hakim partiya şəxsləri özününkü və yadlara bölməyəcək.

“Düşünürəm ki, siz artıq buna əmin olmusunuz”, – vitse-spiker bildirib.

 David Sanasaryan kimdir?

Uzun zaman David Sanasaryan vətəndaş fəalı olub. 2007-ci ildən “İrs” partiyasının üzvü idi. Amma ötən il baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyasına keçib.

Sanasaryan 2018-ci il “məxməri” inqilabının əsas və ən fəal iştirakçıların biri olub.

 Dövlət Nəzarəti Xidməti haqda

Dövlət Nəzarəti Xidmətinin yaradılması haqda qanun Ermənistan parlamenti tərəfindən 2018-ci ilin fevralında qəbul edilib. Yeni xidmətin dövlət strukturları üzərində audit və nəzarət məsələlərində geniş səlahiyyətləri var. Üstəlik bu qurum yalnız baş nazirə tabedir.

Sanasaryan xidmət rəhbəri vəzifəsinə ötən il mayın sonunda təyin edilib.

Facebook Comments

More on JAMnews