Bakının otelləri qonaqlardan nikah şəhadətnaməsi tələb edirlər – niyə?
Bakının bir çox otelləri otaqda qadınla kişini yerləşdirmək üçün nikah şəhadətnaməsini təqdim etməyi tələb edirlər. Bu, Azərbaycan qanunvericiliyi ilə heç bir əlaqəsi olmayan şəxsi təşəbbüsdür. Sahiblər bunu otellərini “ailə” otelləri kimi təqdim etməkləri ilə izah edirlər. Biz də bu biznesdə nikahdan kənar seksə qadağanın necə işlədiyini aydınlaşdırmaq üçün Bakı otellərində reception işçiləri ilə danışdıq.
“Varlı insanların dünyası”
İlk aydınlaşdırdığımız bu oldu ki, prestijli, bahalı otellərdə heç bir qadağa yoxdur. Burada otaqlarda bir gecənin qiyməti 150 dollardan 400 dollara qədərdir.
“Elit otellərdə evli olmayan cütlükləri qəbul etmək qadağası yoxdur, çünki bu, brend tərəfindən qadağan olunur. Otel şəbəkəmizin müştəriləri bu halda məhkəməyə müraciət edə bilərlər və udurlar. Qayda həm yerlilərə, həm də əcnəbilərə aiddir. Ancaq təhlükəsizlik üçün qonağın pasportunu skan edə bilərlər”.
“Bahalı otellərdə sənin yanına qız gəlibsə və sən artıq otaqda qeydiyyata düşmüsənsə, onun pasportunu skan edib, sənin otağına yola salırlar. Düzdür, əvvəlcə sənin kimisə gözləyib-gözləmədiyini dəqiqləşdirirlər. Amma sən artıq qızla otağa gəlmisənsə, heç bir sual verilməməlidir”.
Hər şey turistlər üçün
Bahalı olmayan otellərin (bir gecəyə 20 dollardan 40 dollara qədər) keçmiş işçilərinin bizə danışdığına görə, nikah şəhadətnaməsi həqiqətən də otellərin böyük əksəriyyəti üçün otağın cütlüyə verilməsi zamanı sərt bir qaydadır. Amma adətən bu qayda turistlərə heç də həmişə şamil olunmur. Respondentlərimizin dediklərində tez-tez “ərəblərin” adı hallanır – bu, ərəb ölkələrindən gələn turistlərdir, Azərbaycan 2016-cı ildən onlar üçün viza rejimini asanlaşdırıb.
“Yerliləri buraxmırdılar, mən də – reception-da işləyirdim – müdiriyyətin bunu tələb etdiyini izah etməli olurdum. Ərəbləri isə qızlarla buraxırdılar. Düzdür, əvvəldən belə olmadı, sonradan menecer dedi ki, bundan artıq gəlir gəlir. Qızlar isə bəzən çox gənc olur, əsasən də rayon qeydiyyatlı”.
“Yerliləri buraxmırdılar, müdiriyyət cərimədən qorxurdu. Nəzərə alın ki, cərimədən ancaq “krışası” olmayan menecerlər qorxur. Yerliləri buraxmayanda adətən mənimlə mübahisə etmirdilər, amma telefonda cəhd edirdilər. Mən də cavab vermədən, dəstəyi qoyurdum”.
Hər yerdə tək Azərbaycan vətəndaşları diskriminasiyaya məruz qalmır – turistlər də şikayət edir ki, Bakıya məzuniyyətə gələn gənc qızla oğlan saatlarla onlardan nikah şəhadətnaməsi tələb olunmayan otel axtarışı ilə şəhəri dövrə vura bilərlər.
Çoxmərtəbəli kriminal
Recepsion işçilərinin danışdıqlarından məlum olur ki, Bakı otellərinin korporativ mədəniyyəti başdan ayağa təzadlardan ibarətdir.
Bir tərəfdən, otellər nümayişkaranə şəkildə nikahdankənar seksə yol verməkdən imtina etməklə “ailə oteli” imici yaratmağa çalışırlar. Heç kim onlara bunu qadağan edə bilməz, çünki özəl biznesdə xidmət satıcısının istənilən müştəriyə xidmət göstərməkdən imtina etmək hüququ var.
Digər tərəfdən, bir çox otellərdə turistlərə Azərbaycan mentalitetində qəti tabu altında olan şeylər icazə verilir – məsələn, onların yanına istənilən cinsdən olan seks biznes işçiləri gəlir. Respondentlərdən biri danışır ki, reception-da çox cazibəli bir qız öz kişi pasportunu təqdim edərək, “yanına gəldiyi ərəbə heç nə danışmamağı xahiş etdi”.
Azərbaycan vətəndaşlarına qarşı “sərtliyin” motivləri də axıra qədər aydın deyil, çünki tək evli cütlüklərə otaq vermək qərarını menecerlər adətən polis qarşısında qorxu ilə izah edirlər. Onların dediyinə görə, otel sahibləri polisin vaxtaşırı olaraq təşkil etdiyi “pritonların” üzə çıxarılması reydlərindən qorxurlar.
“Kiçik otellərdə təşəbbüs otel sahibindən gəlir. Bəziləri cütlükləri ona görə buraxmır ki, polis reydlərindən, “priton saxlamaq” ittihamından qorxur”.
“Menecer nikah şəhadətnaməsi olmadan qeydiyyata almağı icazə vermirdi, bunu da onunla izah edirdi ki, polisin onu insan alverində ittiham edəcəyindən və rüşvət tələb edəcəyindən qorxur”.
Bəzən bu qorxular absurd həddinə çatır:
“Deyirlər ki, otelə cütlük gəlir, sonra da məlum olur ki, bu, fırıldaqçılardır, qız polisə şikayət edir ki, onu zorlayıblar, otel sahibi isə cinayətdə əlbir olmaqda ittiham olunur”.
Aydın olmayan odur ki, söhbət “ərəblərdən” və həmin o “artıq gəlir”dən gedəndə bu şantaj qarşısında qorxu hara yox olur. “Ancaq şəhadətnamə” ilə otelinin keçmiş işçisi bunları danışır:
“Tanış fahişə varıydı, hərdən onu ərəblər üçün çağırırdım. Ondan 20 manat [$10], ərəblərdən də 20 manat qızı çağırdığıma görə alırdım”.
Qorxu
Otel işçilərinin bizə danışdıqlarını ümumiləşdirsək, belə bir nəticə çıxarmaq olar. Otelə gələn seks biznes işçilərindən pul alan otel sahibləri polis reydlərindən qorxur. Öz pulunu vicdanla qazanan otel sahibləri bu cür reyd zamanı “qurunun oduna yanmaqdan” qorxur, öz günahsızlığını sübut etmək imkanına şübhəylə yanaşır və polis tərəfindən şantajdan ehtiyatlanır.
Çünki adətən reyddən əvvəl polisin öz adamı otelə gəlir, bu adamın da əcnəbi olmasını təsəvvür etmək çətin olduğuna görə Azərbaycan vətəndaşlarına hər ehtimala qarşı otellərdə seks qadağan olunur. Bəzən əcnəbilərə də. Görünür ki, ancaq bu yolla otel sahibləri “priton” saxlamaqda ittiham olunmaqdan qorxmaya bilər.