Bakının ilk heyvanlar üçün sığınacağı bağlandığını elan edib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda xəstə və sahibsiz heyvanlar üçün ilk sığınacaq – Azərbaycan Heyvanların Xilası Mərkəzi (aarc.az) bağlandığını elan edib. Bağlanma səbəbi əsas donorun maliyyə dəstəyini dayandırmasıdır.
Adının açıqlanmasını istəməyən sığınacaq əməkdaşı bildirib ki, fevralın 28-i sığınacağın son iş günüdür, – “Sputnik Azerbaijan” agentliyi xəbər verir. Sığınacaq rəhbərliyi isə Facebook səhifəsində əmin edib ki, ən son köməyə möhtac heyvan yerləşdirilənə qədər sığınacaq işləyəcək.
Bu gün mərkəzdə 200-ə yaxın ev heyvanı var. Orada işləyən veterinarlar heyvanlar küçədə qalmasın deyə onları tez bir zamanda yerləşdirməyə çalışırlar.
Hazırda bir neçə vətəndaş artıq sığınacaqdan bəzi heyvanları öz evlərinə aparıb, amma əməkdaşların sözlərinə görə, heyvanların çoxunu hələ yerləşdirmək mümkün olmayıb. Mərkəz ilk növbədə xəstə və zəif heyvanları yerləşdirməyə çalışır, çünki təbii şəraitdə onların həyatda qalmaq şansı daha azdır.
AARC 2009-cu ildə təsis edilib və Bakıda rəsmi qeydiyyatdan keçən heyvanların xilası üzrə ilk mərkəzdir. Təşkilat heyvanların xilası üzrə 100 faiz xeyriyyə sığınacağı kimi fəaliyyət göstərirdi. Sığınacağın banisi 20 ildir Azərbaycanda yaşayan Hədiyə Roşanzamir olub.
2017-ci ilin martından Bakıda heyvanlar üçün “Nuh gəmisi” adlanan daha bir sığınacaq da fəaliyyət göstərir. Onun təsisçisi Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA ictimai birliyidir (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq).