Bakılını şərqi Macarıstanda təəccübləndirən 10 fakt
Bu, mənim Macarıstana üçüncü səfərimiydi. İlk iki səfər işlə bağlıydı, boş vaxtım o qədər də çox deyildi. Bu dəfə çoxlu yeni və maraqlı şeylər öyrəndim.
1. Debresen turistsiz sadə şəhərdir
Macarıstanın paytaxtı Budapeşt Avropanın ən gözəl şəhərlərindən biri sayılır. Bu imperiya arxitekturalı əzəmətli şəhərdən əhalisinin sayına görə ikinci olan Debresen şəhərinə gələn turistə əvvəlcə elə gəlir ki, təmiz, rahat, amma yenə də uzaq əyalətə düşüb. Turistlərin demək olar ki, olmaması xüsusilə təəccübləndirir. Təbii ki, burada otellər var, heç az da deyil, amma misal üçün, qaldığım kiçik mehmanxanada ancaq başqa şəhərlərdən gələn macarlar qalırdı. Debresen kiçik, sakit, eyni zamanda monoetnik şəhərcikdir. Rəsmi məlumata görə, iki yüz minlik əhalisinin 96%-ni macarlar təşkil edir. Bu da iki milyonluq çoxmillətli Budapeştlə kontrastı bir az da artırır.
2. Macar reformasiyasının mərkəzi
Protestant kilsəsinin banilərindən biri olan Martin Lüter sadəliyə və yersiz təmtəraqdan imtina etməyə çağırırdı. Protestantlıq ruhu sanki Macarıstan reformasiyasının mərkəzində – Debresendə təcəssüm tapıb.
2017 və 2018-ci illərə bir neçə tarixi yubiley düşür. Biz Cənubi Qafqaz sakinləri üçün ilk müstəqil milli respublikaların yüzilliyi tamam olur. Rusiyalılar öz qanlı inqilablarının yüzilliyini qeyd ediblər. Macar protestantları isə əksinə, Avropanın digər protestantları ilə birlikdə kilsə reformasiyasının 500 illiyini qeyd etməyə hazırlaşırlar. Bu hadisəyə çox sayda tədbirlər həsr olunub. Biz Reformasiya muzeyində bir mühazirədə olduq, təxminən 500 nəfərlik zalın bir neçə dəqiqə ərzində əsasən də yaşlı adamlarla ağzına qədər dolduğunu təəccüb və maraqla müşahidə edirdik.
3. Universitetdə azadlıq ruhu
Küçələrdə gənc əcnəbi görsəz, 99% əmin ola bilərsiz ki, bu, yerli universitet tələbəsidir. Debresen Universiteti Avropada ən qədim universitetlərdən biridir, 1538-ci ildə elə həmin kilsə reformasiyası dalğasında yaranıb.
Mühazirələrə giriş tam azaddır. Dərsləri buraxmağa görə heç bir cəza nəzərdə tutulmayıb, əsası odur ki, tələbə qısa təqdimatdan, daha sonra da suallara cavablardan ibarət imtahanı verə bilsin. Böyük kitabxanaya giriş də açıqdır, amma oradan kitabların aparılmasının qarşısını almaq üçün detektorlar quraşdırılıb.
Macar tələbələrlə birlikdə universitetdə çox sayda əcnəbi də təhsil alır. Stipendium Hungaricum dövlət proqramı çərçivəsində bu il Azərbaycandan Macarıstan universitetlərinə 200 tələbə qəbul olunub. Hamısı da təqaüd və yaşayış yeri (və ya seçimə görə, mənzil kirayəsi üçün aylıq ödənişlə) təmin olunub. Gürcüstandan da onlarla tələbə var. Ermənistandan tələbələr yoxdur, çünki Ermənistan 2012-ci ildə öz erməni həmkarını baltalayıb, qətlə yetirən və Macarıstan məhkəməsi tərəfindən ömürlük həbsə məhkum olunan azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana təhvil verilməsinə etiraz olaraq Macarıstanla diplomatik münasibətləri kəsib. Amma tələbələr arasında başqa ölkə vətəndaşları olan ermənilər az deyil.
4. “Nagyerdö” meşə parkında payız
Universitetin əsas korpusu ilə üzbəüz, yolun qarşı tərəfində böyük “Nagyerdö” (Naderdö kimi oxunur – böyük meşə) meşə parkı yerləşir. Tələbələr torpağın üstündəcə oturub, dərslərə hazırlaşırlar. Parkın içində yerli futbol komandasının stadionu yerləşir, ətrafı qaçış trası ilə əhatələnib. Bir qədər aralıda isə yerli zoopark və çox sayda attraksionu olan əyləncə mərkəzi var.
5. Məşhur “Debresen sosisləri” heç də Debresendən deyilmiş
Yadınızdadır, igid əsgər Şveyk poruçik Lukaşa bir porsiya Debresen sosisi gətirməyə söz vermişdi? Zabitlər əsgərlərin payını yediyi müddətcə Avstriyanın müharibədə qalib gələ bilməyəcəyini deyən həmin o Lukaşa.
Təbii ki, o məşhur sosislərin dadına baxmaq istədim. Aşpaz isə bərbad ingilis dilində bu sosislərin heç də macararlara deyil, çexlərə aid olduğunu izah edəndə, təəccübümü gizlədə bilmədim. Google-da axtarıb, onun haqlı olduğuna əmin oldum. Niyə bu acı sosislərin Debresen sosisləri adlandırıldığı aydın deyil. Yəqin ki, elə eyni məntiqlə biz postsovet məkanında yaşıl bibərə “bolqar” bibəri deyirik, halbuki Bolqarıstanda bu bibəri “çuşka” adlandırırlar.
İçkilərdən Macarıstan öz çaxırları ilə məşhurdur. Tokay çaxırı “çaxırların kralı və kralların çaxırı” hesab olunur. Daha tünd içkilərdən isə cecə arağına bənzəyən meyvə “palinkası”nın dadına baxa bilərsiz. Almadan, gavalıdan çəkilir, ərikdən hazırlanan isə xüsusilə qiymətlidir.
6. Şimala doğru iki saat – sanki başqa dünyadır
Şimala doğru 130 kilometr məsafədə, az qala Slovakiya ilə sərhəddə yerləşən Eqer şəhəri Debresendən çox mənada fərqlənir. Birincisi, bu, sırf katolik şəhəridir, hətta macar katolik arxiyepiskopluğunun paytaxtıdır. Eqerdə bütün ikona və təmtəraqlı freskaları ilə möhtəşəm olan bir neçə katolik kilsəsi var. İkincisi, şəhərdə əsl qala mövcuddur. Bakı sakini kimi bu cür “şəhər içində şəhərləri” və ya bizim dillə desək, “İçəri şəhərləri” çox sevirəm.
7. Ən şimal türk minarəsi
Türklər Eqer şəhərini Eğri, yəni “əyri” adlandırır. Bilmirəm, burada əyri nə var, ancaq qədim küçələr ola bilər, amma adı bu cür qalıb və macarların özləri də ondan tez-tez istifadə edir. Məsələn, həmin bu “Bitlz” muzeyi “Egri road” adlanır, Londondakı “Abbey road” küçəsinin analogiyası kimi.
XVI əsrdə Macarıstan yüz ilə yaxın müddət ərzində Osmanlı İmperiyasının tabeliyində olub. Amma bütün cəhdlərinə baxmayaraq, imperiya Vyananı ələ keçirə bilməyib və Balkanlara çəkilməli olub. Həmin dövrdən də Eqerdə daha bir görməli yer qalıb – dünyanın ən şimal nöqtəsində yerləşən Osmanlı minarəsi. Katolik kilsələrinin qübbələrinin əhatəsində çox gözəl görünür. Minarədən başqa şəhərdə tarixin Türkiyə dövründən qalan daha bir neçə nişanə var, məsələn, Macarıstan-Türkiyə dostluğu haqqında obelisk və gözəl türk qəhvəsinin hazırlandığı türk restoranı. Bu kafenin sahibi bizim Azərbaycandan olduğumuzu biləndə qəsdən bizimlə türk deyil, Azərbaycan dilində danışdı. Bu da çox xoşuydu.
8. Dövlət binalarında “Böyük Macarıstan”ın atributları
Biz Cənubi Qafqazda qonşu dövlətlərin də yekə bir hissəsinin əks olunduğu tarixi xəritələrə alışmışıq. Amma hətta bizdə də bu, bir növ fərdi xarakter daşıyır. Macarıstan parlamentinin binasında dövlət bayrağı ilə yanaşı hazırda Rumıniyanın düz mərkəzində yerləşən Sekeya vilayətinin bayrağını görəndə böyük təəccüb içindəydim.
Kitab mağazalarında 2500 forintə (təxminən 10 dollara) üzərində ingilis dilində “Justice for Hungary” (“Macarıstan üçün ədalət”) yazılmış “Böyük Macarıstan” xəritələri satılır. Eqerin mərkəzində obeliskin üzərində Habsburqlar imperiyası dövrünə aid macar krallığının ərazilərinin xəritələri çəkilib və yazılıb ki, Macarıstan həmin dövrlərdən bəri ərazisinin 72%-ni itirib.
9. Heç kim sosialist keçmişin qalıqlarını silməyə tələsmir
Debresendə addım başı “sosialist realizmi” üslubunda mozaikalara və ya binalara rast gəlmək mümkündür. Bunun obyektiv səbəbi var – şəhərin 50%-i İkinci Dünya Müharibəsi illərində dağıdılıb. Amma Varşava da az qala tam dağıdılmışdı, bununla belə Polşa paytaxtında belə şeylər tapmaq çətindir. Çox güman ki, macarlar sadəcə bu atributlarla sovet işğalı arasında bağlılıq görmürlər. Əvəzindəsə Rusiya imperiyası ordusunun 1849-cu il macar inqilabını boğduğunu, marşal Jukovun isə 1956-cı il inqilabını qana boyadığını yaxşı xatırlayırlar.
10. Macar dili Avropada ən çətin dildir.
Təsəvvür etmək çətindir ki, macar dilində ismin düz 25 halı var. 18 əsas və 7 əlavə. Eyni zamanda macar fonetikası da çox özünəməxsusdur. Misal üçün, macar dilində düz dörd fərqli “o” hərfi var. Bundan başqa, macar dilində çox az alınma sözlər var. İngilis dilində danışan azdır, hər halda Debresendə. Ona görə də hardasa ingilis dilində danışanları eşidəndə sevinirdim, sanki köhnə tanışıma rast gəlmişəm.
Vəssalam. Кöszönöm a figyelmet! (Diqqətə görə təşəkkürlər!)