Bakıda şəhərdaxili ödəmə kartı - Baku Card tətbiq olunacaq
Bakıda yaxın zamanda Baku Card – rəsmi şəhərdaxili kart tətbiq olunacaq. Kart sahibləri pulsuz və ya böyük güzəştlərlə ictimai nəqliyyatdan istifadə edə, Bakı muzeylərini, müxtəlif mədəniyyət mərkəzlərini gəzə, mağazalarda alış-veriş edə biləcəklər.
Şəhərdaxili kartın təqdimatını fevralın 27-də Turizmin Təbliğatı üzrə Milli Büro, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti birlikdə keçirib.
Yeni Baku Card ilk növbədə turistlər üçün nəzərdə tutulub, amma ondan paytaxt sakinləri də istifadə edə bilər.
24 saatlıq kartın qiyməti 35 manat (17,5 avro); 72 saatlıq kartın qiyməti 60 manat (30 avro); bir həftəlik kartın qiyməti isə 90 manatdır (45 avro).
Şəhərdaxili kartın qiymətinin baha olması sosial şəbəkələrdə müzakirə mövzusu olub. Facebook istifadəçilətindən biri xatırladıb ki, Berlində bu cür kart 30 avrodur, həm də Bakıdan fərqli olaraq Almaniya paytaxtında nəqliyyat qiymətləri yetərincə yüksək, görməli maraqlı muzeylərin sayı isə çoxdur.
Turizmin İnkişafı üzrə Büronun mətbuat xidmətinim rəhbəri Kənan Quluzadə bildirib:
“Qiymət xidmət paketi və bazar imkanları əsasında müəyyən edilib”.
JAMnews-un “tender keçirilibmi?” sualına Quluzadə belə cavab verib:
“Tender olmayıb. Şəhərdaxili kartın yaradılması 2016-cı ilin sonunda, prezident “Azərbaycanda turizmin inkişafı üzrə yol xəritəsini” təsdiqləyəndən sonra anons edilib. O vaxtdan bizə yalnız bir təklif daxil olub, PASHA Travel-dən, biz də bu təklifi əsas götürmüşük”.
PASHA Travel OCCRP (Organized Crime and Corruption Reporting Project) araşdırmaçı jurnalistlər təşkilatının (OCCRP) bildirdiyinə görə, Azərbaycan prezidentinin qayınatası Arif Paşayevə məxsus olan PASHA Holdingin bir hissəsidir.