Bakının Qaradağ rayonunun sakinləri fevralın 6-da nadir təbii hadisənin şahidi olublar. Azərbaycan paytaxtından 70 kilometr cənub-qərbdə yerləşən Səngəçal qəsəbəsi yaxınlığında Otman-Bozdağ palçıq vulkanı püskürüb. Püskürmə 6 dəqiqə davam etmiş, bu zaman od sütunu 20-25 metr hündürlüyünədək yüksəlmişdir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına əsasən püskürmə nəticəsində zərərçəkən və dağıntı olmayıb. Hal-hazırda vulkan sakitləşib.
Bakı və Abşeron yarımadası palçıq vulkanlar təbii qoruöunun direktoru Ceyhun Paşayev “Trend” İnformasiya agentliyinə bildirib ki, “bu vulkan xüsusi fəallığı ilə seçilmir, o üç dəfə – 1845, 1951 və 1961-ci illərdə püskürüb”. Paşayevin sözlərinə görə püskürmənin bitməsinə baxmayaraq təhlükəsizlik nöqteyi-nəzərindən vulkana yaxınlaşmaq məsləhət deyil.
Bəzi yerli sakinlər vulkan püskürməsini qaz partlayışı kimi qəbul ediblər, bu mövzuda məlumatlar sosial şəbəkələrdə də yerləşdirilib. İş ondadır ki, Səngəçal qəsəbəsi Bakı-Ceyhan neft boru kəmərinin yaxınlığında yerləşir və keçən il bu ərazidə qaz kəməri partlamışdı.
Abşeron yarımadasında əvvəllər də palçıq vulkanlarının püskürməsi müşahidə olunub, sonuncu dəfə belə hadisələr 2014 və 2012-ci illərdə baş verib.