Bakıda Narkoloji mərkəzdə yanğın. 25 ölü
Martın 2-də səhər saatlarında Bakıda Narkoloji Mərkəzdə baş verən güclü yanğın nəticəsində 25 nəfər həlak olub.
İlkin məlumata görə, yanğına binanın elektrik şəbəkəsində baş vermiş qısaqapanma səbəb olub. Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında belə deyilir.
“Martın 2-də səhər saatlarında güclü külək Respublika Narkoloji Mərkəzinin binasında qısaqapanmaya səbəb olub, bunun da nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar və Səhiyyə Nazirliyinin ona yaxın təcilli tibbi yardım briqadası cəlb olunub.
200 xəstə və tibbi personal zamanında evakuasiya edilib. Hazırda evakuasiya olunmuş şəxslərə lazımı tibbi və psixoloji yardım göstərilir”, – Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi məlumatında deyilir.
Yanğın zamanı mərkəzdə 55 xəstə qalıb. Əsasən yataq xəstələri həlak olub. Həyatda qalan üç nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Yanğını təxminən üç saat sonra tamamən ram etmək mümkün olub.
Prezident İlham Əliyev, daxili işlər naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini hadisə yerinə gəliblər.
Azərbaycan prezidentinin sərəncamı ilə prokurorluq hadisə ilə bağlı cinayət işi qaldırıb.