Azərbaycanın paytaxtında dördüncü İslam Həmrəyliyi Oyunları başlayır. Oyunların rəsmi açılışı mayın 12-də baş tutacaq, amma futbolçuların və həndbolçuların qrup oyunlarına bir neçə gün əvvəldən start verilib.
Turnirin açılış oyununda Səudiyyə Ərəbistanı və Mərakeş futbol yığmaları üz-üzə gələcək. Oyunların ilk günündə tamaşaçıların əsas diqqəti Azərbaycan və Kamerun yığmalarının görüşündə cəmləşəcək. Yarışmaların qaydaları Olimpiya Oyunlarında tətbiq olunan qaydalarla eynidir. Hər komandada 23 yaşdan yuxarı üç oyunçunun iştirakına icazə verilir
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən olan idmançılar 20 idman növü üzrə 269 medal uğrunda mübarizə aparacaq. Yarışlar əksəriyyəti 2015-ci ildə keçirilmiş Avropa Oyunları üçün inşa edilmiş 16 idman arenasında keçiriləcək.
Oyunlar keçirildiyi günlərdə Turizmin Təbliği Bürosu Bakıda iştirakçı ölkələrin mədəniyyət günlərini təşkil edəcək.
İslam Həmrəyliyi Oyunları 2005-ci ildən etibarən dörd ildən bir keçirilir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.
2010-cu ilin aprelində İranda keçirilməsi planlaşdırılan oyunlar 2009-cu ilin oktyabrında İran və Ərəb dövlətləri arasında yaranmış ziddiyyətlər nəticəsində ləğv edilib.
Üçüncü İslamiada 2013-cü ildə İndoneziyada keçirilib. Beşincisi isə 2021-ci ildə Türkiyədə keçiriləcək.