Bakıda İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib
Paylaşmaq
Paylaşmaq
4-cü İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçirilib.
Mərasim proqramına Şərqin, müsəlman aləminin tarixinə dair məqamları əks etdirən səhnələşdirilmiş kompozisilayalar daxil edilib. Açılış mərasimində 31 ölkəni təmsil edən beş mindən çox insanın əməyi sərf olunub, səkkiz ölkənin istehsalı olan səhnə avadanlıqlarından istifadə edilib. Açılış mərasiminin səhnələşdirilməsini 2012-ci il London Olimpiadasının açılışına məsul olmuş Britaniya şirkəti həyata keçirib.
Mərasimin sonunda tamaşaçıları rəngarəng atəşfəşanlıq gözləyib. Partlayan fişənglər Olimpiya Stadionu üzərində səmada “Bakı-2017” sözlərini işıqlandırıb.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva, xarici dövlətlərin, beynəlxalq təşkilatların və federasiyaların rəsmi nümayəndələri və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər. Stadiona gələn tamaşaçılardan başqa açılışı dörd qitədə izləmək mümkün olub, mərasim canlı efirlə yayımlanıb.
IV İslam Həmrəyliyi Oyunları Bakıda 2017-ci il mayın 12-dən 22-ə qədər davam edəcək.
Oyunların idman proqramına 20 idman növü daxil edilib ki, bunlardan da 17-i olimpiya, üçü isə qeyri-olimpiya idman növləridir.
Oyunlarda 54 ölkəni təmsil edən üç mindən çox idmançı iştirak edir.