Bakıda “Formula-1” yarışmasının “Azərbaycan Qran-Prisi” mərhələsi başlayıb
Bu gün Bakıda dünyanın ən nüfuzlu avtomobil yarışması “Formula-1”-in dördüncü mərhələsi start götürüb. Turnirdə on komandanı təmsil edən 20 pilot iştirak edir. Onlar Bakının mərkəzi küçə və meydanlarında hər biri 6 kilometr olmaqla 51 dövrə edəcəklər.
Mütəxəssislərin fikrincə, qələbəyə ən çox şansı olanlar dördqat dünya çempionu alman Sebastian Fettel, britanilyalı Lyuis Hemilton və ötən ilin “Azərbaycan Qran-Prisi” qalibi avstraliyalı Deniel Rikardodur.
Bakı bu yarışmaya üçüncü dəfədir ki, ev sahibliyi edir. Ötən illərdə də olduğu kimi yarışların büdcəsi haqda heç bir açıq məlumat yoxdur. Amma təşkilatçıların sözlərinə görə, bu il xərclər daha az, gəlirlər isə daha çox olacaq. Məsələ bundadır ki, 2018-ci ildə yarışmanın Bakı mərhələsinin vaxtı iyundan aprelə keçirilib. Pit-stoplar və bəzi tribunalar olduğu kimi sökülməmiş qalıb, təşkilatçılar ötən ilki maneələrdən təkrar istifadə etmək qərarına gəliblər.
Yarışmanın finalı aprelin 19-u olacaq. Biletlərin qiyməti tribunadakı yerlərdən asılı olaraq 40-600 dollar arasıdır.
Ötən illərdə olduğu kimi yarışlar konsertlərlə müşayiət olunacaq: bu il Kristina Aqilera, “Jamiroquai” qrupu, Martin Solveyq və digərləri Bakıya gəlib.
Starta hələ bir həftə qalmış Bakının mərkəzi küçələri bağlanıb. Yarış trası üzərində yerləşən məktəblərdə növbədənkənar bir həftəlik tətil elan olunub. Bir çox Bakı sakinləri sosial şəbəkələrdə bu cür məhdudlaşdırıcı tədbirlərə qarşı çıxır, amma baş verənlərə anlayışla yanaşanlar da var. Belə şərhlərə dair bir neçə tipik nümunə gətiririk:
“…Şəhər işğal olunmuş Varşavada yəhudi gettosu kimidir.
Hər yanda çəpərlər, az qala tikanlı məftil çəkəcəklər, yeni bulvarda haubitsalar.
İşdən evə demək olar ki iki saata gedib çıxdım”.
“Maraqlıdır, ölkədə bu formuladan keyf alan bir adam var?
Şəhər həbsxana düşərgəsinə bənzəyir”.
“Məni narahat etmir, nə olacaq, metro ilə gəzəcəm, burda nə var ki?”
“Tanrı dözüb, bizə də dözün deyib”.
“Hər şeyə “bunun mənə nə xeyri var?” rakursunda baxmaq olmaz axı”.
“Həyata daha pozitiv baxın. “Formula-1” bizim balaca ölkəmiz üçün böyük hadisədir. Mən narahatlığa dözməyə hazıram”.