Bakıda “erməni məhəlləsində” keçən uşaqlıq
Rəsmən buranın adı “Fabrik küçəsi” idi. Amma el arasında buranı və bütün bu çevrəni “Poxlu dərə” adlandırırdılar. Lap keçmişdə, hələ kanalizasiya xətti olmayan zaman yuxarı məhəllələrin çirkab suları bu dərəyə axıdılırdı.
Sonra kanalizasiya çəkildi, buranın adı isə elə beləcə qaldı. Bura Bakının “erməni məhəllərindən” biri idi. “Poxlu dərədə” ancaq ermənilər yaşamırdı, amma sakinlərin əksəriyyəti onlar idi.
Tatyana 1978-ci ildə burada – yeddi ailəlik daracıq beynəlmiləl həyətdə anadan olub.
Bura cənnət məkandan çox uzaq olub – qonşular dalaşıblar da, içiblər də, milis çağırmaqla nəticələnən ailədaxili davalar salıblar, ərzaq qıtlığı zamanı hərənin bacardığı kimi başının çarəsinə baxdığı dövr də olub. Növbə ilə ümumi kran altında paltarlarını yuyublar, axşamlar isə həyətdə çay içib, hamıya yetəcək qədər mürəkkəb tərkibli salat hazırlamaq üçün “ərzaq mübadiləsi” də eləyiblər.
Vyana xəmiri. Marqo
“Ən yaxınımızda Vahan və Marqo cütlüyü yaşayırdı”, – Tatyana danışır. – “Onlarla hamamımız və tualetimiz ümumi idi. Vahan pensiyaçı idi və hesab edirdi ki, pensiyaçılar gündüz dincəlməlidir, uşaqlar da bu saatlarda onlara mane olmamalıdır. Biz, məhəllə uşaqları bu “qaydaya” əməl etmirdik, buna görə də tez-tez dava düşürdü.
Onun arvadı Marqo hansısa dövlət idarəsində işləyirdi. Həyətdə belə hesab olunurdu ki, onun “qazı başqadır”. Əgər hansısa vacib iş dalınca gedirsənsə və həyətdə Marqo ilə rastlaşdınsa, dərhal geri dönmək lazım idi – onsuz da işin alınmayacaq.
Amma Marqonun yaxşı biş-düşü vardı. Hər bazar günü o, özünəməxsus “Vyana xəmirini” yoğururdu” – çox yağlı, şirin və yumşaq olurdu. Bu xəmirdən piroq, rulet və müxtəlif içlikli bulkalar bişirirdi. Sonra da bütün qonşuları qonaq edirdi”.
“Ehtiyatlı insanlar” və modabaz Qayane
“Onlar ehtiyatlı adamlardı, odur ki, maşın almayacaqlar”, – valideynlərim arasındakı söhbətdən eşitdiyim bu ifadə mənim beş yaşlı qəlbimi dərindən sarsıtmışdı. Söhbət Qarik və Jannadan gedirdi – həyətimizdəki ikinci erməni ailəsindən.
İndi mən valideynlərimin nə demək istədiyini daha yaxşı anlayıram – sovet dövründə belə bahalı şeylərin alınması hakimiyyətin diqqətini çəkə bilərdi. Qarikin dəmir qapı istehsalı üzrə tam qanuni sexi vardı, amma o, çalışırdı ki, yaxşı yaşadıqları gözə girməsin. Ər-arvadın heç biri ünsiyyətcil insan deyildi.
Onların qızı Qayane layihə institutunda katibə işləyirdi. Amma hər səhər elə bəzənirdi ki, sanki opera teatrında səhnəyə çıxır. “Asosial” valideynlərindən fərqli olaraq, o, şən, danışqan, çox açıq insan idi, həyətdə hamı onu çox istəyirdi. O dərəcədə ki, hər dəfə əri Albertlə dalaşanda, hətta Qayane göz-görəsi haqsız olanda da, hamı onun tərəfini tuturdu.
Albert də məhəlləmizdən olan erməni oğlandı, uzun məsafə sürücüləri “sülaləsindən” idi – onlar ailədə səkkiz qardaşdılar və hamısı yük maşını sürürdü.
Cadugər Roza
“Mənim ən sevimli “erməni qonşum” isə Roza idi, bizim həyətdə yox, qonşu həyətdə yaşayırdı, amma ailəmizlə çox yaxın idi. İndi onu xırda sahibkar adlandırardılar, o vaxt isə adına “alverçi” deyirdilər. O, küçədə hər cür xırdavat satırdı – kimyəvi qələmlər, ülgüclər, Polşa ətirləri, süngərlər.
Uşaqlıqda bütün bunlar mənə bir növ artefakt, sehrli əşyalar kimi, Rozanın özü isə nağıldan gəlmiş cadugər kimi görünürdü. Üstəlik o, “cilddən-cildə girə bilirdi”. İşə gedəndə sadə, nimdaş paltar geyinər, başına yaylıq örtərdi və kasıb alverçi nənəyə çevrilərdi.
Evdə isə ipək xalat geyinib, özünə dönərdi – yaşlı, amma hələ də parlaq və həyatsevər qadına. Volanlı uzun ətəkləri çox sevirdi, bir də iri qızıl bəzək əşyalarını.
Əri Karen İkinci Dünya Müharibəsi veteranı idi və yüzə qədər müxtəlif medalı vardı. Onun otağı 40-cı illərin SSRİ Kommunist Partiyasının tarix muzeyini xatırladırdı.
Rəflərdə həmin illərə aid müxtəlif hərb sərkərdələrinin və partiya üzvlərinin, o cümlədən də Stalinin şəkilləri olan açıqcalar düzülmüşdü. Bir də “Mona Lizanın” iki reproduksiyası.
Zaman-zaman Karen uşaqları yanına çağırıb bütün bu insanlar haqda (Mona Liza daxil) ətraflı danışardı. Səhəri gün isə bu mövzuda “imtahan” keçirərdi.
Bütün suallara düz cavab verənlərə saqqız paylayardı – o zamanlar uşaqların sevimli delikatesi. Hərçənd mənə elə gəlir ki, o sadəcə bizi qonaq eləmək istəyirdi, imtahan isə bəhanə idi”.
Vidalaşma
“Qarabağ münaqişəsi başlayanda mənim 10 yaşım vardı. Bizim erməni qonşularımız tədricən köçməyə başladılar.
Ən birinci Vahan və Marqo getdi. Onlar Yerevanda yaşayan uşaqlarının yanına yerləşdilər, mənzillərini isə satdılar. Beləcə Ermənistandan gələn cavan Ruhiyyə adlı qadın həyətimizə yerləşdi.
Ruhiyyə və Qayane yaşıd idilər və tez dostlaşdılar. Qayane Aşqabada köçəndə Ruhiyyə onu aeroporta yola saldı. Sonra Roza oğlanlları ilə birlikdə Stavropol vilayətinə [Rusiya Federasiyası, Şimali Qafqaz – red.] yerləşdi. Karen o vaxt artıq ölmüşdü.
Ən sonda Qayanenin valideynləri – Janna və Qarik köçdülər – onlar da Aşqabada.
Uzun illər Rusiyadakı qohumlarımızı ziyarətə gedəndə Rozanın yaşadığı şəhərin yanından ötürdük. O, perrona gəlirdi bizimlə görüşmək üçün.
Uzun illər sonra bir dəfə artıq böyümüşkən təsadüfən küçədə Ruhiyyə ilə rastlaşdım. Dedi ki, hələ də Qayane ilə ünsiyyət saxlayır və onun həyatında hər şey yaxşıdır.
Vahan və Marqonun taleyi haqda heç nə bilmirəm. Amma bizim evimizdə hələ də qadının hazırladığı xəmirin resepti qalır, üzərində də “Vyana xəmiri. Marqo” yazılıb”.
Məgər bura gecəqondudur?
“Bir dəfə hələ 1980-ci illərin ortalarında məhəlləyə təsadüfən amerikalılar gəlib çıxmışdı. O zaman bu, yadplanetlilərin təşrifi kimi bir şey idi. Onların bura necə gəlib çıxdıqlarını danışmaq uzun çəkər, amma axşamın gec saatlarına qədər oturdular.
Qonşular şən süfrə təşkil etdilər, deyib-gülmək, Qarikin akkordeon ifası ilə mahnılar. Tərcüməçi rolunda atam idi, aramızda ingilis dilində danışa bilən yeganə adamdı.
Hər şey amerikalıların xoşuna gəldi, amma Poxlu dərənin özü onları şoka salmışdı. Vidalaşanda onlar açıq şəkildə atamdan soruşublar ki, biz burada NECƏ və NİYƏ yaşayırıq. Sonra atam bunu qardaşımla mənə danışdı və biz deyəsən ilk dəfə Poxlu dərəyə başqa gözlə baxdıq. Köhnə at tövlələrindən və anbarlardan düzəldilmiş darısqal məhəllələri, sonsuz məişət problemlərini, iki addım aralıdakı çirkab dərəsini gördük.
Təəccüblü deyil ki, bura amerikalılara əsl gecəqondu kimi görünmüşdü.
Amma o zaman belə bir şey bizim ağlımıza belə gəlmirdi. Bura bizim evimiz idi. Ətrafda hamı belə yaşayırdı. Həyətimizdə limon ağacımız vardı! Məgər bura gecəqondudur?”