Bakıda Avropa ölkələrinin beş sabiq prezidentlərinin iştirakı ilə “Gənc liderlərin qlobal forumu” keçirilir
Bakıda dörd gün müddətində “Gənc liderlərin qlobal forumu” keçiriləcək. Forumun işində dünyanın hər yerindən olan 50 aparıcı gənc lider və araşdırmaçı, həmçinin müxtəlif ölkələrin beş keçmiş prezidenti və onların ailə üzvləri də daxil olmaqla 20 yüksək səviyyəli qonaq iştirak edir.
Forum Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin dəstəyilə Diaspora ilə İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Forumun mövzuları: “Mənim üçün liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?” və “Qadınların və kişilərin liderliyi fərqlənirmi?”, “Mədəniyyət müxtəlif yollar göstərirmi?”
Forumda Bolqarıstanın eks-prezidenti Rosen Plevneliyev, Serbiyanın eks-prezidenti Boris Tadiç, Xorvatiyanın eks-prezidenti İvo Yosipoviç, Latviyanın eks-prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumdziya, İsrailin eks-prezidenti Daliya İtsik, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çetin də iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev onların hamısını bazar ertəsi qəbul edib.
Bunlardan başqa forumda iştirak etmək üçün Bakıya Makedoniya, Çernoqoriya prezidentlərinin və Albaniya, Andora, Bosniya və Herseqovina, Latviya və Ukraynanın keçmiş prezidentlərinin və keçmiş baş nazirlərinin övladları da gəlib.
Forumda hazırkı və keçmiş dövlət başçılarının övladlarının iştirakı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri öz şərhlərində bunu “neofeodalizm” kimi dəyərləndirib.