Bakı ilə Qarabağ erməniləri arasında rəsmi təmaslar başlayıb
Bakının Qarabağ ermənilərilə rəsmi təması
Bu gün, martın 1-də Xocalıda Rusiya sülhməramlı kontingentinin qərargahında Bakıdan gəlmiş rəsmi nümayəndə heyətinin Qarabağ ermənilərinin nümayəndələri ilə görüşü olub. Hər iki tərəfi maraqlandıran məsələlər, o cümlədən Laçın yolunun mülki avtomobillərin keçidi üçün açılması məsələsi müzakirə olunub.
- Tarixi seçkilər ərəfəsində fəlakət: Türkiyədə nə danışırlar? İstanbuldan icmal
- “Ədalət bərqərar olmalıdır”. Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd olunur
- “Ermənistan Laçın yolundakı etiraz aksiyası ilə Bakının əlaqəsini sübut edə bilməyib”. Şərh
Laçın dəhlizi ilə avtomobil nəqliyyatının maneəsiz keçidinin bərpası və dəhlizdən təyinatı üzrə istifadə edilməsi faktının təsdiqi məsələsi bu gün Rusiya sülhməramlı kontingentinin komandirinin Bakı və Qarabağın erməni icması nümayəndələri ilə üçtərəfli görüşündə müzakirə olunub.
Rusiya sülhməramlıları komandanlığının yaydığı məlumatda bildirilir ki, tərəflər elektrik enerjisi təchizatının bərpası və qazın fasiləsiz verilməsi məsələlərini müzakirə ediblər.
Həmçinin görüş çərçivəsində Azərbaycanın dövlət strukturlarının nümayəndələri tərəfindən Qarabağın bu hissəsində iki qızıl və mis yatağının ekoloji monitorinqinin aparılması imkanlarına baxılıb.
“Gələcək əməkdaşlıq, gərginliyin azaldılması, regionda dinc həyatın bərqərar olması və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması ilə bağlı razılıqlar əldə olunub”, – məlumatda deyilir.
Bu arada rəsmi Bakıdan Qarabağda yaşayan erməni sakinlərlə təmaslara cavabdeh olan nümayəndə müəyyən edilib. Bu, Azərbaycan parlamentinin deputatı Ramin Məmmədov olub.
Azərbaycan mətbuatının məlumatına görə, bugünkü iclasda təbii sərvətlərin qeyri-qanuni istismarı məsələləri üzrə qrupun rəhbəri Məsim Məmmədov da iştirak edib. Qrupun tərkibinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” QSC-nin ekspertləri daxildir.
“Görüş zamanı Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan konstitusiyasına və qanunlarına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyası ilə bağlı ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – “Caliber” portalının məlumatında deyilir.