Martın 18-də Bakının Milli Dənizkənarı Park ərazisində “İctimai internet” şəbəkəsinin açılışı baş tutub. İndən belə paytaxt sakinləri və qonaqlar Bakı bulvarı və Dövlət Bayrağı Meydanı ərazisində internetdən pulsuz istifadə edə bilər. Layihə “Bakı Telefon Rabitəsi” istehsalat birliyi tərəfindən həyata keçirilib, – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında deyilir.
Bu ərazidə 122 simsiz Wi-Fi-a çıxış nöqtəsi quraşdırılıb ki, bu da səkkiz minə yaxın istifadəçiyə xidmət göstərməyə imkan verir.
Pulsuz internetlə həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də təmin olunub. Orada 2 mindən çox qoşulmaya xidmət göstərə biləcək 33 çıxış nöqtəsi işə salınıb.
Memarlıq abidələrinin yerləşdiyi ərazilərin dizaynına xələl gətirməmək üçün işlər xüsusi diqqətlə, mütəxəssislərin nəzarəti altında aparılıb, – nazirliyin məlumatında qeyd olunub.
İlin sonuna qədər bir sıra parkların ərazilərinin pulsuz internetlə təmin edilməsi nəzərdə tutulub. Heydər Əliyev Mərkəzinin qarşısında da müvafiq işlər aparılacaq.
Azərbaycanda internet şəbəkəsinin inkişafı 1993-cü ildən başlayıb. Azərbaycanın ilk saytları 1994-cü ildə Azərbaycanın Milli Elmlər Akademiyasının nəzdində yaradılıb, ilk internet resurs isə 1997-ci ildə yaradılan Azərbaycan Prezidentinin saytı olub.
Bu gün ölkədə 40 internet-provayder fəaliyyət göstəriri ki, onlardan ancaq üçü dövlətə məxsusdur. Ölkədə beynəlxalq trafik 2 özəl şirkət (Delta Telekom vəAzertelekom) tərəfindən təmin edilir ki, bu da internet-provayderlər üçün alternativ seçim yaradır.
Ölkədə fəaliyyətdə olan hər üç mobil operator öz abonentlərini yüksək keyfiyyətli internetlə təmin edir və 3G formatında xidmət göstərir.