Babaylıda qalanlar
Zəngilanın Babaylı kəndinin hekayəsi
Zəngilanın Babaylı kəndi Azərbaycanın Cənub-Qərbində, Ermənistan və İranla sərhəddə yerləşir. 2020-ci il 44 günlük müharibə nəticəsində geri qaytarılıb. Jurnalist Aytən Fərhadova 29 il sonra azərbaycanlıların qayıtdığı bu kənddə keçən uşaqlığını xatırlayır.
- Azərbaycanda inflyasiya, səbəbləri və nəticələri
- “Keyfiyyət missiyaya müvafiq deyil” – Azərbaycandan “Dolma gündəlikləri” komik serialı haqda
- Ermənistanda inflyasiyanın Rusiyadan relokasiya ilə əlaqəsi nədir?
– İçinizdə Münəvvər kimdir?
Kəfşəndən (kolxozun əsasən taxıl və bostan məhsulları əkilən ərazisi – A.F.) üstü-başı torpaq, çiyinlərində kərtmənlə qayıdan qadınların qarşısını at belində oturan gənc qadın kəsir. Qadınlar bir-birlərinə baxıb aralanırlar, Münəvvər irəli çıxır. Heç nə demir. Onunla üzbəüz dayanan at belindəki qadın da susur. Bir anlıq Münəvvəri başdan ayağa süzür və yoldan çəkilir.
Münəvvər isə önünü kəsən bu gözəl qadını uzun müddət unutmur. Başında qızıl pullu araqçın, əynində zərbafta don, belində də gümüş toqqa. Münəvvərin isə əynində adi çit parçadan uzun, enli don vardı, onu da işlədikləri zaman şalvara çevirirdilər.
Münəvvərin önünü kəsən qadın onun həyat yoldaşının sevgilisi idi, düşünüb ki, Kərimin arvadı yəqin çox eybəcərdir buna görə ondan boşanacaq. Məsələnin uzandığını gördükdə isə Münəvvəri özü görməyə qərar verir və bundan sonra Kərimdən ayrılıb başqası ilə evlənir. Münəvvər gözəl imiş…
“Kəndə gedirik”
Uşaqlıqda ən çox sevdiyim sözlərdən biri idi, ən çox da yay fəslində. Baxmayaraq ki, qışda da kənddə olmuşam düz, 6 yaşıma qədər. Nə kəndə yağan qarı, nə də kömür peçinin istisində nənəmin yanında oturub kömürün yandıqca çıxartdığı xırçıltını unutmuşam. Kömür yandıqca qıpqırmızı qızarardı. Elektrik həyatımızda o qədər az rol oyanyırdı ki, həmin qış axşamlarında peçin istisi hər şeyə yetirdi.
Kəndə getmək həm də nənəmi dinləməkdi. Olanlardan, keçənlərdən, müharibə vaxtından, başına gələn bütün hadisələrdən hekayələr söylərdi. Nənəm babama, daha doğrusu, dədəmə sevgisindən də danışardı. Sevgisi o qədər çox olub ki, müharibəyə gedən dədəmdən sonra ona elçi düşənləri geri qaytarıb. Dədəmin müharibədən sonra qara kağızı gəlsə də, Novruz bayramlarında qulaq falına çıxıb yaxşı sözlər eşitdikcə ümidi üzülməyib. Qara kağızı gələn Kərim düz 4 il sonra öz kəndlərinə geri qayıdıb. Nənəm isə uzun illər yolunu gözlədiyi adamın birgə yaşayışları boyu xəyanətini görsə də, ondan ayrılmayıb, baxmayaraq ki, ölən günə qədər bunun acısını dədəmdən çıxardı.
Babaylıda az qala hər evin, hər ailənin bir hekayəsi vardı
Mənim ən əziz xatirələrim ana nənəmgilin həyətində olan kənd kitabxanasında keçib.
O kiçik, arxası dərəyə söykənən, önündə artırma eyvan olan birgözlü, çay daşından tikilən binanı və içindəki qoxunu hər zaman xatırlayıram. Kənddən sonra qoxuları axtarmağa başladım. Həmin qoxunu bir də ilk dəfə tələbə olduğum vaxt Elmlər Metrostansiyasına girəndə hiss elədim. Kitabxananın iysi gəlirdi.
İçindəki torpaq döşəməsi kələ-kötür olan və o nahamar döşəməyə sərilmiş nazik plastik örtük, onun da üstündə yarımdairəvi naxışlar vardı. Deyəsən, rəngləri qırmızı idi. Kitabxanın taxta qapısı və onun da balaca qıfılı vardı. Nazik taxta parçaları şaquli qoyulub mismarlanmış və beləcə qapı düzəldilmişdi. O qapının aşağısında taxta lövhələrdən birinin ucu sınmışdı. Mən onu elə o cür də xatırlayıram. Bir də kitabxanaya balaca pişik balasını salmağımı. Fikirləşmişdim ki, orda qalacaq, mən də onu götürüb oynada biləcəm. Sabahısı kitabxanıçı qız gəlib qapını açanda içəridə qara rəngli bala pişik yox idi, çoxdan getmişdi.
O taydan gələnlər
O tay bizim üçün İran idi. O tayla bu tayı ayıran Arazı keçib ya Azərbaycandan İrana, ya da İrandan Azərbaycana keçənlər az olmamışdı. Çayı da öküzlə keçirlərmiş. Onlardan biri də ana nənəmin anası Dünya idi.
Bəylər öz aralarında savaş çıxardıqca ortada taleyi tapdanan kəndlilər olub. Dünyanın bütün ailəsi öldürülür, bir özü, bir də bibisi sağ qalır. 15 yaşlı Dünyanı gözəl olduğuna görə əlindən alıb namusunu ləkələyəcəklərini düşünən bibi onun üzünə, əllərinə, paltarına palçıq sürtüb belinə şəlləyir. Soruşan olanda da qızın havalandığını deyir. Arazı keçməklə Babaylıya gəlirlər. Bibinin isə arxalarınca gələn gəncdən xəbəri olmur. Dünyanı sevən qonşuları Yadulla da onların ardınca Arazdan keçir.
Dünya Yadullanın tikdiyi və sonradan kitabxanaya çevrilən həmin evdə yaşayır.
Ömrü də uzun olmur. Bir qızı, iki oğlu olur. İkinci oğlunu dünyaya gətirdiyi zaman uşaq sağ qalsa da, özü dünyasını dəyişir. Körpə olan üç uşaqdan yalnız biri, nənəm sağ qalır. Qardaşları elə körpə ikən tələf olur.
Nənəm orta məktəbin 3, ya da 4-cü sinifində oxuyanda yenidən üzləşdiyi məcburi köç həyatını dəyişir. Atası iranlı olduğuna görə sürgün olunurlar – Qazaxıstana. Bir də iki övladı olduqdan sonra elə kənd camaatının, ata babam Fərhadın köməkliyi ilə Babaylıya qayıdırlar.
Gözü yolda qalan var
Babaylının kənd qəbristanlığı dərənin başında yerləşirdi, elə indi də ordadır. Kəndin harasından baxsan qəbir daşlarını görə bilərsən. O daşların arasında müharibənin toxunmadığı bir qəbir var – Saray nənənin qəbri.
Saray özü Hindarxından, Qarabağdan olub. Anam deyərdi ki, hündürboy, sarışın qadın idi. Ölənə yaxın gözləri tutulsa da, öz paltarlarını özü tikib yamayarmış. Evləndiyi Fərhad da sakit kişi olub. O sakitlik dədəmə də keçmişdimi bilmirəm, ancaq dədəmin hündür səslə danışdığını, ümumiyyətlə, qışqırdığını xatırlamıram.
Babaylının qəbristanlğında indi salamat qalan Saray nənənin qəbri sağında həyat yoldaşı Fərhadın, oğlu Qəribin və nəvəsi Sahibin məzarları ilə yanaşıdır. Mərmərdən olan qəbirlər dağıdıldığı üçün onların yalnız üstünü örtən plitələri qalıb.
Münəvvər nənə köçkün düşəndən sonra bir daha Babaylıya qayıda bilmədi. Sumqayıtda vafat etdi, elə orada da dəfn olundu. Öz vəsiyyətilə köçkünlük zamanı ölkənin müxtəlif yerlərinə pərən-pərən düşən, hərəsi bir yanda dünyasını dəyişən oğlunun və qardaşının köynəkləri onunla bir məzara qoyulub. Məzarı Babaylıda qalan oğlunun şəkli isə başdaşına vurulub. Kərim babanın qəbrini də bacı-qardaşların fotoları “bəzəyir”.
Həyatdan həsrətlə köçənlər, dünya gözü ilə doğma yerləri görə, əzizlərinin məzarlarını ziyarət edə, doğma Babaylıda bütün yaxınları ilə bir məzarlıqda uyuya bilməyənlər özlərinə beləcə təsəlli yerləri tapıblar.
Mənə görə bu gün Babaylının xatirəsi nənəmin hər dəfə dünyadan vaxtsız köçən övladına və nəvələrinə oxuduğu bayatıdır. Nə mənimdir, nə də yad. Ürəyincə gəzə bilmədiyin, dərələrdən qaça-qaça düşə bilmədiyin, qapısından qızılgüllər yığıb elə qəbir daşlarının üzərinə düzə bilmədiyin, kitabxana bağlı olduqda dərəyə birləşən yerindən damını sökə bilmədiyin, ya da həyətdə bitməyən meyvələrdən sıxılanda qonşu Musa kişinin bağına gedə bilmədiyin yerdi Babaylı. Babaylı keçmişdir, gələcək olacağı isə məlum deyil. Bir qurumun dolayısıyla səndən xoşum gəlmir, daha doğrusu, mən dediyimi yazmırsan deyə, görməyə icazə gözlədiyim yerdi Babaylı.
Babaylı beşik başında nənəmin oxuduğuı bayatıdır, nə həsrəti bitəcək, nə də yarası sağalacaq. Babaylı əslində yarımçıq qalan xatirələrin məzarlığından başqa bir yer deyil…
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.