Azərbaycanda koronavirus epidemiyasının beşinci dalğası başlayıb
Azərbaycanda sutka ərzində koronavirusa yoluxma hallarının sayı kəskin artıb. Səhiyyə Nazirliyindən bildirilib ki, yeni xəstələnənlərin az qala yarısı “omikron” ştammına yoluxub. Ekspertin fikrincə, yaxın zamanda ölkədə səhiyyə sistemi xəstəxanalarda yer çatışmazlığı ilə üzləşə bilər. Bu arada COVID-19 infeksiyasına yoluxmuş xəstələrin karantin müddəti azaldılıb.
- Avropada peyvənd vurdurmayanlar daha çox imkan və hüquqlardan məhrum olurlar
- Gürcüstanda “Omikron” ştammı yayıldığı üçün təcrid və karantin qaydaları dəyişdirilir
- Azərbaycanda koronavirus epidemiyasının dördüncü dalğası başa çatır
“Omikron” hesabına kəskin artım
Son günlərdə Azərbaycanda sutka ərzində qeydə alınan koronavirusa yoluxma halları bir neçə dəfə artıb. Əgər bir həftə əvvəl bu göstərici 1000-dən aşağı idisə, yanvarın 25-də 2468-ə çatıb. Son iki gündə koronavirusa yoluxma hallarının artımı 50 faizə yaxın təşkil edib.
Azərbaycanın səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, COVID-19 infeksiyası ilə yeni xəstələnənlərin az qala yarısı “omikron” ştammına yoluxub.
Bununla da ölkədə koronavirus epidemiyasının yeni – artıq beşinci dalğasının başlandığını demək mümkündür.
Ekspert xəstəxanada yer çatışmazlığı ehtimalı haqda danışır
Həkim Vasif İsmayıl yaxın zamanda yoluxma hallarının Azərbaycan üçün görünməmiş həddə artacağını proqnozlaşdırır.
“Azərbaycan üçün yoluxma və ölüm hallarının sayına görə ən təhlükəli və məhv edici epidemiyanın ikinci dalğası olub. İkinci dalğa 2020-ci ilin sonunda yaşanıb. Həmin vaxt sutkalıq yoluxmalar üzrə maksimum 4500 hala yaxın idi. Aktiv xəstələrin sayı 60 minə çatırdı.
O zaman ölkənin səhiyyə sistemi xəstələrin bu axınının öhdəsindən yalnız ona görə gəldi ki, bir çox adi xəstəxanalar kovid klinikalarına çevrilmişdi.
İndi biz əvvəlkilərdən dəfələrlə daha sürətlə yayılan “omikron” ştammı epidemiyası ilə qarşılaşmışıq. Bu o deməkdir ki, sutka ərzində aşkarlanan yoluxma halları 10-12 minə çata bilər. Eyni zamanda aktiv xəstələrin sayıq artıq 60 yox, 150 min olacaq.
Başqa sözlə, Azərbaycanın səhiyyə sistemi kollaps vəziyyətinə düşə bilər və bütün ehtiyacı olanlara xəstəxanalarda yer çatmaya bilər. Mən daha digər xəstəlikləri olan insanlardan danışmıram. Axı kardioloji, endokrin və onkoloji xəstəliklər ləğv olunmayıb. Bu cür xəstələr də zamanında tibbi yardım ala bilməlidir. Amma gözlənilən rəqəmlərlə bu, ciddi problemə çevrilə bilər”, – mütəxəssis bildirib.
Hakimiyyət lokdaun haqda düşünə bilər
Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il dekabrın 28-də baş tutan son brifinqində prezident köməkçisi Şahmar Mövsümov qeyd edib ki, epidemiya ilə bağlı vəziyyətdən çıxış edərək lokdaun elan oluna bilər
Azərbaycanda lokdaun 2021-ci il oktyabrın 1-də tam ləğv edilib. Həmin gün il yarımlıq qadağadan sonra teatrlar, kinoteatrlar və bəzi digər istirahət yerləri işləməyə başlayıb.
İndiyə qədər ölkədə xüsusi karantin rejimi davam edir. Qapalı məkanlara ancaq tibbi maskalarla və COVIR-pasportla girmək olar, ictimai-iaşə müəssisələri 00:00-a qədər işləyir, yalnız müəyyən edilmiş qaydalara əməl etməklə (iştirakçılar 150 nəfərdən çox olmamalı, girişdə COVID-pasport kontrolu aparılmalıdır) toy etmək olar. Yas mərasimləri qadağandır.
Fevralın 15-dən Azərbaycanda qapalı məkanlara ancaq vaksinin üçüncü – buster dozasını vurduranlar buraxılacaqlar. Həmçinin iki doza peyvənd vurduranların COVID-pasportu 6 aya qədər qüvvədə olacaq.
Karantin müddəti iki dəfə azaldılıb
2022-ci il yanvarın 24-dən Nazirlər Kabinetinin qərarı ilə COVID-19 infeksiyasına yoluxanların karantin müddəti 14 gündən 7 günə endirilib. Bu qayda həm yeni, həm də cari həftənin əvvəlinə qədər aşkarlanan yoluxma hallarına şamil edilir.
Bakı şəhəri Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirovun sözlərinə görə, bir çox ölkələr karantin müddətini azaldıb:
“Sonuncu tədqiqatlar göstərir ki, xəstəliyin inkubasiya və yoluxma dövrü 6-7 gün təşkil edir. Bu dövrdən sonra xəstə digərlərini yoluxdurmur”.
Sədirov əlavə edib ki, karantin müddəti ilə bağlı yeni qərarın səbəbi sürətlə yayılan, amma nisbətən daha rahat keçən “omikron” ştammının yayılması ilə bağlıdır.
Qafqaz ölkələrində koronavirusa yoluxma hallarının dinamikası ilə burada tanış olmaq mümkündür.
Azərbaycanda vaksinasiya
Azərbaycanda ölkə vətəndaşları dörd cür vaksindən istifadə edə bilər – Sinovac (Çin), Sputnik V (Rusiya), AstraZeneca (Cənubi Korüya) və Pfizer (ABŞ-Almaniya).
Yanvarın 25-ə olan rəsmi məlumata əsasən, ölkədə mövcud olan peyvəndlərdən birinin iki dozasını vurduranlar əhalinin 47,3 faizini, ancaq bir dozasını vurduranlar isə 52,2 faizini təşkil edir.
Azərbaycan əhalisinin 18,9 faizi peyvəndin üçüncü, buster dozasını vurdurub.