Azərbaycanın Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verib. Məlumatda qeyd olunur ki, beynəlxalq təşkilatların Pfizer vaksininə münasibətdə rəsmi icazələri nəzərə alınaraq belə bir qərar verilib. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq ediləcək.
Azərbaycanın Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların COVID-19 infeksiyasına qarşı vaksinasiyasına icazə verildiyi haqda bəyanatla çıxış edib.
“Epidemioloji vəziyyəti, o cümlədən də Pfizer vaksininə münasibətdə Dərman Vasitələri üzrə Avropa Agentliyinin (EMA) və Amerika Ərzaq və Dərmanlara Nəzarət Agentliyinin (FDA) icazələrini nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib:
Müvafiq tibbi göstəriş və hər iki valideynin icazəsi əsasında 12-15 yaşlı uşaqlara mRNT Pfizer (“Comirnaty”) vaksininin vurulmasına icazə verilir;
12-15 yaşlı uşaqların vaksinasiyası mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində keçiriləcək”, – qurumun bəyanatında deyilir.
Azərbaycan, Ermənistan və Gürcüstanda COVID-19 infeksiyasının yayılması üzrə operativ vəziyyətlə burada tanış ola bilərsiz.
Azərbaycanda vaksinasiya
Hazırda Azərbaycanda dörd növ peyvəndlə – SinoVac, Pfizer, Sputnik V və AstraZeneca vaksinasiyadan keçmək mümkündür. AstraZeneca peyvəndini ancaq 60 yaşdan yuxarı insanlar vurdura bilər.
2021-ci il oktyabrın 4-ə olan rəsmi məlumata görə, ölkə əhalisinin 48,1 faizi vaksinin bir dozasını vurdurub. Koronavirusa qarşı vaksinin hər iki dozasını alanlar isə əhalinin 39,3 faizini təşkil edir.
2021-ci il oktyabrın 1-dən bütün Azərbaycan ərazisində qapalı məkanlarda yerləşən müəssisələrə yalnız vaksinin hər iki dozası vurulan vətəndaşlar buraxılır. Bu qaydaları pozan vətəndaşlar və məkan sahibləri böyük məbləğdə cərimələrlə cəzalanırlar.