Şərh: Niyə boşanma çox zaman ən doğru çıxış yoludur, xüsusən Azərbaycanda?
Hamısı telefona zillənib oturub. Bu telefonlar ziyandan başqa bir işə yaramır. Hər tərəf gözü zəif görənlər və boşananlar. Neçə evliliyin axırına çıxıb telefonlar! Axı əvvəllər də xəyanətlər olurdu, amma nə olsun ki? Bütün bu telefonlar, kompüterlər yox idi, heç nə ortaya tökülmürdü, ailələr də dağılmırdı!
Avtobusdakı qadın elə ürəkdən şikayətlənir ki, onun riyakarlığı adama sadəlövhcə, hətta təsirli gəlir.
Bir tanışımsa, əksinə, kiminsə işdən çıxdığını, ya da boşandığını eşidəndə çox sevinir. Ona görə yox ki, qəddar, paxıl və rəzildir, ona görə ki, əmindir: boşanma və işdən çıxarılma yeni başlanğıclara işarədir.
Mübahisəli olsa da, məsələyə nikbin baxışdır. Hərçənd artıq bir neçə ildir ki, Azərbaycanda boşanmaların artması ilə bağlı həyəcan təbili çalanlar bu baxışla qətiyyən razı deyillər.
• Azərbaycanda boşanma: uşaqları necə qorumalı?
• Azərbaycanda sosial şəbəkələr ətrafında mübahisə
Niyə onların sayı artıb?
Bu mövzunu daha çox KİV-də, televiziyada, sosial şəbəkələrdə, “mətbəx”lərdə müzakirə edirlər. Hər kəs ağızdolusu danışır və əlbəttə ki, günahkar axtarır.
Bəziləri hesab edir ki, əsas səbəbkar bərbad maddi vəziyyətdir. Necə deyərlər, sevgi qayıqları bank kreditlərinin və elektirk hesablarının sualtı qayalarına çırpılıb çiliklənir.
Digərlərinin fikrincə, məsələ mənəvi dəyərlərin məhv olmasındadı. Yenə bu “Geyropa” cavanlarımızı haqq yolundan sapdırır!
Hə, bir də avtobusdakı xalanın şikayətləndiyi texniki tərəqqi. Üstəlik telefonların xəyanətdə günah payının sınığı aşkarlayan rentgenin bu sınığın meydana gəlməsindəki payına bərabər olması da böyük əhəmiyət kəsb etmir.
Əlbəttə, boşanma mahiyyət etibarilə yaxşı şey deyil.
Amma Azərbaycan misalında şər deməsən, xeyir gəlməz.
Çünki bu, ilk növbədə insanların azacıq da olsa azad olmasından xəbər verir. Onlar birdən anlayıblar ki, BELƏ DƏ MÜMKÜNDÜR. Nikah haqqında şəhadətnaməni məhkəmənin kəsdiyi iki nəfərlik kamerada ömürlük cəza hökmü kimi qəbul etmək əvəzinə, boşanıb həyatına davam edə bilərsən.
Ər evindən ancaq kəfənlə
On, otuz, ya da əlli il əvvəl Azərbaycanda boşanma sayı az idi, amma ona görə yox ki, adamlar daha zəngin yaşayırdı, bir-birini daha yaxşı anlayırdı, ya da smartfonları yox idi. Sadəcə o vaxt boşanmaq xoş deyildi. Bu, ən ifrat addım sayılırdı və o addımı yalnız bütün yerdə qalan variantları sınaqdan keçirdikdən, – bura ərinin məşuqəsini öldürmək də daxildi, – sonra ata bilərdin. Qadın üçün boşanmaq böyük rüsvayçılıq və gələcəyinin üzərindən qalın çarpaz xətt çəkilməsi demək idi. Hesab edilirdi ki, “ərinin evinə ağ gəlinliklə girən qadın ordan ancaq ağ kəfəndə çıxa bilər”. Yəni üzü qibləyə. Belə vəziyyətdə o, əlbəttə ki, hər şeyə, hətta hər gün döyülməyə də dözürdü. Elə bir çox kişilər də əclaf kimi ad çıxarmaq, övladlarını rüsvay etmək, valideynlərini infarkt vəziyyətinə çatdırmaq və s. istəmədikləri üçün boşanmaqdan çəkinirdi.
Və budur, azərbaycanlıların təfəkküründə nəsə dəyişib – bir şeymi qımıldayıb, təkamülmü öz işini görür, nə qədər qarşı çıxsalar da… Amma deyəsən, boşanma onlara daha fəlakət və müsibət kimi görünmür.
Yanğın çıxışı
Hə, kədərlidir. Hə, xoş deyil. Bir də axı hər şey elə yaxşı başlamışdı ki. Amma dünyanın axırı da deyil. Bunun da öhdəsindən gəlmək olar. “İlk kündə küt düşər” deyimini arxada buraxıb, artıq “xarab çıxan mal” sayılmadan ikinci dəfə ərə getmək də olar. Arvadınla ayrıla, bununla belə onun gələcəyini zəhərlədiyinə görə cəhənnəm odunda əlavə milyon il yanacağından çəkinməyə bilərsən. Hətta birdən bir-birinizin qanını kifayət qədər içmədiyinizi düşünsəniz, eyni insanla yenidən bir araya gələ də bilərsiz.
Çəhrayı eynəyi çıxarıb həqiqətin gözünün içinə düz baxası olsaq etiraf etmək lazımdır ki, boşanma sivilizasiyanın əla nailiyyətidir. Və illər boyu ona qoyulan qadağa əlavə problemdən savayı heç nə gətirməyib. Təhlükəsizlik qaydalarına görə, istənilən binada mütləq yanğın çıxışı olmalıdır. Bu heç də o demək deyil ki, bina mütləq bir gün yanacaq. Mümkündür ki, bina üç yüz il ömür sürsün. Amma yanğın çıxışı olmalıdır. Və razılaşın ki, boşanmaların yüksək statistikası məişət zəminində qətllərin yüksək statistikasından qat-qat yaxşıdır.
Uzun sözün qısası, deyəsən, boşanmağı yavaş-yavaş öyrənirik.
İndi qalır adam kimi evlənmək.
Yeri gəlmişkən, o zaman güman ki boşanmaların da sayı azalar.