Azərbaycanın Pirr qələbəsi
Bir il əvvəl, 2016-cı ilin aprelin 2-də Qarabağda “dördgünlük müharibə” başlandı. Oxucuların diqqətinə 2016-cı ilin aprelin 11-də, hərbi əməliyyatların saxlanıldığından dərhal sonra dərc olunmuş məqaləni təqdim edirik.
Yaxşı bir rus məsəli var: “ağlına nəsə gələndə, xaç çevirmək lazımdır”. Bəs xaç çevirməyi bacarmayan ateist neynəsin? Oturub, məqalə yazsın. Amma belə düşünürəm ki, bu dəfə müəllifə pomidor deyil, daha ağır nələrsə atacaqlar.
Oxuculardan bütün burada yazılanları mənfur iftira kimi qəbul etməyi xahiş edirəm. Əvvəlcədən xəbərdarlıq edirəm ki, əlimdə heç bir dəlil-sübutum yoxdur, bütün gəldiyim nəticələr ancaq düşüncələrimin məhsuludur. Sovet dönəmində “Pravda” qəzetində əla bir “Qoca deyingənin guşəsi” varıydı. Bax, mən də bir az həmin deyingən rolunu oynamaq istəyirəm.
Azərbaycanda eyforiya yaşanır. Nəhayət bu, baş verdi, 22 il sonra ordumuz doğma torpağın kiçik bir parçasını da olsa, azad edə bildi. Eşq olsun ona. Haqq yolunda qanlarını tökən qəhrəmanlara eşq olsun. Gənclərin qeyri-mütəşəkkil (bəlkə də yox?) nümayişləri keçirilir, Bakı küçələrində bayraqlarla bəzədilmiş maşınlar görünür, insanlar bir-birini təbrik edir. Bunların hamısı gözəldir. Populyar telekanal cihada çağıran mahnı yayımlayır (bax, bu artıq gözəl deyil).
Mənimsə hələ də cavabını tapmadığım suallarım qalır. Cavabını da özümdən uydurmalı olacam.
1. Niyə məhz indi?
Mayın 5-də atəşkəsin elan olunması haqqında Bişkek protokolunun imzalanmasından 22 il keçir. Bu dövr ərzində heç vaxt cəbhədə vəziyyət bu qədər gərgin olmayıb. Hə, bəzən hətta ağır insidentlər də baş verirdi. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, atəşkəs dövründə iki minə yaxın Azərbaycan vətəndaşı həlak olub
Amma belə ciddi insident olmayıb. Hətta 2014-cü il noyabrın 20-də vurulan erməni hərbi vertolyotu və həmin ilin avqust ayında erməni qrupunun həmləsi düşmən tərəflərin cəmiyyətlərini indiki kimi ayağa qaldırmadı.
Bəs indi nə dəyişdi? Ardıcıllıqla xatırlayırıq:
[yes_list]
- Rusiya Krımı ilhaq etdi, Ukraynanın Şərqinə soxuldu.
- Neftin qiyməti kəskin düşdü. İlham Əliyevin dediyi kimi, “Gəlirlərimiz kəskin şəkildə azaldı”.
- Azərbaycanın milli valyutası il ərzində iki devalvasiya yaşadı və iki dəfə ucuzlaşdı.
- Rusiya qoşunlarını Suriyadan çıxardı və onları yerləşdirməyə yer axtarır.
- Azərbaycanın regionlarında sosial tələbli etiraz aksiyaları keçirildi.
[/yes_list]
Bu səbəblərdən hər biri ayrı-ayrılıqda hələ müharibə üçün əsas deyil. Amma onlar birlikdə rezonansa bənzər bir şey yarada bilərdi ki, siyasi texnoloqlarda da bir müddətlik cəmiyyətin fikrini vacib problemlərdən yayındırmaq ideyası yaransın. Bir vaxtlar Rusiya imperiyasının daxili işlər naziri Vyaçeslav Plevenin dediyi kimi: “İnqilabın qarşısını almaq üçün bizə kiçik qalibiyyətli müharibə lazımdır” (KQM). Həmin müharibədə (rus-yapon) Rusiya məğlub oldu. Elə Suriyadakı yeni fırıldaqda olduğu kimi.
Azərbaycan üçün KQM elə kiçik qələbə ilə də nəticələndi. Amma baha başa gəldi. Rəsmi məlumatlara görə, 30-dan çox əsgər və dinc sakinlər həlak olub, müxalifət mətbuatı isə ölənlərin 90-dan çox olduğunu yazır (özü də ad və soyadlarını göstərirlər).
Dörd günlük hərbi əməliyyatlar zamanı hərbi ekspert Cəsur Sümərənlinin hesablamalarına görə, biz 25 milyon manat həcmində maddi ziyan çəkdik. Erməni şərhçiləri qeyd olunan rəqəmin əməlli-başlı azaldıldığını hesab edirlər.
Qarşıya qoyulan məqsədə nail olunubmu? Bu, hansı məqsədin qoyulmasından asılıdır. Azərbaycan ordusu işdə erməni tərəfinin çox öyündüyü müdafiə istehkamlarını müasir hərbi texnikanın köməyiylə qırmağın çox asan olduğunu sübut etdi. Qarabağın erməni əhalisi ciddi narahatlıq yaşadı və zahiri ötkəmliyə baxmayaraq, ikinci dəfə belə sınaqdan keçməyi açıq-aşkar istəmir. İçində bir az ümid yaranan Azərbaycan əhalisi birləşdi. Bu mənada qoyulan məqsədə nail olunub.
Keçək ikinci məsələyə.
2. Bəs sonra nə olacaq?
Burada məqalənin nikbin hissəsi sona çatır və keçirik qorxulu hekayələrə. Yenə də son dövrlərin hadisələrini yada salaq: Rusiya ilə yaxınlaşma, Qərb yönlü fəalların həbsi, müstəqil QHT və KİV-lərin bağlanması, dövlət televiziyasında Qərb əleyhinə verilişlər və s.
Rusiya çoxdandır ki, Azərbaycanı öz yeni imperiya layihələrinə çəkməyə çalışır. Ermənistan artıq çoxdandır ki, bu layihələrdədir, indi Rusiyaya Azərbaycan daha maraqlıdır. Bəs ən yaxşı rıçaq hansıdır? Qarabağ. Bəlkə ona görə cəbhədə vaxtaşırı olaraq təxribatlar törədilir? Axı ermənilərə yeni müharibə lazım deyil, onlar onsuz da qonşu ölkənin yeddidə bir hissəsinə nəzarət edirlər. Bu cür təxribatlarla Rusiya özünün erməni əlatıları vasitəsiylə Azərbaycanın niyyətlərini öyrənə bilərdi. Bu zaman da Əliyevin ABŞ-a səfəri və Qərbə tərəf reverans baş verdi.
İkinci versiya: Rusiya “sülhməramlı” qoşunları yeritmək istəyir. Əlbəttə, o bunu 1994-cü ildən istəyir, amma Allaha şükür ki, bizim hakimiyyət Rusiya qoşunlarının yeridilməsinin Qarabağın birdəfəlik itirilməsi demək olduğunu anlayır. Elə cəmiyyət də belə bir güzəştə hazır deyil. İndi mənə elə gəlir ki (bacardığım kimi, xaç çevirdim) gündəmdə Rusiyanın vasitəçilik missiyasıdır. Azərbaycana DQ-a aralıq statusunun verilməsi və Rusiya qoşunlarının yeridilməsi əvəzində beş rayonun qaytarılması. Amma buna ictimai fikri tək Azərbaycanda deyil, Ermənistanda da hazırlamaq lazımdır, bu qərar onlar üçün də acı olacaq. Buna görə də ikinci məqsəd, ola bilsin, Ermənistana kiçik dərs keçməkdir.
Daha bir şeyi yada salaq. Qısa müddət ərzində Bakıya heç vaxt Azərbaycana xüsusi sevgi bəsləməyən Jirinovski, Roqozin və Kiselyov gəldilər. Hamısı da bir ağızdan bizim tolerantlığımızı tərifləyirdilər (o da bizdə də, ermənilərdə də, elə yeri gəlmişkən, gürcülərdə də yox səviyyəsindədir). Planlaşdırılmış Lavrov və planlaşdırılmamış Medvedev. Və bizimkilər də dərhal hücumu dayandırır. Bir tərəfdən əlbəttə ki, insanların həlak olmayacağı yaxşıdır. Marşal Jukova onun bircə “qadınlar yenə doğacaq” ifadəsinə görə nifrət edirəm. İsraildən nümunə götürmək lazımdır – onlar əsgərlərinin həyatına qiymət qoyurlar. Amma başqa bir tərəfdən yenə də sual yaranır: bəs oğlanlar nəyə görə öldü? Bu cür qələbə bu qurbanlara dəyərdimi? Mən belə düşünmürəm.
Belə bir yunan sərkərdəsi olub – Pirr. O romalılarla “KQM”nə girdi, üç gün döyüşdü və qələbə çaldı. İtkiləri hesablayandan sonra isə dedi: “Bir dənə də belə qələbədən sonra mən ordusuz qalacam”. Əlbəttə, bizim itkilərimiz onunkundan azdır. Amma yenə də mənə elə gəlir ki, bu qələbə Azərbaycan üçün Pirr qələbəsi oldu.